Vurduğu aqlay insanların həyatı üçün təhlükə mənbəyinə çevrilib
"Bakının Səbail rayonunda Bayraq meydanından Təzəpir məscidinə gedən yolda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı ilə bağlı olan böyük yaşayış kompleksi mövcuddur". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra deyilir: "Hansı ki, bu yaşayış kompleksindəki binaların aqlayı Rəşad Məmmədov və Azər Əsgərovun rəhbəri olduğu “Azİmport” şirkəti tərəfindən vurulub.
Tikinti işləri keyfiyyətsiz şəkildə görüldüyü üçün son günlər yağan yağışlar nəticəsində bu aqlayların bir qismi qoparaq tökülüb. Binanın üzərindəki aqlayların da bəziləri hər an qopub düşə biləcək vəziyyətdədir ki, bu da insan həyatı üçün təhlükə deməkdir. Bundan başqa, aqlay daşlarının sökülməsi binanı yağış sularından müdafiəsiz hala gətirib. Nəticədə, evlərin bir çoxuna yağış suları nəticəsində ciddi ziyan dəyib, vətəndaşlar üçün əlavə çətinliklər yaranıb.
Vətəndaşlar qopan aqlay daşlarının yerinə binaya yeni üzlük daşlarının vurulması, eyni zamanda, digər aqlay daşlarının da etibarlılığının yoxlanılması tələbi ilə “Azİmport” şirkətinə dəfələrlə müraciət etsələr də, şirkət vətəndaşların tələbini yerinə yetirməkdən imtina edib. “Azİmport” şirkətinin açıq özbaşınalığı qarşısında çarəsiz qalan vətəndaşlar yaxın günlərdə müvafiq dövlət qurumlarına, o cümlədən hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırır.
Məlumat üçün qeyd edək ki, media və sosial şəbəkələrdəki məlumatlara görə “Azİmport” şirkətinin sahibi hazırda baş nazir postunda əyləşən Əli Əsədovdur".
Məsələ diqqətimizdədir..









