"Siyəzənneft NQÇİ-nin Ataçay sahəsində istismar olunan 9MQR tipli porşenli nasosların texniki vəziyyəti ilə bağlı Sizə müraciət edirəm. Hal-hazırda istifadə olunan nasosların istismar müddəti bitmiş, onların yaşı təxminən 80 ilə çatmışdır. Bu səbəbdən avadanlıqların etibarlı və təhlükəsiz işləməsi mümkün deyil...." "DİA-AZ" xəbər verir ki, bunu SOCAR işçisi,
Ataçay sahəsinin maşinisti Əliyev Zamiq
Qüdrət oğlu Siyəzənneft NQÇİ-nin Baş mühəndisi Ceyhun Babayevə ünvanlanmış müraciətində qeyd edib.
Müraciətdə daha sonra deyilir: "Mövcud nasoslardan biri artıq 3 ildən çoxdur ki, təmirə dayandırılıb, lakin bu günə qədər onun bərpası istiqamətində heç bir real tədbir görülməyib.
Digər nasos hazırda birtəhər işlək vəziyyətdə olsa da, ehtiyat nasosun olmaması istehsalat prosesində ciddi risk yaradır. Bildiyiniz kimi, texniki təhlükəsizlik qaydalarına əsasən, belə hallarda ən azı bir nasos ehtiyatda saz vəziyyətdə saxlanılmalıdır. Hazırkı vəziyyətdə isə bütün iş yükü yalnız bir nasosun üzərinə düşür ki, bu da qəza və fasilə riskini artırır. Nasosların ikisin də hidravlik sistemində dəliklər var dəlikləri fərqli yollarla tutaraq nasos işlətmirlər təmirə dayanan nasosun klapan krişkasını məftillə bağlamışıq bu, biabırçılıqdır.
Məsələ ilə bağlı əvvəllər Sizə facebook vasitəsi ilə müraciət etmişdim və baş geoloqa da şifahi məlumat vermişdim nasosun təmir olunacağını bildirilsə də, bu istiqamətdə heç bir nəticə əldə olunmamışdır.
Qeyd edim ki Baş mühəndis – müəssisənin texniki siyasətinə rəhbərlik edən, istehsalat avadanlıqlarının təhlükəsiz və fasiləsiz istismarına, təmir və yenilənmə işlərinin təşkilinə cavabdeh vəzifəli şəxsdir.
Qeyd olunanları əsas alıb xahiş edirəm ki təmirə dayandırılmış nasosun təcili şəkildə bərpası üçün tədbirlər görülsün ya da mövcud vəziyyət nəzərə alınaraq sahəyə yeni nasos avadanlığı verilməsi təmin edilsin.Əks təqdirdə yuxarı instansiyalar şikayət edəcəyəm..."










