"Müvafiq qurumlar tərəfindən araşdırılmasına, prosesin nəzarətə götürülməsinə ciddi ehtiyac duyulur. Günahkarlar cəzalanmalıdır!!!" "DİA-AZ" xəbər verir ki, bu çağırışı səsləndirən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı əlaqədar qurum və şəxslərin izahatını tələb edir.NHMT sədri özünün sosial şəbəkə hesabında belə yazır: "Xəbər verdiyim kimi, 22.08.2026 tarixində SOCAR AQŞ-nin işçisi , Abbasov Nizami Qərbi Abşeron yatağı, 50-ci platformada yük qaldırıcı qurğunun onun üzərinə aşması nəticəsində faciəli surətdə həlak olub. Baş vermiş hadisə ilə əlaqədar SOCAR AQŞ tərəfindən ictimaiyyətə açıqlama verməmişdir. Baş vermiş hadisə ilə əlaqədar doğmalarının verdiyi məlumatda isə bildirilir ki:
- Mərhum Abbasov Nizami Ələddin oğlunun faciəli ölümü ilə bağlı əlimizdə müəyyən ciddi faktlar və səs yazıları var.
Qarşı tərəfin — şirkət olaraq , bu faciəli hadisəni təxminən 50–60 min manat məbləğində kompensasiya ilə ört-basdır etməyə çalışdığı barədə məlumatımız var.
Bizi xüsusilə narahat edən digər məsələ isə odur ki, indiyə qədər idarə rəhbərliyinin, hətta şirkət Prezidentinin belə bu hadisə barədə məlumatının olmadığı bildirilir. İdarə əməkdaşlarının dediyinə görə, bu məlumat rəhbərlikdən gizlədilir. Bu məlumatın niyə və kim tərəfindən gizlədilməsi və bunun arxasında hansı səbəblərin dayanması ciddi şəkildə araşdırılmalıdır.
Əlimizdə olan ən mühüm faktlardan biri ondan ibarətdir ki, mərhum Abbasov Nizami Ələddin oğlu hadisədən təxminən 10 gün əvvəl — 9, 16–17 tarixlərində platforma ilə bağlı nasazlıq olduğunu rəhbərliyə dəfələrlə məruzə edib. Bununla bağlı səs yazıları da əlimizdədir.
Səs yazılarında mərhum platformadakı nasazlığın ciddi təhlükə yaratdığını və bu nasazlığın orada çalışan şəxslərdən birinin bədbəxtliyinə səbəb ola biləcəyini açıq şəkildə bildirir. Həmçinin rəhbərliyə dəfələrlə məlumat verilməsinə baxmayaraq, məsələyə məsuliyyətsiz yanaşıldığını və yaranmış təhlükənin hər an ağır nəticələrə səbəb ola biləcəyini vurğulayır.
Yəni əlimizdə olan faktlara əsasən, Abbasov Nizami Ələddin oğlunun faciəli şəkildə həyatını itirməsindən təxminən 10 gün əvvəl rəhbərlik konkret təhlükə barədə məlumatlandırılıb.
Rəhbərliyin bu xəbərdarlıqlara vaxtında və lazımi şəkildə reaksiya verməməsi nəticəsində baş verən hadisədə məsuliyyətin olub-olmamasının araşdırılması olduqca vacibdir.
Əlimizdə olan faktları, səs yazılarını və digər materialları şəxsən təqdim etməyə hazırıq.
Məsələnin obyektiv şəkildə araşdırılması və mərhum Abbasov Nizami Ələddin oğlunun ölümündə məsuliyyət daşıyan şəxslərin müəyyən olunması bizim üçün çox vacibdir..."
Qeyd edək ki, "SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştirak payları : SOCAR-13.38%, NobelOilLtd., - 73.77% , Abşeron Qazma MMC -12.85%...










