" "Azəriqaz" rəhbərliyinə dərin və "xüsusi" təşəkkürümü bildirirəm... " "DİA-AZ" xəbər verir ki, bu ironik sözlər SOCAR "Azəriqaz" İstehsalat Birliyinin işçisi Daşqın Abbasovun rəhbərliyə ünvanladığı müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Doğrudan da, çilingərləri, mühəndisləri işdən çıxarmaq kimi "uzaqgörən" qərarlar şirkətin parlaq gələcəyinə aparan ən qısa yoldur. Axı işi görən adamlar olmayanda problemlər də kağız üzərində yoxa çıxır.
Bir xahişimiz də var. Heç olmasa biz qara fəhlələrin maaşını vaxtında köçürün. Narahat olmayın, o maaşla nə villa alacağıq, nə də bahalı maşın. Onsuz da maaşımız yalnız çörəyə və suya çatır.
Deyirlər, quldarlıq dövründə qullara heç olmasa çörək və su verilirdi ki, işləyə bilsinlər. Biz isə müasir dövrdə yaşayırıq – görünür, inkişaf elə bir həddə çatıb ki, artıq çörək və suyu da maaş gələndən sonra almaq lazımdır. Maaş isə gəlməyə tələsmir.
Yenə də təşəkkürlər. Çünki insanı işləmək yox, səbr etmək peşəkarlaşdırır. Bu sahədə isə artıq hamımız əsl mütəxəssis olmuşuq..."







