Əsasən komediya aktyoru olsa da, gülməli olmaması ilə gülməli olan Çingiz Əhmədovun Azərbaycan incəsənətində yerini müəyyən etmək istədim, ancaq bir yer tapıb qoya bilmədim. Ayaq üstə saxlamaq da ayıbdır deyə, ümumiyyətlə zaldan çıxartdım. İndi isə incəsənətin koridorunda gözləyən Çingiz Əhmədovu çıxdaş etmək vaxtıdır.
Əslindı, müəyyən etmək olmur ki, Çingiz Əhmədovun xidmətləri konkret olaraq nədir? Məsələn, o özü həyat yoluna baxanda nə düşünür? Nəyi əla etdim, hansı işim əvəzsiz, misilsizdir deyir? Bir tamaşaçı Çingiz Əhmədovun hansı işinə and içə bilər? Onu hansı bir ciddi işlə tanıya bilər? Çina kimi aydındır, çox adam tanıyır, bəs Çingiz Əhmədov kimi?
Çingiz Əhmədov deyəndə adamın ağlına elə şeylər gəlir ki, gəlməsə ondan yaxşıdır. Yəni ağıla gələn heç nəyin sənətə, peşəkarlığa, ciddiyyətə bir aidiyyəti yoxdur.
Ağıla ilk gələn bir şey də illər əvvəl apardığı lotoreya verilişləri olur. Buyur, bundan o tərəfə nə? Belə baxanda, Çingiz Əhmədov həmişə səhnəyə çıxıb, amma heç vaxt sənətə girməyib. O, Azərbaycan efirində görünməyinə görünür, sadəcə, mövcud deyil. Ortada adı var, işi yoxdur.
Hərdən elə bilirəm, Çingiz Əhmədov Azərbaycan-Hindistan münasibətlərinə də ağır zərbə vurub.
Hindistan demiş, o vaxt Hindistan Ermənistanı dəstəkləmişdi. Saytlar da götürüb Çingiz Əhmədovdan açıqlama almışdı. Həmin açıqlamada
“Çox pis olmuşam. Nifət edirəm. Heç mahnılarını oxumaq da istəmirəm” demişdi.
Nə bilim, adam heç bilmir, nə desin. Sağ olun, Çingiz müəllim, Azərbaycan sizin bu vətənpərliyinizi unutmayacaq, tərəfimizdən bir medal qazandınız.
Çingiz Əhmədovun aparıcı fəaliyyəti var ki, həmin verilişlər, aparıcılıq fəaliyyəti də misilsiz maraqsızlığı ilə seçilir. Üstəlik, bayağılıq da çox zaman öz sözünü deyib.
Di gəl, özü bu dəqiqə əksər aparıcıdan da narazıdır.
Çingiz Əhmədov sanki səhnəyə aktyor kimi yox, “görək bu dəfə nə alınmayacaq” adlı eksperimentin canlı nümunəsi kimi çıxır. Adamın yaradıcılığına baxırsan, elə bil illərlə məşq edib ki, necə etmək lazımdırsa, hamısını tərsinə etsin.
Məsələ ondadır ki, uğursuzluq da bir istedaddır, amma bu qədər stabil olmaq artıq ayrı səviyyədir. Hər dəfə eyni dərəcədə təsirsiz olmaq üçün ya ciddi zəhmət çəkməlisən, ya da təbiətən bu işə “seçilmiş” olmalısan.
Bir aktyorun ən böyük üstünlüyü yadda qalmaqdır. Çingiz Əhmədov isə yadda qalmaq üçün xüsusi üsul seçib: heç nə ilə yadda qalmamaq.
Çingiz Əhmədov iştirak etdiyi tamaşaların heç biri ilə yadda qalmayıb.
Məsələn, kim hansı rola baxıb və deyib ki, Çingiz müəllim, çox möhtəşəm oynamısınız? Hansı rolu onunla xatırlamaq mümkündür?
Çingiz Əhmədov əsasən Hacıbaba Bağırovun rollarını oynayıb ki, o rolların özünü Hacıbaba Bağırov da oynaya bilməyib. Di gəl, Çingiz Əhmədov özü bununla fəxr edirdi. Elə bilir ki, çox ciddi bir sənətkarın rollarını oynayır.
Amma bəlkə də məsələni başqa cür görmək lazımdır. Bəlkə Çingiz Əhmədovun sənətdə yeri konkret bir zirvə, yaxud dərin bir iz deyil. Bəlkə onun “yeri” elə bu anlaşılmazlıqdır. Nə tam qəbul olunan, nə də tam rədd edilən, arada qalmış bir fiqur kimi. Sanki sənətin sərhədlərində dolaşan, amma heç vaxt içinə tam daxil olmayan bir obraz.
Çünki hər sənətkar iz qoyur. Çingiz Əhmədov isə sanki iz qoymamaqla iz qoymağa çalışıb. Bu da özlüyündə qəribə bir paradoks yaradır: yadda qalmamaqla yadda qalmaq.
Şəxsən mən onu obrazlı olaraq belə adlandırardım:
“Sənətdə izi olmayan adamın uzun yolu və ya uğursuzluğun sabitlik rekordunu qıran insan”.
Orxan Saffari








