
“Macarıstanın baş naziri Viktor Orbanın hakimiyyətdən getməsi Azərbaycan-Avropa münasibətlərinə xeyir gətirməyəcək, əksinə, müəyyən gərginliklər yarada bilər. Xatırladım ki, Orban 2023-cü ildə Azərbaycanın keçirdiyi antiterror əməliyyatları zamanı Avropa Birliyinin hazırladığı anti-Azərbaycan bəyanatının qarşısını almışdı”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev deyib.
V. Orbanın seçkilərdə məğlubiyyətini şərh edən C. Nuriyev bildirib ki, Azərbaycan-Macarıstan əlaqələri yüksək səviyyədə olub və ümid edir ki, bu münasibətlər bundan sonra da davam edəcək.
Professorun sözlərinə görə, Viktor Orban 16 il hakimiyyətdə olub. Onun rəhbərliyi dövründə Macarıstan güclənib, müstəqil xarici siyasət yürüdüb və ölkənin Avropadakı mövqeyi möhkəmlənib.
ABŞ və Rusiyaya yaxın olan ölkələrin artıq Avropada müsbət qarşılanmadığını deyən Nuriyev əlavə edib ki, hazırda Azərbaycanla Avropa arasında münasibətlər normaldır:
“İran müharibəsi kontekstində Hörmüz boğazı bağlana bilər. Digər tərəfdən, Bab əl-Məndəb boğazının da bağlanması ehtimalı var. Azərbaycan ən azı 12 Avropa ölkəsində qaz və neft layihələrində iştirak edir. Macarıstan da onlardan biridir. Buna görə də Avropanın Azərbaycanla gərginlik yaratması məqsədəuyğun deyil. Çünki Azərbaycanın da əlində, xüsusilə iqtisadi sahədə, təsir rıçaqları var. Üstəlik, Azərbaycan etibarlı tərəfdaşdır”.
Professorun fikrincə, münasibətlər normal olsa da, Avropanın bəzi ölkələri Azərbaycana qarşı addımlar atmaq üçün fürsət axtarır:
“Bu, tarixən belə olub. Lakin Azərbaycan balanslı xarici siyasət aparır və iqtisadiyyatını şaxələndirir. Bu baxımdan Azərbaycanla münasibətləri pozan tərəf sonda özü itirir”.
Nuriyev qeyd edib ki, Macarıstanda seçkiləri qazanan namizəd 45 yaşındadır və geniş dövlət idarəçiliyi təcrübəsinə malik deyil: “Üstəlik, o, vaxtilə Orbanın partiyasında təmsil olunub, həyat yoldaşı isə ədliyyə naziri olub. Sonradan onlar ayrılıblar. Ümid edirəm ki, Macarıstanın yeni hakimiyyəti reallıqları nəzərə alaraq qərarlar verəcək. Böyük ehtimalla, Budapeşt balanslı xarici siyasət kursunu qoruyaraq öz milli maraqları çərçivəsində fəaliyyətini davam etdirəcək. Bu da ölkənin maraqlarına uyğundur”.
Müsahibin fikrincə, Macarıstanın Türk Dövlətləri Təşkilatındakı iştirakı zəifləyə bilər:
“Orban Avropanın Ukrayna ilə bağlı siyasətinə müəyyən maneələr yaradırdı. Məhz bu səbəbdən də Avropada onun hakimiyyətdən getməsi üçün ciddi səylər göstərildi. Buna baxmayaraq, Orban Macarıstan siyasətində qalmaqda davam edəcək”.
Professor xatırladıb ki, Azərbaycanın Avropa Birliyi daxilində çoxsaylı tərəfdarları var. O, buna misal olaraq Albaniya, Slovakiya, Serbiya, Çexiya və digər ölkələrin adını çəkib:
“Azərbaycan uğurlu və çevik xarici siyasət kursu yürüdür. Eyni zamanda, Avropa Birliyindən kənarda da bir çox dövlətlərlə ikitərəfli əməkdaşlıq edir. Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan müttəfiqliyi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.








