"Eldar Namazov "taym out" götürüb"
Tarix: 7-11-2015, 14:24 |
Çap et
“Mən uzun müddətdir ki, Eldar Namazovla əlaqə saxlamıram. Amma onunla küsülü deyiləm”. Bunu Modern.az saytına açıqlamasında Milli Şura üzvü Eldəniz Quliyev deyib.
O bildirib ki, Eldar Namazov siyasi mübarizə meydanından çəkilərək “taym out” götürüb.
“O, artıq siyasətdə aktiv deyil. Bu da onun haqqıdır. Axırıncı dəfə onunla hansısa bir yasda görüşmüşdük. Salamlaşdıq, görüşdük. Başqa söhbətimiz olmadı”.
Eldəniz Quliyev onu da əlavə edib ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla isə mütəmadi olaraq əlaqə saxlayır.
Qeyd edək ki, 2013-cü ilin mart ayının 12-də Eldar Namazov “El” Hərəkatını yaratmışdı. Eldəniz Quliyev həmin təşkilatda aparıcı şəxslərdən biri idi.
O, hərəkatın Ali Məclisinin sədri vəzifəsində idi.
Bundan başqa sözügedən hər iki şəxs 2013-cü ilin prezident seçkiləri ərəfəsində Rüstəm İbarahimbəyovun dəstəyi ilə yaradılan Milli Şuranın lokomotivlərinə çevrilmişdilər.
Amma prezident seçkilərindən sonra Eldar Namazov Milli Şuradan istefa verdi və demək olar ki, siyasi proseslərdən kənarda qaldı. Elə bundan bir müddət sonra “El” Hərəkatının də buraxıldığı elan edildi.