Bakı Ağır Cinayətlər Məhkəməsində Seymur Məmişov və Elşən Xudiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadəsi ilə davam edib.
Şahid Elxan Xudiyev təqsirləndirilən Elşən Xudiyevin qardaşı olduğunu bildirib:
"Elşən əvvəldən deyirdi ki, Samir Məmmədovu gətirin, hər şeyi o bilir. O da ölüb, indi neyləyək? Elşən 2012-2013-cü il vaxtlarında Rusiyaya işləməyə getdi. Bir gün zəng elədi ki, qardaş, ziyana düşmüşəm, iş sahibi pasportumuzu alıb qaytarmır, təcili pul göndər. Mən ona 1000 manat göndərdim. Pul çatandan 15 gün sonra Elşən Bakıya gəldi. Pasportu və digər sənədləri üstündə idi. Onun həbsindən ancaq 12-13 gün keçəndən sonra xəbərim oldu".
Növbəti məhkəmə iclası 13 may saat 14:30-a təyin olunub.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda istintaqla, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xudiyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında, ötən il martın 5-də S.Məmişov və E.Xuduyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.








