"Qəzetlər, ümumiyyətlə çap mediası, jurnalistika niyə nüfuzdan düşüb?
Bəzi fikirlərimi bildirmək istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış yazar, keçmiş diplomat Xeyrəddin Qoca qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Mətbuatımızda əsil jurnalistlər çatışmır. Hər əlinə qələm götürüb yazı yazana jurnalist demək olmaz. Yeri gəlmişkən, jurnalistika fakültəsini oxumağa o qədər də ehtiyac yoxdur. Redaksiyalarda işləyən qələm sahibləri ayrı-ayrı sahələrin mütəxəssisləri olmalıdırlar və bildikləri ixtisas, sahə üzrə yazılar hazırlamalıdırlar. Məşhur "Pravda" qəzetində məhz, belədir.
Jurnalist həqiqəti yazmalıdır. Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!
Jurnalist cəsarətli olmalıdır. Jurnalistlərimiz MİS müdirini belə tənqid edə bilmirlər...
Ölkəni dağıdan harınlamış məmurlar haqqında felyetonlar niyə gözə görünmür? Ümumiyyətlə, mətbuatda felyeton janrı niyə yoxdur? Niyə reportajlar yazılmır? Yəni bizim haqqında reportajlar yazılmalı müsbət işlərimiz, tanınmış şəxsiyyətlərimiz yoxdur? Əsas janr olan xəbəri də doğru-düzgün yazan qələm adamı yoxdur!
Çoxlu saytlar cümlə, söz, üslub səhvləri ilə doludur! İnsanlar maraqsız, məzmunsuz yazılar oxumaqdan yorulurlar!
Niyə jurnalistlər hamısı eyni "yolu" gedirlər? Məsələn, vəzifəyə gələni tərifləyirlər, gedəni pisləyirlər! Jurnalistika fakültəsində onlara belə dərs keçiblər? Ümumilli lider Heydər Əliyev birinci dəfə hakimiyyətdə olanda 13 il gecə - gündüz onu təriflədilər, hakimiyyətdən getdi, eyni "jurnalistlər" ünvanına ağıllarına gələn iftira və böhtanlar yazdılar! Yenidən hakimiyyətə gəldi, yenə başladılar tərif yağdırmağa! O biri ölkə rəhbərlərinə də həmin münasibət oldu. Adamın neçə sifəti olar? Məsələn, bir jurnalist Ayaz Mütəllibov vəzifədə olanda onun haqqında yaxşı fikirdə olubsa, gedəndən sonra haqqında niyə pis yazmalıdır? Universitetdə oxuyanda sizi belə öyrədiblər?
Jurnalistlər televiziyalarda, efirlərdə
niyə mənasız, məntiqsiz danışmalıdırlar, qadın jurnalistər özlərini niyə əttökən aparmalıdlrlar? Sonra deyirsiniz jurnalistlərin hörməti yoxdur!
Kimlər tərəfindənsə " reket jurnalist" sözləri ortaya atılıb ki, jurnalistlər hörmətdən düşsün, gözdən salınsınlar! Jurnalistika aləmində "reket" sözü heç vaxt omayıb, axı! Jurnalistdən reket olar? Ölkəmiz yeni müstəqilliyə qədəm qoyanda bir qrup adam əllərində silah yanacaq doldurma məntəqəsinin işçisinə hücum çəkib, "50 min manat verməsən, səni güllələyəcəyik" deyə, ondan pul tələb edirdilər! "Reket" həmin silahlı dəstələrə deyirdilər. Jurnalistlərin onlarla müqayisə edilməsinə nə ad vermək olar? Ayıb deyil? Jurnalistlər həmişə boyük hörmət-izzət sahibi olublar! Qadınlar ərlərindən gizlətdikləri sirləri jurnalistlərə açıblar...
"Mozalan" satirik kino-jurnalı, "Kirpi" jurnalı niyə fəaliyyət göstərmir? Çünki onların fəaliyyəti bəzi vəzifəli şəxslərə sərf eləmir! Vəzifəli şəxslərin xoşlarına gəlmədiyi üçün ölkədə demək olar ki, tənqidin qarşısı alınır! Tənqidsiz isə inkişaf ola bilməz!
Deyiləsi, yazılası çox fikirlər var..."























