Bir neçə gün sonra düz 34 il olacaq ki, evsizəm. Düz 34 ildir ki, köçürəm. Beş yaşım olanda çıxdığım evə bir daha qayıda bilmədim. Uşaqlığımın həyəti, divarları, qapısı yaddaşımda qaldı, özü isə həyatımda olmadı.
39 illik həyatımda bəzən elə hadisələr yaşadım ki, bu ölkədə insanın ən böyük "cinayəti"nin dərdini ucadan demək olduğuna inanmağa başladım.
Mətbuatda çalışdığım illərdə jurnalistlər üçün yaşayış binaları tikildi, mənzillər paylandı. Həqiqətən də bu evlərə layiq olan jurnalistlər var idi. Amma hamı da bunu bilirdi ki, haqqı olmayan, peşəyə təsadüfən gələn, yaxud müxtəlif yollarla siyahıya düşənlər də az deyildi.
Mən isə həmin günlərdə siyahılarda yox idim. Mənim əlimdə yalnız bir Facebook hesabım vardı. Düşündüm ki, bəlkə səsim oradan dövlət başçısına çatar. Yazdım. Heç kimi təhqir etmədim, heç kimi ittiham etmədim. Sadəcə öz taleyimi danışdım
Müraciətimdən sonra saytlar həmin statusumu yayımladı.
Gecə saat on ikidə telefonum zəng çaldı. Dəstəyin o başından redaktorun həyəcanlı, sanki qırx pilləkəni nəfəs almadan qalxmış adamın səsi gəlirdi:
— Ay qız, sən nə etmisən?
Mən də çaşdım. Elə bildim doğrudan da böyük bir səhvə yol vermişəm.
Bir az sakitləşəndən sonra dedi:
— Tez o statusu sil. Xəbəri verənlərə də de ki, saytdan çıxarsınlar. Rəisin belə şeylərdən xoşu gəlmir.
Mənə qəribə gəldi ki, niyə hansısa rəhbər vətəndaşın öz dövlət başçısına etdiyi müraciətdən narahat olsun. Məncə, bu, daha çox bəzi insanların öz kölgəsindən qorxması, heç kimin istəmədiyi qadağaları özləri uydurması idi.
Bir müddət sonra azad jurnalistlərin Prezidentə yazdığı kollektiv müraciətdə adımı görəndə redaktor az qala mikroinfarkt keçirdi.
— Sən məni öldürəcəksən? — dedi.
Halbuki mən həmin redaksiyada ştatdankənar əməkdaş idim. Mən nə redaksiyanın adından danışırdım, nə də hansısa siyasi bəyanat verirdim. Sadəcə, ev problemi yaşayan, dayanmadan az məvacibə işləyən, kirayə haqqını ödəyə bilməyən jurnalist kimi dövlət başçısına müraciət etmişdim.Deyəcəksiniz ki, "Niyə jurnalistə ev verilməlidir?"
Haqlısınız. Təkcə jurnalist olduğu üçün heç kimə mənzil verilməməlidir. Amma bu mənim peşəmə görə imtiyaz tələbi deyildi. İki körpə ilə vicdanı, əxlaqı peşəsinə hörmətini itirmədiyi üçün əziyyət çəkən vətəndaşın son ümidlərindən biri idi.
Bəlkə də bu hadisə mənə bir həqiqəti öyrətdi: bəzən cəmiyyəti susduran qadağalar yox, insanların öz içində böyütdüyü qorxulardır. O qorxular ki, zamanla həqiqətin səsini də, haqlı etirazı da, adi bir vətəndaşın ümidini də pıçıldayan bir cümləyə çevirir.
P. S: Nadir insanlardanam ki, hamı evsiz, işsiz olduğumu deyəndə zarafat elədiyimi düşünür...
Müəllif: Günel Musa - Mənbə: "DİA-AZ "











