SAĞ AYAĞIN ŞƏHADƏT BARMAĞINDA SIYRIQ...
Tarix: 9-12-2011, 13:49 |
Çap et
EKSPERTİZADAN GÜKMƏLİ RƏY
“Hicaba azadlıq” aksiyasına görə həbs olunmuş ilahiyyatçı Taleh Bağırovun və Elşən Abbasovun məhkəmə istintaqı yekunlaşıb. Məlumatı “Media forum” saytına vəkil Anar Qasımlı verib.
Vəkilin sözlərinə görə, Nərimanov Rayon Məhkəməsində dekabrın 9-da keçirilən prosesdə zərərçəkən polis leytenantı Rəşid Məhərrəmzadə ilə bağlı bəzi sübutlarını hakimə təqdim edib: “Ekspertizanın rəyinə görə, polis əməkdaşının sağ ayağının şəhadət barmağında sıyrıq var. Polis leytenantı ilkin istintaqa Taleh Bağırovun ona iki yumruq vurduğunu deyib. Keçən prosesdə biz videokadrlara baxmışdıq. Kadrlardan görünürdü ki, aksiya günü Taleh Bağırov qaçan zaman Rəşid Məhərrəmzadə ilə baş-başa dəyməmək üçün əlini qabağa verib. Yəni Taleh Bağırov polisə heç bir müqavimət göstərməyib, ona zərər vurmayıb. Bu gün mən həmin kadrlardan çıxan fotoları hakimə təqdim etdim. Ümid edirəm ki, hakim Taleh Bağırova qarşı irəli sürülən xuliqanlıq ittihamını onun üzərindən götürəcək”.
“Hicaba azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər həbs olunub. Artıq 13 nəfər barəsində məhkəmə qərarı çıxarılıb.
Taleh Bağırov Cinayət Məcəlləsinin 221.2-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə, Elşən Abbasov isə 233-cü maddə ilə ittiham olunur.
Proses dekabrın 16-da dövlət ittihamçısının çıxışı ilə davam edəcək.