Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tələbələrin təqaüd ödənişləri ilə bağlı gecikmələr narazılıq yaradıb.
Yeniavaz.com-a müraciət edən bir qrup tələbənin iddiasına görə, dövlət büdcəsindən ayrılan təqaüdlərin ödənilməsində uzun müddətdir gecikmələr mövcuddur.
Tələbələr bildirirlər ki, 10 aprel tarixində yalnız bir aylıq təqaüdün ödənilməsi yaranmış narazılığı azaltmaq məqsədi daşıyıb:
“10 aprel tarixində həyata keçirilən qismən ödənişin tələbələrin haqlı etirazlarını azaltmaq məqsədilə atılmış müvəqqəti addım olduğu təəssüratı yaranır”.
Eyni zamanda tələbələr əvvəlki açıqlamalarda iki aylıq ödənişlərin birgə verilməsinin imtiyaz kimi təqdim olunmasını qəbul etmədiklərini deyirlər:
“Əvvəlki bildirişlərdə iki aylıq ödənişin eyni vaxtda verilməsinin bir növ imtiyaz və ya mükafat kimi təqdim olunması, əslində tələbənin qanuni hüququ olan vəsaitin gecikdirilməsi faktını ört-basdır etmək cəhdidir”.
Narazı tələbələrin iddiasına görə, vəziyyətlə bağlı fikirlərini ifadə etdikləri zaman onlara şikayət etməmək barədə xəbərdarlıqlar da edilib:
“Ən ciddi narahatlıq doğuran məqam isə tələbələrin öz qanuni hüquqlarını tələb etdiyi təqdirdə şikayət etməmək barədə xəbərdarlıq edilməsi və dolayı yolla inzibati təzyiqə məruz qalmasıdır”.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına sorğu ünvanladıq. Akademiyadan Yeniavaz.com-a bildirilib ki, təqaüd ödənişlərində gecikmələr olsa da, problem aradan qaldırılıb:
“Ötən həftədən artıq ödənişlər akademiyadan çıxarılıb. Sadəcə xəzinə sistemi ilə bağlı olaraq ötən həftə fevral ayı sistemdə əks olunub. Bu gün isə mart ayı sistemə daxil edilib. Ödənişlər bizdən çıxdığı üçün artıq sistemdə görünməlidir və ya günün sonuna qədər görünəcək. Hətta aprel ayı üzrə ödəniş də xəzinəyə təqdim olunub. Onun da təsdiqdən sonra sistemdə əks olunacağı gözlənilir”.
Akademiya gecikmələrlə bağlı tələbələrə əvvəlcədən yazılı məlumat verildiyini də qeyd edib:
“Ümumilikdə 740 tələbə həmin qrupdadır. Qrup nümayəndələri də daxil olmaqla gecikmənin səbəbi və ödənişlərin qısa zamanda həyata keçiriləcəyi barədə məlumat verilib”.
Təzyiq iddialarına cavab olaraq isə bildirilib:
“Belə bir hal varsa, kimin tərəfindən edildiyi açıq şəkildə bildirilsə, mütləq araşdırılacaq. Necə təzyiq göstərilir ki, məsələ televiziya kanallarında da yayımlanıb. Bu onların ən təbii hüququdur”.








