“Heç bir əlaqəmin olmadığı “Qarabağ Enerji Təchizat” MMC şirkəti mənim adımdan gömrükdə əməliyyat edib, vergi borcu isə mənə gəlib”.
Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Razim Bayramov müraciət edib.
Şikayətçinin sözlərinə görə, oktyabrın 3-də Dövlət Vergi Xidmətindən ona 2608 AZN əlavə gəlir vergisinin olduğuna dair SMS gəlib: “VÖEN hesabım var, gömrükdə işlərim olur. Lakin bu borcun onunla əlaqəsi yoxdur. Buna görə də Şamaxıda 4 saylı Ərazi Vergilər İdarəsinə getdim. Bildirildi ki, “Qarabağ Enerji Təchizat” MMC adlı bir şirkət gömrükdə 11 min manat məbləğində əməliyyat edib, qurum isə vergidən yayındığım üçün mənə əlavə gəlir vergisi olaraq 2608 manat məbləğində cərimə yazıb”.
İddialara cavab üçün “Qarabağ Enerji Təchizat” MMC şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab ala bilmədik.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə də sorğu ünvanladıq. Qurumdan məsələnin araşdırılacağı bildirildi.
 
    
     
    






























 
