Xaricdə təhsil almaq istəyən gənclər universitetə qəbul və sənədləşmə prosesini asanlaşdırmaq üçün müxtəlif təhsil şirkətlərinə müraciət edirlər. Bu sahədə şirkətlərin fəaliyyəti ilə bağlı narazılıqların artması isə onların etibarlılığı və göstərdikləri xidmətlərin keyfiyyəti məsələsini gündəmə gətirir.
Xaricdə təhsil şirkətinin qanuni və etibarlı fəaliyyət göstərdiyini əvvəlcədən necə müəyyənləşdirmək olar? Gənclər maddi və vaxt itkisindən qorunmaq üçün şirkətlə müqavilə bağlamazdan əvvəl hansı məqamları yoxlamalıdırlar?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib ki, xaricdə təhsil şirkətlərinin etibarlılığını müəyyənləşdirmək və sonradan həm maddi, həm də vaxt itkisi ilə üzləşməmək üçün gənclər və valideynlər müqavilə imzalamazdan əvvəl hərtərəfli araşdırma aparmalıdırlar.
Onun sözlərinə görə, ilk növbədə şirkətin Dövlət Vergi Xidmətində hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçmədiyini və VÖEN-inin varlığını yoxlamaq vacibdir: “Rəsmi qeydiyyatı və sabit hüquqi ünvanı olmayan, fəaliyyətini yalnız sosial şəbəkə hesabları üzərindən idarə edən vasitəçilər hər zaman böyük risk daşıyır. Bununla yanaşı, ciddi şirkətlər xarici universitetlərin rəsmi nümayəndəsi olduqları üçün həmin ali məktəblərlə tərəfdaşlıq müqavilələrini təqdim edə bilməli, hətta universitetlərin öz rəsmi saytlarında tərəfdaş agentlik kimi adlarını göstərməlidirlər”.
Ekspert qeyd edib ki, hüquqi tərəfdən ən kritik məqam isə tərəflər arasında bağlanacaq müqavilənin məzmunudur: “Şirkətin göstərəcəyi xidmətlərin dəqiq siyahısı müqavilədə aydın şəkildə göstərilməli, bütün ödənişlər yalnız rəsmi bank hesabı vasitəsilə həyata keçirilməlidir. Heç bir halda universitetin təhsil haqqı vasitəçi şirkətə nağd verilməməli, tələbə tərəfindən birbaşa xaricdəki ali məktəbin rəsmi hesabına köçürülməlidir. Eyni zamanda, tələbə qəbul ala bilmədikdə və ya viza imtinası yaşandıqda xidmət haqqının hansı qaydada və nə dərəcədə qaytarılacağını müəyyən edən bəndlər müqavilədə dürüst ifadə olunmalıdır”.
Ş.Qoca sonda əlavə edib ki, şirkətin verdiyi vədlərə də tənqidi yanaşmaq lazımdır: “Çünki heç bir dürüst mütəxəssis yüz faizlik qəbul və ya viza zəmanəti verə bilməz; qərarı yalnız universitetin qəbul komissiyası və müvafiq ölkənin səfirliyi verir. Əvvəlki illərdə həmin vasitəçi ilə xaricə gedən real tələbələrin təcrübələrini və müstəqil platformalardakı rəyləri öyrənmək də aldanmamağın ən etibarlı yollarından biridir”.














