"Doğum günlərimi heç vaxt çox böyük və təntənəli qeyd etmirəm. Bu dəfə də həmçinin.. Sadəcə bir neçə yaxın rəfiqəmlə süfrə başında qeyd etdik. Amma gecə saat 12-ni keçən kimi ən-ənəyə sadiq olaraq hər zamankı kimi anam və nənəmlə birlikdə qeyd edirəm. Uşaqlıqda hər zaman ad günlərimi çox böyük təntənə ilə, sevinclə qeyd edərdilər. Artıq böyümüşəm, buna ehtiyac duymuram".
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Hacıbaba Bağırovun qızı Şölə Bağırova deyib.
O daha sonra əlavə edib:
"Atamın mənə çox hədiyyələri olub. Uşaq olduğum üçün atam daha çox hədiyyə alırdı. Demək olar ki, hər gün evə əlində oyuncaqla gəlirdi. Bilirsiniz ki, mən çox erkən yaşlarımda atamı itirmişəm. Bu gün də onun aldığı oyuncaqları saxlayıram. Nə qədər ki, varam həmin oyuncaqları həmişə qoruyacam. Onlar mənim üçün çox əzizdir".
Şölə Bağırova ən böyük arzusundan da danışdı:
"Ən böyük arzum bu günə qədər oxuduqlarımın, çəkdiyim əziyyətlərin nəticəsini görməkdir. Hələ ki, heç bir şey əldə etmədən nəsə söyləmək istəmirəm. Hacettepe Universitetinin siyasi bilimlər, dövlət idarəçiliyi fakültəsini bitirmişəm. Hazırda magistr təhsili alıram. Qismət olarsa hələ bundan sonra da təhsilimi davam etdirmək istəyirəm. Bütün bunlardan sonra təbii ki, Azərbaycana gəlib, dövlət qulluqçusu imtahanı verib, ümidvaram ki, özümə iş tapıb, həyatımı burada davam etdirəcəm", - deyə mərhum sənətkarın qızı Şölə Bağırova deyib.








