Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasına qatılacaq. Ermənistan mediasının xəbərinə görə, bu barədə Paşinyan özü jurnalistlərə bildirib. Qeyd edək ki, iclas avqustun 6-dan 7-dək Qırğızıstanda keçiriləcək.
Buna qədər isə Rusiya rəsmiləri Aİİ ilə Aİ arasında seçim tələb edirdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan artıq Avropa İttifaqına üzvlüklə bağlı qanun qəbul etsə də, eyni zamanda, Avrasiya İqtisadi İttifaqında qalmaq istəyir. Onun sözlərinə görə, bu vəziyyət uzun müddət davam edə bilməz və İrəvan seçim etməli olacaq. O qeyd edib ki, Avropa İttifaqına qoşulmaq və Avrasiya İqtisadi İttifaqında qalmaq mümkün deyil, çünki hər iki qurumun fəaliyyət prinsipləri bir-birini istisna edir. Avropa İttifaqı Ermənistan respublikasının gələcək taleyinə təsir etmək üçün Brüssel və Moskva arasında rəqabətin güclənməsi fonunda Rusiyanın idxal məhdudiyyətlərini kompensasiya etmək üçün İrəvana təcili ticarət güzəştləri paketi hazırlayır.
“Financial Times” iyunun 17-də dörd mənbəyinə istinadən xəbər verir ki, Avropa Komissiyası Ermənistanın istehsal etdiyi ərzaq və kənd təsərrüfatı məhsullarına tarifləri aşağı salacaq avtonom ticarət tədbirlər planı üzərində işi başa çatdırmaq üzrədir. Aydın məsələdir ki, bu təşəbbüs Ermənistanda keçirilən son parlament seçkilərindən əvvəl Rusiyanın erməni mal və məhsullarının idxalına tətbiq etdiyi sanitar məhdudiyyətlərə cavab sayılmaldır.
Bəs Paşinyanın avqustda Aİİ iclasına getməsi Rusiyanın tətbiq etdiyi embarqonun ləğvinə gətirib çıxara bilərmi? Ermənistan Aİ və Aİİ arasında seçim etməyə məcbur olacaqmı?
Hüquqşünas, analitik Qulamhüseyn Əlibəylinin Musavat.com-a bildirdiyinə görə, Paşinyan hökuməti son bir neçə ildə Ermənistanı Rusiyanın nəzarətindən və ümumiyyətlə təsir dairəsindən uzaqlaşdırmaq, Qərblə və ilk növbədə Avropa strukturları ilə münasibətləri genişləndirmək siyasətini həyata keçirir. Onun fikrincə, Paşinyanın bu siyasəti, xüsusən də Avropa İttifaqı ilə siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, demokratik institutların inkişafına yönəlmiş proqramlar və təhlükəsizlik sahəsində yeni əməkdaşlıq formatları Rusiya hakimiyyətinin ciddi narahatlığına səbəb olur.
“Rusiya hesab edir ki, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi iki fərqli inteqrasiya modelidir. Buna görə də Putin və digər rəsmilər Ermənistanın Avropa İttifaqı ilə daha sıx inteqrasiya siyasəti yeritməsini və eyni zamanda, Avrasiya İqtisadi Birliyinin üzvü kimi qalmasını strateji ziddiyyət kimi qiymətləndirir və Ermənistandan 2 modeldən birini seçməyi, hətta bu barədə ölkədə referendum keçirməyi tələb edirlər. Bu tələblər Ermənistanda parlament seçkiləri ərəfəsində daha da gücləndi və kobud təzyiq forması aldı. Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiyaya idxal edilməsinin dayandırılması da bu təzyiqin formalarından biri kimi qiymətləndirilməlidir. Bu məsələyə sadəcə iqtisadi əməkdaşlıq prizmasından deyil, regional geosiyasi prizmadan yanaşmaq daha düzgün olardı”, - deyə Q.Əlibəyli qeyd edib.
Mütəxəssis hesab edir ki, Rusiya uzun müddət Ermənistana Güney Qafqazdakı forpostu kimi baxıb və onu regionda geosiyasi maraqlarının həyata keçirilməsində bir vasitə sayıb: “Bu gün də Rusiya Ermənistanı Güney Qafqazda təsir imkanlarını saxlamaq üçün son şans hesab edir. Bu baxımdan Ermənistanın Avropa inteqrasiyası Rusiyanın regional maraqlarını təhlükə altına alan addım kimi qiymətləndirilir. Başqa sözlə, Rusiya və Ermənistan arasında hazırda mövcud olan gərginlik sadəcə iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı ikitərəfli münasibətlərdə yaşanan müvəqqəti böhran deyil, həm də böyük güclərin geosiyasi maraqlarının toqquşması və Rusiyanın regionda geosiyasi təsir dairələrinin qorunması cəhdləri ilə bağlıdır. Bu da istər-istəməz həm Ermənistan və həm də bütün Güney Qafqaz üçün müəyyən təhlükəsizlik riskləri yaradır”.
Müsahibimizə görə, Ermənistanda da yaxşı başa düşürlər ki, Avropa ilə tam inteqrasiya yaxın perspektivlərdə mümkün deyil: “Ona görə Ermənistan hazırda həm Qərblə əlaqələri genişləndirməyə, həm də Rusiya ilə dialoq və diplomatik münasibətləri qoruyub saxlamağa, Rusiyanın yaratdığı iqtisadi mexanizmlərdən faydalanmağa çalışır. Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü kimi qalmaq, Birliyin avqust ayında keçiriləcək sammitində Paşinyanın iştirakı məsələsinə də bu baxımdan yanaşmaq daha məqsədəuyğundur.
Əlbəttə, birliyin sammitində Paşinyanın iştirakı ilə Ermənistan və Rusiya arasında olan ziddiyyətli məqamların dərhal aradan qalxacağını, bir növ “buzların əriyəcəyini” düşünmək də sadəlövhlük olardı. Bu kontekstdə Paşinyan Birliyin sammitində iştirakı son illərdə gərginləşmiş Ermənistan–Rusiya münasibətlərinin tam normallaşması deyil, daha çox siyasi dialoqun qorunmasına yönəlmiş praqmatik jest və mesaj kimi qiymətləndirilə bilər. Bu jest və mesaj Ermənistanın hələlik Avrasiya məkanından çıxmaq niyyətində olmadığını və iqtisadi əməkdaşlıq platformasını qorumaqda maraqlı olduğunu ifadə edir. Paşinyanın sammitdə iştirakı təkcə iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsinə deyil, həm də siyasi təmasların bərpasına və kommunikasiya kanallarının açıq saxlanılmasına kömək edə bilər”.
Q.Əlibəyli əlavə edib ki, bütövlükdə, Paşinyanın Avrasiya İqtisadi Birliyinin avqust sammitində iştirakı Ermənistan–Rusiya münasibətlərində gərginliyin müəyyən qədər azalmasına və qısa müddətli nisbi yumşalmaya, siyasi dialoqun bərpasına etməsi mümkün görünür: “Lakin bu iştirakın iki ölkə arasında yaranmış strateji fikir ayrılıqlarını və ziddiyyətli məqamları tam aradan qaldıracağı ehtimalı demək olar ki, yox dərəcəsindədir”.
Musavat.com









