ABŞ Konqresində təqdim olunmuş və Azərbaycanla bağlı məhdudiyyətləri nəzərdə tutan Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvini hədəfləyən qanun layihəsinin həmmüəlliflərindən biri, respublikaçı konqresmen Abraham Hamade Bakıdadır. Qanun layihəsi ilk dəfə konqresmen Anna Paulina Luna tərəfindən təqdim edilib və onun məqsədi 1992-ci ildən qüvvədə olan 907-ci maddəni tamamilə ləğv etməkdir. Son aylarda bir sıra digər respublikaçı qanunvericilərin də təşəbbüsə qoşulması Konqresdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə marağın artdığını göstərən siqnal kimi qiymətləndirilir.
Bildirilib ki, bu addım qanun layihəsinə Konqres daxilində əlavə siyasi dəstək qazandırmaqla yanaşı, təşəbbüsün müzakirə perspektivlərini də gücləndirir. Ekspertlərin fikrincə, Abraham Hamadənin həmmüəllif olması xüsusilə vacibdir, çünki bu, məsələnin yalnız bir neçə konqresmenin təşəbbüsü deyil, Respublikaçılar Partiyası daxilində daha geniş dəstək qazandığını nümayiş etdirir. Bu isə gələcəkdə qanun layihəsinin aidiyyəti komitələrdə və Konqresin plenar müzakirələrində irəliləməsi üçün əlavə siyasi imkanlar yarada bilər.
“907-ci düzəliş” 1992-ci ildə Azərbaycan hökumətinə birbaşa ABŞ yardımını məhdudlaşdırmaq məqsədi ilə tətbiq olunub. Rəsmi səbəb kimi Qarabağ münaqişəsi fonunda humanitar narahatlıqlar göstərilsə də, reallıqda bu qərar regiondakı siyasi balansı birtərəfli şəkildə təsir altına salıb. “907-ci düzəliş” post-sovet xaosunun və münaqişənin ən qızğın dövründə qəbul edilib. Lakin aradan keçən onilliklərə baxmayaraq, regiondakı vəziyyət dəyişsə də, hüquqi məhdudiyyətin özü qalır.
Vaşinqton bir tərəfdən Azərbaycanı strateji tərəfdaş kimi təqdim edir (enerji, təhlükəsizlik, terrorla mübarizə sahələrində), digər tərəfdən isə bu kimi məhdudiyyətləri saxlayır. Bu isə siyasi etimadı zədələyir. Maraqlıdır ki, 2001-ci ildən sonra ABŞ prezidentləri hər il bu düzəlişi müvəqqəti dayandırır. Yəni faktiki olaraq yardım mümkündür. Amma düzəlişin qalması siyasi mesaj olaraq mənfi təsir yaradır.
Regiondakı yeni reallıqlarla ziddiyyət 2020-ci ildən sonra Cənubi Qafqazda vəziyyət köklü şəkildə dəyişib. Buna baxmayaraq, köhnə hüquqi mexanizmlərin qüvvədə qalması artıq aktual deyil. “907-ci düzəliş”in əsas “dərdi” onun hüquqi mətnindən çox, siyasi simvol kimi qalmasındadır. Bu düzəliş faktiki olaraq çoxdan funksional əhəmiyyətini itirsə də, ABŞ-Azərbaycan münasibətlərində psixoloji və diplomatik maneə olaraq qalır. Bu səbəbdən də son dövrlərdə ABŞ Konqresində onun tam ləğvi ilə bağlı təşəbbüslərin artması təsadüfi sayılmır – bu, həm yeni geosiyasi reallıqlara uyğunlaşma, həm də münasibətləri “köhnə yükdən” azad etmək cəhdidir. Yəni bu məsələ diplomatik maneə olaraq qalır.
Bu səbəbdən də son dövrlərdə ABŞ Konqresində onun tam ləğvi ilə bağlı təşəbbüslərin artması təsadüfi sayılmır – bu, həm yeni geosiyasi reallıqlara uyğunlaşma, həm də münasibətləri “köhnə yükdən” azad etmək cəhdidir. “907-ci düzəliş”in bircə dərdi var və onu birdəfəlik ləğv etmək lazımdır. Konqresin nə vaxt toplanacağı bəlli deyil. Ümumiyyətlə ABŞ Konqresinin Nümayəndələr Palatası (435 yer) və ABŞ Senatına seçkilər Hakimiyyətdə olan respublikaçılar üçün mübarizənin ağır keçəcəyi proqnozlaşdırılır. Ona görə böyük ehtimalla “907”ci düzəlişin ləğvi də yeni Konqresin dönəminə qaldı.
Professor Elxan Mirzəyev aralıq seçkilərə qədər ciddi dəyişiklik gözləmir. Onun sözlərinə görə, sözügedən qanun o halda ləğv oluna bilər ki, Konqresdə böyük səs çoxluğu qazansın: “Buna isə Tramp kimi imicə malik prezidentin dövründə müvəffəq olmaq inandırıcı görünmür. Çünki Konqresdə ABŞ rəhbərliyinə münasibət birmənalı deyil, hətta son hadisələr fonunda kəskinləşib. Üstəgəl, bizim üçün vacib olan bu qanuna okeanın o tayından baxmaq lazımdır. Belə desək, kiçik, amma Cənubi Qafqaza münasibət baxımdan mühüm görünür. Açıq ifadə etsək, maksimum nəticə aktın icrasının dayandırılmasını uzatmaq ola bilər".
Professor bölgədə vəziyyətin gərginləşməsini istisna etmir: "Konqresdə olan anti-Azərbaycan qüvvələr ümid edir ki, gedişat dəyişə, münaqişə başlana bilər. O zaman Ermənistana dəstək, Azərbaycanə yardımsız qoymaq lazım gələcək. Həmin şəraitdə "907-ci akt" da lazım ola bilər. Sadəcə, yaxın dövrdə bunu istisna edirəm. Azərbaycan suverenliyini bərpa edib və bu, Böyük Britaniya başda olmaqla, Qərbi maraqlandıran məsələ idi. Odur ki, yeni eskalasiya və "907-ci düzəliş" əhəmiyyətini itirib. Gəl ki, buna Konqresdə hamı inanmır... "
Müsahibimiz əlavə edib ki, Tramp dövründə bu aktın ləğvi üçün respublikaçıların böyük üstünlüyü olmalıdır: “Amma aralıq seçkilərinə az qalmış belə bir məsələnin gündəliyə çıxarılması gözlənilmir. Hər halda, Azərbaycanın gözləntisi var və ümid edirik ki, Vaşinqton Bakı ilə münasibətlərin daha da inkişaf etməsini nəzərə alaraq, bu əlaqələrə kölgə salan bədnam qərarı tamamilə ləğv edəcək”.
Xatırladaq ki, bu düzəliş 1992-ci ildə qəbul olunub, Azərbaycanın maraqlarına zidd və ölkəmizə ABŞ hökumətinin birbaşa yardımını qadağan edən ədalətsiz qanun idi.
Musavat.com








