Bakıda kiberdələduzluğun növbəti qurbanı olan Elnur Hüseynlinin hekayəsi 2 il öncə başlayıb və 25 min manatdan çox vəsaitini itirməsi ilə nəticələnib. O gündən kiberdələduzluq işi üzrə 3 müstəntiq dəyişsə də, nəticə dəyişməyib.
Hadisə 2023-cü ilin noyabrında başlayıb. “WhatsApp” vasitəsilə xarici nömrədən gələn mesaj, “gündəlik 350-550 manat qazanc” vədi, ardınca “Telegram” üzərindən yönləndirmələr... Klassik kiberdələduzluq sxemi.
Elnur Hüseynli bu tələyə düşərək hissə-hissə müxtəlif bank kartlarına və elektron hesablar vasitəsilə ümumilikdə 25 min 184 manat köçürüb. Sonradan isə aldadıldığını anlayıb. Maraqlıdır ki, istintaq zamanı pulların köçürüldüyü kartlardan birinin sahibinin kimliyi də müəyyən edilib. Kartın Sahil Məmmədova məxsus olduğu təsdiqlənib. O isə ifadəsində bildirib ki, kartını tanışı Ramil Balakişiyevə verib. Yəni pul kimin kartına köçürülüb, o şəxs məlumdur. Kart sahibi müəyyən edilib, kartdan istifadə edən şəxs adı ilə göstərilib. Amma buna baxmayaraq, cinayət işinin başlanması rədd edilib.
Musavat.com-un əldə etdiyi məlumata görə, bu iş üzrə 3 fərqli müstəntiq araşdırma aparıb. Hər dəfə işə yenidən baxılıb, amma hər dəfə nəticəsizliklə yekunlaşıb.
Əgər şübhəli şəxsin adı məlumdursa, niyə axtarış elan edilmir? Əgər vətəndaşa zərər dəydiyi təsdiqlənibsə, niyə cinayət işi başlanmır?
Elnur Hüseynli daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək işin nəzarətə götürülməsini xahiş edir:
“Müstəntiq özü qərarda yazır ki, mənə qarşı dələduzluğu Ramil Balakişiyev edib. Amma onu axtarmaq əvəzinə işi bağlayır. Xahiş edirəm, bu iş nəzarətə götürülsün”.








