GƏDƏBƏY TƏHSİL ŞÖBƏSİNİN İŞİ TƏFTİŞ OLUNUR
Tarix: 20-08-2013, 13:29 |
Çap et
YOXLAMANIN NƏTİCƏSİNDƏN XƏBƏRDAR OLAN ŞÖBƏ MÜDİRİ VƏZİFƏ TAPIB
DİA.AZ: - Təhsil Naziri Mikayıl Cabbarovun kadr islahatları əyalətlərə də sirayət edə bilər. Bu barədə DİA.AZ-a Gədəbəydən məlumat daxil olub. Xəbəri verən mənbə iddia edir ki, hazırda Gədəbəy rayon təhsil şöbəsi nazirlik tərəfindən yoxlanılır.
Mənbənin söylədikləri: «İllərdir dövrü mətbuatda Gədəbəy rayon təhsil şöbəsinin müdiri Ramiz Məmmədovun əməllərilə bağlı məlumatlar yayılır. Görünür, bunu nəzərə alan gənc nazir rayona təftişedici qrupunu yollayıb. Artıq bir neçə gündür ki, təhsil şöbəsinin fəaliyyəti yoxlanılır və bu yoxlama Ramiz Məmmədovun vəzifəsindən alınması ilə nəticələnəcək».
Mənbə onu da əlavə edib ki, gələn yoxlamanın hansı qərar verəcəyini yaxşı bilən Ramiz Məmmədov indidən əl-ayağa düşüb və özünə yeni vəzifə də tapıb: «Onun qardaşı Gədəbəy maliyyə şöbəsinin müdiri Namiq Məmmədovdur. Ümumiyyətlə, onlar rayonda bir şəbəkə yaradıblar və birgə hərəkət edirlər. Elə buna görə də həmin şəbəkə Ramizi Məmmədovu da vəzifəsiz qoymaq fikrində deyil.
Ramiz Məmmədov özünə növbəti vəzifə yeri kimi rayon mədəniyyət şöbəsini seçib və ora müdir getmək istəyir. Amma onun bu təftişdən necə çıxacağı hələlik məlum deyil. Çünki nazirliyin ekspertlərinin təhsil şöbəsinin fəaliyyətində ciddi nöqsanlar aşkarladığı söylənilir və ola bilsin ki, Ramiz Məmmədova hətta cinayət işi də açılsın».
Qarşı tərəfi də dinləməyə hazırıq.