`Yenindən hannibalizmə qayıdırlar` - Millət vəkilindən sərt sözlər
Tarix: 15-09-2015, 10:28 |
Çap et
Qalmaqallı “Charlie Hebdo” jurnalı bu dəfə Suriyadan qaçmağa çalışarkən anası və qardaşıyla birgə dənizdə boğulan, cəsədini dalğalar Bodrum yaxınlığında sahilə vurub atan uşağın fotosunu lağa qoyub. Karikaturaların birində suyun üzərində gedən İsa peyğəmbər və başı suda olan uşaq göstərilir.
Şəklin üstündə bu sözlər var: “Xristianlar suyun üzərində gəzirlər, müsəlman uşaqları isə batırlar”. İkinci karikaturada yenə Aylan təsvir olunub və yazılıb: “Məqsədə o qədər yaxınıq ki”. Daha bir yazıda isə “Menyü, birinin qiymətinə iki uşaq” cümləsi əksini tapıb.
Millət vəkili, tanınmış telejurnalist Sahib Alıyev öz facebook profilində buna çox sərt reaksiya verib: “Peyğəmbərimizi ələ salıb yüz milyonlarla insanın inancını təhqir edəndə adını söz azadlığı qoymuşdular. Bunun nə azadlığı olduğu bu dəfəki karikaturalarında açıq-aydın görünür. Deyəsən, yenindən hannibalizmə qayıdırlar. Sonra da Milli Mənəviyyatsızlar Şurasında oturan şərəfsizlər deyirlər ki, qərbdəki bəlli çevrələr bu xalqa canları yandıqları üçün Azərbaycanın üstünə gedirlər. Hər şey ortadadır, istək budur ki, Azərbaycan da Aylanın məmləkətinin gününə düşsün və bizim balalarımız da o üzləşən tale ilə üzləşsin. Çünki müsəlmanıq”.