2 dövlət qurumu ləğv edilir - yeni nazirlik yaradılır
Tarix: 28-01-2016, 09:54 |
Çap et
Yaxın günlərdə Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) eyni qurumda birləşdiriləcək. İstiqlal.az-a daxil olan məlumata görə, adıçəkilən qurumların bazasında Elm və Təhsil Nazirliyi yaradılacaq.
Yeni qurumun rəhbərinin kim olacağı bəlli deyil.
Məlumatlara görə, hakimiyyət daxilində bu layihənin əleyhinə olanlar da var. Təhsil Nazirliyi ilə TQDK-nın birləşməsinin əleyhinə olanlar hesab edir ki, bu layihə təhsil sahəsində korrupsiyanın miqyasını artıra bilər.
Digər tərəfdən bu qurumlar bir-birinə demək olar ki, nəzarət funksiyası yerinə yetirirdi. Yəni qurumlar arasındakı rəqabət onların bir-birlərinin fəaliyyətini diqqətlə izləməyi şərtləndirirdi. Bu qurumlar birləşdiriləndən sonra ortadakı rəqabət və bundan doğan nəzarət funksiyası təbii olaraq aradan qalxacaq ki, bu da təhsil sahəsinə ciddi mənfi təsir göstərə bilər.
Lakin bütün bunlara rəğmən Təhsil Nazirliyi ilə TQDK-nın bir qurumda birləşdirilməsinin tərəfdarı olanlar da var. Onların başında təhsil naziri Mikayıl Cabbarov dayanır. Xüsusilə o, bu layihənin həyata keçməsinə təkid edir.