
Xəzər Rayon İcra Hakimiyyəti təsərrüfat şöbəsinin müdiri İmran Qəmbərovun uzun illərdir dövləti aldadaraq saxta ali təhsil diplomu ilə vəzifə aldığı, bununla da dövlət qulluqçusu kimi dövlət statusundan sui-istifadə etdiyi, nəhayət, dövlət büdcəsinə külli miqdarda ziyan vurduğu üzə çıxdı...
“Təzadlar”ın ötən ilin dekabr saylarında Buzovna sakinlərindən bir qrupunun Bakının ən qədim yaşayış məskənlərindən və qəsəbələrindən birinin bu günkü vəziyyətinə dair ürək ağrısı ilə qələmə aldıqları müraciəti dərc olunmuşdu... Həmin müraciətdə diqqəti çəkən məqamlardan biri də Buzovna qəsəbəsinin səlahiyyət sahiblərindən biri, uzun illər burada MİS rəisi, əslində isə, qəsəbənin “padşahı” olmuş İmran Qəmbərovun mövcud problemlərə açıq şəkildə göz yumması idi. Şikayətçilərin yazdıqlarından məlum olurdu ki, qəsəbədaxili küçələrdəki əksər dükanlar Xəzər RİH-ə yeni vəzifəyə təyinat almış Buzovna qəsəbəsi 1 saylı Xüsusi təyinatlı MKTB-nin 111 saylı MİS-nin rəisi, 14 saylı DSK-nın sədri İmran Qəmbərova məxsusdur... “İmran Qəmbərov öz dükan-bazarlarna göstərdiyi diqqət və qayğının bircə faizini sadə vətəndaşların kommunal problemlərinə göstərsəydi, vəziyyət bu həddə çatmazdı...”, deyə şikayətçilərin dövlət başçısına müraciətində vurğulanırdı.
Nəhayət, həmin dövrdə vətəndaşların çoxsaylı şikayətlərində bir daha vurğulanırdı ki, qəsəbədə illər boyu özünə ticarət obyektləri tikməklə məşğul olmuş İmran Qəmbərov gözlənilmədiyi halda, birdən-birə Xəzər RİH-nin gənc, iş təcrübəsi diqqəti çəkən təsərrüfat şöbəsinin keçmiş müdiri Ələkbər Aslanovun yerinə təyin edildi. Və sakinləri həm də narahat edən bu idi ki, “İmran Qəmbərovun ali təhsili yoxdur, şübhəli Ali təhsil diplomundan istifadə edir, onu dövlət qulluğu olan RİH-nin təsərrüfat şöbəsinə necə təyin ediblər?” və sair.
Rəis mövqe bildirməkdən boyun qaçırmaqda, telefona cavab verməməkdə israrlı idi, amma...
Biz həmin vaxt məsələyə dair araşdımalara qərar verdik və əvvəlcə ali təhsil diplomu şübhəli olduğu deyilən İmran Qəmbərovla telefonda danışdıq. Əməkdaşımızı iş yerinə dəvət edən İ.Qəmbərov onu 4 saat gözlədəndən sonra görüşdən imtina etmişdi. Bu da təbii idi. Çünki deməyə sözü, göstərməyə sübutu olsaydı, belə etməzdi... Və biz də məsələyə qanun çərçivəsində, səbrlə yanaşmaq qərarını verdik. Beləliklə, həm Təhsil Nazirliyi ilə, həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqə saxladıq, rəsmi sorğu göndərdik. Sorğuda Şamaxı rayonunun Aşağı Çaylar kəndində anadan olmuş İmran Qəmbərovun ali təhsil müəssisələrinə test yolu ilə (yəni qanuni yolla) qəbul olunub-olunmaması soruşulurdu.
Aidiyyəti dövlət qurumları da məsələyə olduqca ciddi yanaşdılar və biz təkcə TQDK-ya iki dəfə, bəzi informasiyaları əlavə edib dəqiqləşdirməklə təkrar sorğu göndərdik. Bu da hamını şoka salacaq rəsmi cavab:
“Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
06 fevral 2014-cü il, 03-154 saylı rəsmi məktub
“Təzadlar” qəzeti redaksiyasına!
Sizin TQDK-ya ünvanlanmış təkrar sorğunuza cavab olaraq bildiririk ki, Qəmbərov İmran Abbas oğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1992-ci ildən etibarən keçirilən qəbul imtahanları nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına qəbul olmamışdır.
Hörmətlə,
Nərminə Bayramova, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Aparatının rəhbəri”.
***
Bəli, biz peşə borcumuzu sonadək qanunlarımızın bütün şərtlərini gözləməklə yerinə yetirdik, səbrlə araşdırmamızı davam etdirdik, vaxt itkisinə belə dözdük. Amma İ.Qəmbərov jurnalistin sorğusuna cavab verməkdə dözümlü olmadı.
Biz həm də kiçik bir araşdırma apardıq. Məlum olur ki, uzun illərdir Ali təhsil diplomu saxta olan bir şəxs rayonda məsul vəzifə tutur, son ana qədər RİH başçısı, hacı Gülağa İslamovun etibarından sui-istifadə edir, ona yalnış, saxta sənəd təqdim edərək vəzifə tutmağa nail olur, həmçinin digər dövlət orqanlarını aldadır.
Atalar yaxşı deyib: yalan ayaq tutdu, amma yerimədi. Sonadək məlum məsələyə dair mövqeyini açıqlamayan İ.Qəmbərovun yalanları ayaq tutsa da, sona kimi yeriyə bilmədi. Elə bu yolla qazanılmış ticarət obyektlərinin aqibəti də şübhəsiz ki, elə olmalıdır.
Bu da Buzovna sakinlərinin bizə təqdim etdiyi, yerində tərəfimizdən dəqiqləşdirilmiş və İmran Qəmbərova məxsus olduğu söylənilən mülklərin siyahısı:
- Buzovna-Maştağa yolunun sol tərəfində, “Retro” restoranının arxasında 3 həyətyanı torpaq sahəsi, ikimərtəbəli evlər;
- Buzovna-Maştağa yolunda Avtobus Parkının arxasında 50 sot torpaq sahəsi (Dövlət fonduna aid torpaqlardır, saxta sənədlərlə zəbt olunub ələ keçirilib);
- Albalı massivində bağ evi-24 sot;
- 111 saylı MİS-in ərazisində 9 mərtəbəli binanın 16 ədəd ev (kimsəsiz və tənha insanların evləridir, ələ keçirib);
- Nəsimi rayonu ərazisində göydələnlərdə 10 ədəd mənzil;
- Qurqan qəsəbəsində 8 ədəd torpaq sahəsi (qəsəbə bələdiyyəsindən MSK sədri M.Pənahovun adına alıb);
- Buzovna-Maştağa yolunun sol tərəfində “Retro” restoranının yanında 4 min kvm. sahəsi olan ticarət obyekti (yaşıllıq zolağını kəsib yerində tikib. Həmin yeri 34 yerə bölüb icarəyə verib, hər biri ayı 500 manata. Vergidən yayınmaqla iş görür. Həmin obyektlərin sənədləri saxtadır, qanunsuzdur. Heç biri Bakı şəhər İH ilə razılaşdırılmayıb);
- Buzovnada 9 mərtəbənin həyətində, 111 saylı MİS-in arasında 900 kvm. “İlham-rınok”, foto, topaz, kafe, xeyir-şər yeri, 250 kvm. qadın salonu, hədiyyələr salonu, ikimərtəbəli “Xəzər” şadlıq evi... Bunların da sənədi yoxdur. Yoxlama gələndə həyat yoldaşının adına olan “İlham-Market”in sənədini göstərir;
- “Xəzər” Şadlıq Evinin 2 mərtəbəli restoran tikilir. “Təzadlar” yazandan sonra FHN və Bakı şəhər İH əməkdaşları tərəfindən tikintisi yarımçıq saxlanılıb;
- “Xəzər” şadlıq evinin ətrafında 1200 kvm. sahəsi olan obyektlər icarəyə verilib.
- 20 ədəd qaraj icarəyə verilib-ayı 250 manatdan;
- 9 mərtəbəli binanın üstünə 6 ədəd qanunsuz olaraq Azərcell və Bakcell, Nar antennaları quraşdırıb, hər birindən ildə 2500 manat icarə haqqı alır;
- 111 saylı MİS-in binasını 2007-ci ildə 220 manata satıb. Bina Şahbazın adına sənədləşdirilib və s.
Sənədlər Xəzər rayon Prokurorluğuna göndərildi...
Biz araşdırmamızı daha da dərinləşdirmək üçün həm də hələlik məzmununu açıqlamaq istəmədiyimiz bəzi sənədləri Baş Prokurorluğa, həmçinin aidiyyəti üzrə Xəzər rayon Prokurorluğuna göndərdik. Rayon prokuroru F.Ələsgərova ünvanlı sorğu məktubunda deyilir:
“Çox hörmətli Fəxri müəllim!
Ölkə Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində kəskin mübarizə aparılması barədə sərt çıxışlarına rəğmən, redaksiya olaraq aparılmış jurnalist araşdırmaları ilə toplanmış materiallar hüquqi müstəvidə tədbir görülməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına, o cümlədən prokurorluğa təqdim olunur.
Beləliklə, bir müddət əvvəl Xəzər rayonundan daxil olmuş şikayət məktublarının birində Xəzər RİH-nin təsərrüfat şöbəsinin müdiri təyin olunmuş Qəmbərov İmran Abbas oğlunun ali təhsil diplomunun saxta olması və digər məsələlər barədə məlumatlar yer almışdı. Tərəfimizdən aparılmış araşdırmalar zamanı İ.Qəmbərovun ali təhsil diplomunun saxtalığına şübhələr olduğundan aidiyyəti dövlət qurumlarına şifahi və yazılı sorğular verilmiş, müvafiq bilgilər əldə olunmuşdur.
Nəhayət, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından redaksiyaya verilən rəsmi cavabından məlum olur ki, İ.Qəmbərovun ali təhsil sənədi (diplom) yoxdur, qanunsuz yolla əldə edilmişdir. Lakin sual olunur ki, bəs o, əvvəlki vəzifələrində (MİS rəisi, Dairə Seçki Komissiyasının sədri və s.) və sonuncu iş yeri olan Xəzər RİH-nin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə necə irəli çəkilmiş, təyin olunmuşdur? Axı “Dövlət qulluğu haqqında” mövcud Əsasnamədə və qanunvericilik aktlarında birmənalı olaraq qeyd olunur ki, dövlət qulluğuna təyin edilən şəxslərin Ali təhsili olmalıdır və s.
Odur ki, yuxarıdakıları nəzərə alaraq TQDK-dan sorğumuza rəsmi cavabı (03-154, 06.02.2014-cü il tarixli) Sizə göndərir, aidiyyəti dövlət orqanlarına saxta sənəd təqdim edərək vəzifə tutmağa nail olmuş İ.Qəmbərovun barəsində müvafiq hüquqi tədbirlərin görülməsi və nəticəsi barədə redaksiyaya məlumat verməyinizi xahiş edirik”.
***
Xatırladırıq ki, müvafiq sənədlər həm də dünən rəsmi poçt vasitəsilə Xəzər rayon İcra Hakimiyyətinin başçısı, cənab G.İslamova göndərilmişdir. İnanırıq ki, cənab G.İslamov etibarından sui-istifadə etmiş şəxs barədə müvafiq qərar qəbul edəcəkdir.
-Bəs İmran Abbas oğlu Qəmbərov saxta olduğu rəsmi sənədlə təsdiqlənən ali təhsil diplomunu hansı məktəbin direktorunun vasitəsilə alıb???
-İ.Qəmbərov ötən ilin noyabrın 7-də MTN-nin Xəzər rayon şöbəsinə niyə aparılmışdı?
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu








