Ermənistan hökuməti Axurikdən Türkiyə sərhədinədək uzanacaq dəmir yolunun bərpası və tikintisi ilə bağlı tender elan edib.
Bu barədə Baş naziri Nikol Paşinyan Ermənistanın "İctimai Televiziya"ya müsahibəsində bildirib.
Paşinyanın sözlərinə görə, layihə Ermənistanın öz vəsaiti hesabına həyata keçiriləcək.
“Axurik dəmir yolunun bərpası ilə bağlı artıq tender elan etmişik. Bu işi Ermənistanda öz vəsaitimiz hesabına görəcəyik. Rusiya bunu etməyəcək, çünki bu, bizim mülkiyyətimizdir”, - deyə o vurğulayıb.
Baş nazir qeyd edib ki, layihə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” təşəbbüsünün icrası çərçivəsində həyata keçirilir.
“2026-cı ildə layihələrin praktik mərhələdə icrasına başlanmalıdır. Həm mən, həm də ABŞ Prezidenti Donald Tramp bunu səbirsizliklə gözləyirik”, - deyə Paşinyan əlavə edib.
Paşinyanın Türkiyə sərhədinədək dəmir yolunun tikintisi ilə bağlı açıqlaması regionda nəqliyyat-kommunikasiya layihələrinin gələcəyi baxımından diqqət çəkən siqnallardan biridir. Ermənistanın Axurikdən Türkiyə sərhədinədək dəmir yolu xəttinin bərpası və yenidən qurulması istiqamətində tender elan etməsi təkcə infrastruktur layihəsi deyil, həm də İrəvanın son illərdə formalaşdırmağa çalışdığı yeni regional iqtisadi və siyasi strategiyanın tərkib hissəsi kimi görünür.
Bu addım ilk növbədə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə hesablanmış investisiya kimi dəyərləndirilməlidir. Uzun illər bağlı qalan sərhədlərin gələcəkdə açılması perspektivi fonunda dəmir yolu əlaqəsinin əvvəlcədən hazırlanması Ermənistanın iqtisadi təcriddən çıxmaq və regional logistika şəbəkələrinə inteqrasiya olmaq niyyətini nümayiş etdirir. Xüsusilə, layihənin Ermənistanın öz maliyyə resursları hesabına həyata keçirilməsi barədə verilən mesaj İrəvanın bu istiqamətdə xarici tərəflərdən asılılığını azaltmağa çalışdığını göstərir.
Digər tərəfdən, Paşinyanın layihəni "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” təşəbbüsü ilə əlaqələndirməsi diqqət çəkir. Bu, Ermənistan rəhbərliyinin Qərblə, xüsusilə ABŞ-la siyasi və iqtisadi əməkdaşlığı daha da genişləndirmək niyyətindən xəbər verir. Son illər Ermənistanın xarici siyasətində müşahidə olunan diversifikasiya cəhdləri fonunda bu cür bəyanatlar İrəvanın regional layihələrdə yeni tərəfdaşlar axtardığını göstərir.
Layihənin regional təsirləri də az əhəmiyyət daşımır. Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası gələcəkdə Ermənistanın Avropa və Yaxın Şərq bazarlarına çıxış imkanlarını genişləndirə bilər. Bununla yanaşı, Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması ilə bağlı aparılan müzakirələrə yeni dinamika gətirəcək. Xüsusilə Azərbaycan, Türkiyə və Ermənistan arasında nəqliyyat dəhlizləri ətrafında davam edən danışıqlar fonunda belə layihələr regionun logistika xəritəsinin yenidən formalaşmasına təsir göstərəcək.
Bununla belə, layihənin reallaşması yalnız texniki və maliyyə məsələlərdən asılı deyil. Ermənistan-Türkiyə münasibətlərinin gələcək inkişafı, regional təhlükəsizlik mühiti və tərəflər arasında siyasi iradənin davamlı olması bu təşəbbüsün uğurunu müəyyən edəcək əsas amillərdən biri olacaq. Buna görə də Paşinyanın açıqlaması hazırkı mərhələdə daha çox strateji niyyətin nümayişi kimi qiymətləndirilsə də, onun praktiki nəticələri qarşıdakı illərdə regiondakı siyasi proseslərin gedişindən asılı olacaq.








