Dövlət işçiləri tingi öz pullarına alır, ağacı özləri əkir, yanacaq xərcini də özləri çəkirsə, meşəsalma üçün ayrılan vəsait kimə xərclənir? "DİA-AZ" xəbər verir ki, bu sual hazırda Naxçıvan üçün olduqca aktualdır. Çünki...
Rəsmi rəqəmlərə inansaq, Naxçıvanda 49,5 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparıldığı bildirilir. Rəsmən açıqlanan məlumata görə, məqsəd səhralaşma ilə mübarizədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, təkcə bu ilin yaz əkin mövsümündə 23 min 800-dən çox ting əkilib.
Nazirlik bu işlər üçün büdcədən nə qədər vəsait ayrıldığı barədə məlumat vermir. Lakin tinglərin alınması, daşınması, suvarılması, qulluq, texnika, yanacaq və işçi xərcləri nəzərə alınarsa, bu işlərin yüz minlərlə manat vəsait tələb edə biləcəyi ehtimal olunur.
Dövlət idarə və müəssisələrində çalışan işçilər isə meşəsalma işlərinin böyük hissəsinin onların hesabına görüldüyünü iddia edirlər. Onların sözlərinə görə, hər şənbə “iməcilik” adı altında ağac əkməyə və əkilən ağaclara qulluq etməyə məcbur edilirlər.
İşçilər bildirirlər ki, tinglərin alınması, yanacaq və digər xərclər də çox vaxt onların üzərinə qoyulur. Onlar bu halda meşəsalma üçün ayrılan büdcə vəsaitlərinin necə xərcləndiyinin açıqlanmasını tələb edirlər...
Təbii ki, biz məsələnin nə yerdə olduğunu yaxşı bilirik. Yəqin ki, hüquq-mühafizə orqanlarımız da bilirlər... tədbir görməsələr belə...









