“BUNUN QANUNİ ƏSASLARI OLUB”
Tarix: 7-10-2011, 16:59 |
Çap et
“BU BARƏDƏ HƏMİN DİNİ QURUM MƏLUMATLANDIRILIB”
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən qeydiyyatından imtina olunmuş 30 dini icmadan 2-si sonradan dövlət qeydiyyatından keçib. Bu barədə APA-ya DQİDK-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmin icmaların qeydiyyata alınmasına səbəb onların qeydiyyatdan imtinaya səbəb olmuş nöqsanları aradan qaldırmasıdır.
DQİDK-dən bildirilib ki, 2009-cu ildən ötən iki il ərzində ayrı-seçkilik, ləngitmə və digər qanunsuzluqlara yol verilmədən 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçib. “Sənədləri qanunvericiliyin tələbinə uyğunlaşdırmaq üçün 191 İslam təmayüllü dini icmanın sənədi Qafqaz Müsəlmanları İdarəsinə geri qaytarılıb” – deyə, məlumatda qeyd edilib.
Komitədən o da bildirilib ki, əvvəllər qeydiyyatdan keçmiş, lakin müxtəlif səbəblərdən yenidən qeydiyyatdan keçməmiş dini icmaların köhnə şəhadətnamələri hüquqi qüvvəsini saxlayıb və onlar hüquqi şəxs statuslarını itirməyiblər: “Hansısa dini qurum qeydiyyatdan keçməyibsə, bunun qanuni əsasları olub və bu barədə həmin dini qurum məlumatlandırılıb”.
Məlumatda o da bildirilib ki, 2001-ci ildən 2009-cu ilin sentyabr ayına kimi, yəni 8 il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 534 dini qurum qeydiyyatdan keçmişdisə, 2009-cu ilin sentyabr ayından 2011-ci ilin sentyabr ayınadək, yəni 2 il ərzində 570 dini qurum qeydiyyata alınıb.