“Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən bir mənbədən satınalma metodu tətbiq edilməklə “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə telekommunikasiya xidmətləri üzrə 1.440 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 11.04.2026-cı ildə dərc edilib.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Lənkəran rayon Mərkəzi Xəstəxanası telekommunikasiya xidmətləri üzrə bir satınalma müqaviləsi də “Aztelekom” MMC ilə 31.01.2026-cı ildə bağlayıb. Bu müqavilənin dəyəri isə 32.040 manat təşkil edib.
Göründüyü kimi Lənkəran rayon Mərkəzi Xəstəxanası yalnız 2026 ildə telekommunikasiya xidmətinə dair bir mənbədən satınalma metodu tətbiq etməklə 2 satınalma müaviləsi bağlayıb. Bunun ümumi dəyəri 33 480 28 manat təşkil edib.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etdiyi tariflərə görə sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı tarifinə görə qeyri-əhaliyə 7,0 manatdır. Bu Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 7 nömrəli Qərarı, 26 oktyabr 2022-ci il tarixli qərarı ilə təsdiq olunub.
Dövlət Statistika Komitəsinin 20 oktyabr 2025-ci ildə yaydığı məlumata görə Azərbaycanda 2024-cü il üzrə sabit şəbəkə telefonları (ev telefonları) istifadəçilərinin sayı azalıb. Bildirilib ki, ötən il ölkədə sabit şəbəkə telefonlarının ümumi sayı 1 milyon 175 min nömrə təşkil edib. Onlardan 1 milyon 95 min 200-ü mənzillərdə olan sabit şəbəkə telefonlarıdır. Dövlət Statistika Komitəsinin məlumatlarından da göründüyü kimi qeyri-əhalinin xidmətində 80 minə yaxın telefon var.
Buradan sual yaranır. Lənkəran rayon Mərkəzi Xəstəxanasının istifadəsində nə qədər sabit şəbəkə telefonları var ki, il ərzindəyə istifadəyə görə 32 min manatdan çox vəsait ayırır?
Lənkəran rayon İcra Hakimiyyətinin rəsmi portalında Lənkəran rayon Mərkəzi Xəstəxanasının əlaqə telefonları: (025) 254 48 39 (025) 254-16-64 cavab verən yoxdur və ya işləmir. Xəstəxananın instagram səhifəsində göstərilən əlaqə nömrəsi: 025 254 79 32 də işləmir. Belə olan halda 32 min manat hara, nə məqsədlə ayrılb?
Maraqlıdır, Lənkəran şəhər İcra Hakimiyyətindən bizə bildirdilər ki, telefon nomrələrində dəyişiklik olduğuna görə işləmir. İcradan bizə verdikləri bir neçə yeni telefon nömrələrinin də müəyyən olunmadığı məlum oldu oldu. Göründüyü kimi Lənkəran rayon Mərkəzi Xəstəxanası işləməyən sabit şəbəkə telefonlarından istifadəyə görə dövlət vəsaitlərini ya boş-boşuna ayırır, ya da telekommunikasiya xidmətləri adı altında başqa istiqamətlərə.
Müqayisə üçün qeyd edək ki, Şəki şəhəri İcra Hakimiyyəti (Lənkəran rayon İcra Hakimiyyəti açıqlamayıb) 2026-cı il ərzində telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə “Aztelekom” MMC ilə 23.368,8 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Buraya Şəki rayonun bitün kənd icra nümayəndəliklərinə telekommunikasiya xidmətinin göstərilməsi də daxildir.
Yenə sual yaranır. Bir şəhər xəstəxanasına göstərilən telekommunikasiya xidməti bütov bir rayon İcra Hakimiyyətinə kənlərlə birlikdə göstərilən telekommunikasiya xidmətindən necə çox ola bilər?
Göründüyü kimi Lənkəran rayon Mərkəzi Xəstəxanasının 2026 ildə telekommunikasiya xidməti üzrə bağladığı müqavilədə ziddiyətli, şübhəli məqamlar çoxdur. Burada müqavilənin qiymətinin nə qədər şişirdildiyini mütəxəsislər araşdırsa daha yaxşı olar.
Qeyd edək ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının keçirdiyi satınalmalarda şübhəli məqamlar bunlarla bitmir. Belə ki, Xəstəxana 12.01.2026-cı ildə su təchizatı və tullantı sularının axıdılması xidmətinə dair “Regional Su Meliorasiya Xidməti” PHŞ Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə iki satınalma müqaviləsi bağlayıb. 99.380 manat dəyərində bir, 49.690 manat dəyərində də bir.
Sual yaranır. Lənkəran rayon Mərkəzi Xəstəxanasında il ərzində nə qədər tullantı suları hasil olur ki, müəssisə ümumi dəyəri 149 070 manat dəyərində iki müqavilə bağlayıb? Bu müqavilədə də qiymətin süni şəkildə şişirdildiyi açıq aşkar görsənməkdədir.
Qeyd edək ki, Lənkəran rayon Mərkəzi Xəstəxanası 27.05.2025-ci ildə hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə “BT TEXNO SERVİS” MMC ilə 198.172,12 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, tibbi tullantıların zərərsizləşdirilməsi prosesi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhərinin yaxınlığındakı poliqonda həyata keçirilir. Bunun üçün şirkət həftədə bir neçə dəfə Lənkərandan Sumqayıta yol qət etməli olur.
Sual yaranır. Lənkərandan Sumqayıta tibbi tullantıların daşınmasına 198.172 manat, elə Lənkərənda tullantı sularının axıdılmasına da 149 070 manat. Çox şübhə yaratmırmı?
Bundan əlavə Lənkəran rayon Mərkəzi Xəstəxanası 22.12.2025-ci ildə tələb olunan müxtəlif növ avadanlıqların təmiri xidmətlərinin satınalınması üzrə “MEDSOL” MMC ilə 83.608,9 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Xəstəxana 22.09.2025-ci ildə isə “MEDSOL” MMC ilə avadanlıqların satınalınması üzrə 79.992,2 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Yenə sual yaranır. Kim zəmanət verə bilər ki, “MEDSOL” MMC Xəstəxanada dekabrda təmir etdiyi avadanlıqlar sentyabrda satdığı avadanlıqlar deyil?
Qeyd edək ki, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Məmmədova Nuridə Rafiq qızıdır. O, daşıdığı vəzifəyə 2025-ci ilin avqustunda TƏBİB-in sabiq icraçı direktoru Vuqar Qurbanovun əmri ilə təyin edilib. Nuridə Məmmədova ondan əvvəl Lənkəran Regional Perinatal Mərkəzin direktoru olub.
Aktualinfo.net








