
elman Ağamoğlan oğlu Məmmədov Bakının Bülbülə qəsəbəsində dünyaya göz açıb. Anasının şirin laylalarından qəlbinə Vətən məhəbbəti hopub. Orta məktəbi bitirdikdən sonra Bakı Metropolitenində əmək fəaliyyətinə başlayıb. Qısa müddət ərzində yoldaşlarının rəğbətini qazanmağa müvəffəq olub. O, xasiyyətcə sakit təbiətli idi. Lakin cəbhədən, Qarabağdan söz düşəndə onu tanımaq olmurdu. Əllərilə başını tutub xəyala dalırdı.
1993-cü ilin payızında cəbhədə vəziyyət gərginləşmişdi. Kəndlərimiz, qəsəbələrimiz od içində idi. Bu həyəcanlı günlərdə ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən sonra Bakı Metropolitenində könüllü bölük yarandı. 67 nəfər könüllü olaraq Vətənin müdafiəsinə yollandı. Onların arasında Telman Məmmədov da vardı. Bakı Metropoliteninin bölüyü Füzuli rayonu ərazisində gedən qanlı döyüşlərdə iştirak edirdi. Artıq bölük bərkdən-boşdan çıxır, döyüş təcrübəsi qazanırdı. Bölükdə cəsur döyüşçülərdən danışılanda onların sırasında Telman Məmmədovun da adı çəkilirdi. O, qorxmadan düşmən səngərlərinə doğru atılırdı. Tale ona böyük ürək bəxş etmişdi. Bu ürəkdə Vətən adlı müqəddəs bir səcdəgaha əvəzsiz yer ayrılmışdı. Telman Məmmədovun Vətənə, millətə olan bağlılığını ölümdən başqa heç nə, heç bir qüvvə qıra bilməzdi. Yalnız ölümün gücü buna çatırdı. Beləcə, 1994-cü ilin yanvar ayının 13-də Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndində gedən döyüşlərdə Telman Məmmədovun Vətən, millət, xalq üçün döyünən ürəyinin çırpıntıları vaxtsız-vədəsiz kəsildi. Yuxarı Seyidəhmədli kəndi uğrunda döyüşlərdə onun igidliyi bir daha özünü göstərdi. Bölükdən aralanıb bir qrup döyüşçü ilə düşmənlərə qarşı qeyri-bərabər döyüşə atıldı. Bu vuruşmada yerdə onlarla erməninin cəsədi qaldı. Telman Məmmədov isə onunla çiyin-çiyinə irəliyə doğru can atan qorxmaz döyüşçü yoldaşı ilə birlikdə düşmən mərmisinin qəlpələrindən ağır yaralandı. Və beləliklə də Telman Məmmədov Vətəni, milləti, xalqı uğrunda canını qurban verib şəhidlik zirvəsinə ucaldı. Hazırda onun bir yadigar oğlu - Emil Məmmədov qalıb. O da atası kimi Vətənini sevən, onun uğrunda qan tökməyə, can verməyə hazır olan oğullardandır. Lakin əfsuslar olsun ki, bu gün şəhid Telman Məmmədovun yeganə oğlu Emil Məmmədov məhbus həyatı yaşamaqdadır... Ötən sayımızda şəhidin həyat yoldaşı, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 3, ev 7-də yaşayan Südabə Yunus qızı Məmmədova oğlu Emil Telman oğlu Məmmədovun həbs olunma səbəblərindən danışmışdı. Qeyd edək ki, 1994-cü il yanvarın 3-də dünyaya gəlmiş və 2012-ci il yanvarın 1-də könüllü əsgərliyə yollanan Emil Məmmədov atasının şəhid düşdüyü Füzuli rayonunda hərbi xidmət keçib. Bir müddət sonra şəhid övladı özündən qabaq hərbi xidmətdə olan əsgər yoldaşı Nurlan Etibar oğlu Babayevlə mübahisə edib və bu zaman 3 barmağını itirib. Oğlunun buna görə istintaqa cəlb olunduğunu qeyd edən Südabə Məmmədova işin istintaqını müstəntiq Amid Verdiyevin apardığını bildirib. Müstəntiq isə nədənsə bütün günahı şəhid övladının üzərinə yıxıb və nəticədə Füzuli Rayon Hərbi Məhkəməsi Emil Məmmədova 8 il 2 ay həbs cəzası verib. Halbuki o, Nurlan Babayevin söydüyü və təhqir etdiyi, üzünü belə, görmədiyi şəhid atasının ruhunu müdafiə edib. Lakin nə müstəntiq, nə də ki, Füzuli Rayon Hərbi Məhkəməsi buna əhəmiyyət verməyib. Unutmaq lazım deyil ki, milli və dini mənsubiyyətindən, irqindən, dilindən, cinsindən, hətta tutduğu vəzifəsindən asılı olmayaraq heç kimin Vətən, millət, xalq üçün canını qurban vermiş şəhidlərimizi təhqir etməyə, onların ruhunu alçaltmağa ixtiyarı yoxdur. Şəhidlərimizi təhqir edən şəxslərin özləri ən alçaldıcı, ən iyrənc ifadələrə, həmçinin ən ağır cəzaya layiqdirlər!
Məlumat üçün bildirək ki, Südabə Məmmədova Füzuli Rayon Hərbi Məhkəməsinin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət verdikdən sonra oğlunun cəzası 1 il 1 ay azaldıldı. Lakin o, bunun da oğlu üçün ağır cəza olduğunu qeyd edir. Buna görə də 6 mart 2014-cü il tarixdə saat 11:00-da Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyilə Emil Məmmədovun işinə baxılacaq. Odur ki, qəzetimiz vasitəsilə ölkə başçısına, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova müraciət edən şəhid Telman Məmmədovun həyat yoldaşı oğlunun işinin yüngülləşdirilməsində köməklik göstərmələrini xahiş edir. Ümid edirik ki, Vətənini, millətini, xalqını sevən heç kəs şəhid ailəsinin fəryadına biganə qalmayacaq. \\ В«Gündəlik BakıВ» \\








