Deputat, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Musavat.com-a geniş müsahibə verib.
Budəfəki müsahibəmizdə siyasətdən yox, kənd təsərrüfatından danışdıq. O sahədən ki, bir neçə gün əvvəl ölkə başçısının sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə də çox mühüm məsələlərə toxunuldu, əhəmiyyətli tapşırıqlar verildi. Seçicilərinin bağ-bostanındakı, əkin sahəsindəki, fərdi təsərrüfatındakı vəziyyəti ilə yaxından tanış olan Razi Nurullayev müsahibədə çox maraqlı məsələlərdən bəhs edib, təkliflərini səsləndirib, həmçinin etiraflarını dilə gətirib.
- Razi bəy, bəlkə də parlamentin indiyəqədərki çağırışlarının yeganə deputatısınız ki, hətta fermerin fərdi təsərrüfatına gedib, şəxsən baxış keçirirsiniz, onun tövləsinə girirsiniz, heyvanların saxlanma şəraiti ilə tanış olursunuz. Maraqlıdır, bu qədər həssas yanaşmanıza seçicilərin münasibəti necə olur?
- Seçicilərlə görüşüm zamanı özüm də zövq alıram, elə seçicilərim də zövq alırlar. Doğrudan da səmimi yanaşıram, səmimi söhbət edirəm. Onlar da səmimi qəbul edirlər, çay təklif edirlər, yemək təklif edənlər də olur. Çox gözəl bir ortam yaranır və bu ortamda sadəcə bərabər şəxslər kimi söhbətləşirik. Bəzən onlar da unudurlar ki, mən deputatam. Mən də unuduram ki, deputatam. Elə bil uşaqlıq illərimi, kənddə yaşadığım illəri xatırlayıram və sanki bir dostumla, tanışımla, kəndçimlə oturub söhbət edirəm. Bu ortamda onlar da dərdlərini açıq şəkildə deyə bilirlər, heç nədən çəkinmirlər. Elə bir ortam yaranır ki, hər kəs səmimiyyətlə ürəyindən keçəni danışır və heç kim də artistlik eləmir, dona girmir. Vacib olan mənim üçün bu görüşlərdə odur ki, seçicilərim də, mən də dona girmədən danışırıq, artistlik etmədən görüşürük, söhbətləşirik və bu mənə insanları daha yaxından tanımağa, seçicilərimi daha yaxından hiss etməyə kömək edir. Müəyyən problemləri deyirlər. Elə olur ki, yerindəcə zəng edirəm, problemlərini həll edirəm. Xeyli asan məsələlər olur, bir zənglə həll olunur. Amma elə məsələlər var ki, artıq məhkəmə predmetidir. Elə məsələ var ki, sənəd düzəlməlidir. Ünvanlı sosial yardım almaq üçün prosedurlara, qaydalara uyğun olmalıdır, sənədlərini özü hazırlamalıdır. Məsələn, seçici olur ki, gəlir, deyir ünvanlı sosial yardım almıram. Soruşuram, müraciət etmisən? Deyir, yox. İndi eləsi var müraciət edib, amma qaydalara, standartlara, tələblərə uyğun deyil. Eləsi olur ki, deyir hər hansı məsələ ilə bağlı şikayəti var. Soruşuram ərizə ilə müraciət etmisən? Deyir, yox, heç vaxt etməmişəm. Deyirəm, müraciət etməlisən. Bəlkə onlar sənin problemini həll edəcəklər. Olsaydı, sonra mənə müraciət edərdin, vaxtını da itirməzdin. Bu cür məsələlər olur.
- Bəs rəsmi qurumlardan, nazirliklərdən, səlahiyyət sahiblərindən necə deyərlər, “pis nümunə” yaratdığınıza görə sizə sərt reaksiya göstərirlər?
- Əvvəllər mən çıxışlarımda, görüşlərimdə bir az daha sərt mövqe sərgiləyirdim. Konkret olaraq müəyyən dövlət qurumlarını hədəfə çevirdiyim hallar da olurdu. O məsələlərdə mən haqlı idim. Bu gün də özümü haqsız saymıram. Amma sonra müəyyən təcrübə qazandım və gördüm ki, əgər problemi həll etmək istəyiriksə, onların üzərinə gedib hədəfə çıxartmaq, o qurumları sərt tənqid etmək düzgün yanaşma deyil. Hər halda, əgər biz məsələnin həllini istəyiriksə, mən onunla dostcasına danışa bilərəm, təkliflər deyə bilərəm və dostcasına da müəyyən məsələləri həll etmək olar. Mən ikinci yolu seçdim ki, daha dostcasına yanaşım. Çünki dostcasına yanaşanda gördüm ki, insanların problemlərini də daha asan həll etmək olur. Mənim üçün vacib olan bu deyil ki, daha sərt danışım, sərt ifadələr işlədim və bir çox radikal təbəqələr desinlər ki, “halal olsun”. Mənim məqsədim o deyil. Mən tərif istəmirəm, yaxud insanlardan “sağ ol” almaq üçün işləmirəm.
- İndi çox çətin bir situasiyadır. Bəzən bir kəlməyə görə də həm rəsmi qurumlardan, həm də sadə vətəndaşlardan sərt mövqe görmək olur. Sizdə necədir vəziyyət, daha çox hansı tərəf üstünüzə gəlir?
- Belə götürək ki, ümumilikdə Azərbaycanda ən azından on milyon yarım əhalimiz var. Bunun üç-dörd milyonu sosial şəbəkə istifadəçisidir. Onun içərisində əlli-altmış min insan var ki, deputatın fəaliyyətini bəyənməyə bilər. Amma onlar fikir formalaşdıran insanlardır. Onlar əsasən, hər hansı bir insanın fəaliyyətində mənfi bir cümlə, mənfi bir geyim, mənfi bir davranış, oturuşunda bir mənfilik, danışığında bir mənfilik axtarırlar ki, səni hədəfə gətirsinlər. Bunlar ya keçmiş hərəkatçılardır, ya Əli Kərimli tərəfdarlarıdır, müəyyən bir qismi müsavatçılardır, kiçik bir hissəsi digər siyasi partiyalardandır və ya gözü götürməyənlərdir. Digər bir qismi isə səninlə namizəd olmuş, seçilməmiş şəxslərin qohum-əqrəbası, tərəfdarlarıdır. Bir qismi sənin tənqid etdiyin məmurlar və onların qohum-əqrəbalarıdır. Bir qismi sənə müraciət edən, amma problemini həll edə bilmədiyin insanlardır. O da müəyyən mənada informasiyasızlıqdan, savadsızlıqdan irəli gəlir ki, deputat hər məsələni həll edə bilməz. Sən deputatdan əvvəl hətta prezidentin köməkçilərinin yanında, nazirlərin qəbulunda olmusan, onlar həll edə bilməyiblər. Çünki o məsələnin həll olunması uzun prosesdir və bəlkə də artıq cənab Prezidentə məruzə olunmalıdır ki, bu məsələ ilə bağlı ümumi kateqoriya insanların problemi həll olunsun. 20-30 il ərzində hər yerdə olub, indi mənim üstümə gəlirlər ki, sən həll edə bilmədin, sən can yandırmadın. Bu, belə də olur.
- Xülasə, Razidən narazı qalanlardır onlar, eləmi?
- (Gülərək) Bəli, bəli, narazı qalırlar. Amma bəlkə də onlar özləri də bilirlər ki, səndən əvvəl heç kim kömək etməyibsə, mən necə kömək edə bilərəm qısa müddətdə? Bir də ki, məsələn, bu yaxınlarda uşaqpulu ilə bağlı məni hədəfə gətirdilər. Halbuki, mən bu məsələni deməmişəm. Tamamilə deməmişəm. Ümumiyyətlə, mina təmizləmə və s. ilə bağlı. O insanları araşdırdım. Bunu ilkin yayan şəxsin adı yadımdan çıxdı, Sabirabadın Axtaçı kəndindəndir. O da köhnə hərəkatçıdır. Özünü hərəkatçı hesab edir, özünü Rəsulzadəçi hesab edir və s. Bilmirəm kimdir, böyükdür, kiçikdir, amma mənə dedilər ki, nəvələrini də paylaşır. Demək ki, yaşlı, saqqalı ağarmış adamdır. Amma onun yaşı, saçı-saqqalı boş yerə ağarıb. Yaşı, saçı-saqqalı ağarmış adam şər atmaz, şəxsiyyətini o qədər alçaltmaz. O, bir alçaq hərəkət etmişdi. Partiyanın hüquqşünası artıq sənədləri hazırlayıb, onun günahından keçən deyiləm, mənə şər atdığına görə. Artıq hüquqşünasım onu məhkəməyə verir. İndi onlar bilirlər nə edəcəklər, amma o, cəzalandırılacaq.
- Deyəsən, siz ilk dəfədir belə sərt addım atırsınız, eləmi?
- Mən heç vaxt nə jurnalisti, nə bloqeri, nə də vətəndaşı məhkəməyə verməyə meylli olmamışam. Çox nadir hallarda bu addımı atıram, amma geri çəkilmirəm heç vaxt. Sonuna qədər gedirəm və bilirəm ki, haqlıyam, onu cəzalandırıram. Belə hallar bir neçə dəfə olub. Mən bunu ictimailəşdirməmişəm. Çünki mən o cür adam deyiləm. İnsanların cəzalandırılmasının tərəfdarı deyiləm. Məni haqsız və haqlı yerə tənqid edənlər də çox olur. İçərisindən min nəfərdən birini seçərəm ki, artıq o mənə çox pis təsir edərsə, onun cəzalandırılmasına nail oluram da və bu şəxs də mütləq şəkildə cəzalandırılacaq. Amma ümumilikdə düşünürəm ki, mən tərif üçün, şan-şöhrət üçün çalışmıram. Mən vəzifəmi yerinə yetirirəm və bu mənə xoş gəlir. Kimlərinsə gözü götürmür, bu addımları atırlar. Amma bir çoxlarına da ona görə baş qoşmuram ki, indi insanlar baxış xəstəliyinə, “like”, çoxlu bəyənmə almaq, daha çox paylaşım əldə etmək xəstəliyinə tutulublar. O düşünmür ki, mən insanların illərlə, onilliklərlə yığdığı siyasi baqajı bir paylaşımla zədələyə bilər. Bunu nəzər almadan, 50-100 min baxışa görə düşünmədən bu addımı atır və vicdanı qarşısında hesabat vermir. Belələri çox namərd, cahil insanlardır.
- Sosial şəbəkədə də çox fəalsınız, hər görüşünüzü, səfərinizi paylaşırsınız, təqdir edənlərlə yanaşı, tənqidlər də çox olur. Son günlər sizin əleyhinizə sosial şəbəkədə təbliğat aparılmasını da müşahidə edirik. Bu, sizə təsir edirmi? Belə hallarda heç düşünmürsünüzmü ki, nəyimə lazımdır, çəkilim, oturum bir kənarda, sakitcə deputatlığımı edim?
- Olur. Mənə bir çox insanlar deyir ki, Razi müəllim, sən nə qədər insanlarla görüşürsən, hər kəsin yanına gedirsən, bunu eləyirsən, amma görürsən, lazım olan məqamlarda müdafiə etdiyin, kömək etdiyin, hətta minlərlə dəsək olduğun insan çıxıb səni müdafiə etmirlər. Deyirlər niyə orada şərhin altında yüzlərlə, minlərlə başqa insanlar şərh yazmır? Ona görə onlara etibar yoxdur, yaxşısı budur sən həmişə özünü qoru. Mən bununla razı deyiləm. Açığı deyim ki, belə fikirləri deyəndə mən də hərdən depressiyaya düşürəm ki, əşi, otur yerində də, nəyə lazımdır? (Gülür) Çünki dost-tanışlar da zəng eləyir ki, sənin haqqında belə yazıblar. Deyirəm, eləsinlər də. Bu gün kimin haqqında yazmırlar ki? Bu gün dünyada bəlkə də 20 faiz insan var ki, Allaha asilik gedir, Allahın, dinin varlığına, vicdanın olmasına inanmır. Elə kateqoriya var, namusun olmasına inanmır. Hər cür kateqoriyadan insan var dünyada. İndi burada tənqid eləsinlər, nə var ki? Siyasətdəsənsə, tənqid edəcəklər. Mən o məsələlərə kompleksli yanaşmıram, başa düşməyə çalışıram. Amma istəməzdim ki, insanlar da vicdansızlıq eləsinlər. Dediyim, bayaq adını çəkdiklərim də bu kateqoriyaya aid insanlardır ki, onlar üçün yaxşı heç nə yoxdur. Onlar baxış almaq istəyir, paylaşım etmək istəyir. Bəziləri də sənə təzyiq göstərir ki, sən onlara çıxasan, o da desin ki, yaxşı onda - indi özünə “bloqer” deyən, özünü “fenomen” sayan, özünü bir məzmun yaradan şəxs hesab edən adamlar - mən sizə hörmət edib çıxıram, sonra gəlsin, səndən bir xahiş eləsin, nəsə istəsin. Belə marağı olanlar da var. Olsun e, mən onlara o qədər pis yanaşmıram. Amma insana şər, böhtan atmaq ən pis şeydir.
- Sizin fəaliyyətinizi izlədikcə, bəzən sanki bir kənd təsərrüfatı naziri, yaxud da ümumiyyətlə kənd təsərrüfatı sektoruna rəhbərlik edən ideal bir məmur obrazı yaranır adamın gözünün qarşısında. Bu sahə ilə bağlı nə vaxtsa təkliflər olmayıb ki?
- Yox, mən Milli Məclisdə Aqrar siyasət komitəsinin sədr müaviniyəm. Bu həm də mənim işimdir, kənd təsərrüfatı ilə bağlı… Mənim Məcun müəllimin (kənd təsərrüfatı naziri-E.P.) yerində gözüm yoxdur. (Gülür) Çox gözəl insandır, gözəl münasibətimiz də var. Ümumiyyətlə, kənd təsərrüfatında işləyən insanların hamısı çox əxlaqlı, mədəni, dövlət əxlaqına malik insanlardır. Münasibətlərimiz çox yaxşıdır. Amma müəyyən narazılıqlarım olur ki, kənd təsərrüfatına yanaşmaları bəzən məni qane etmir.
- Nazirin özü ilə danışmısınız?
- Bəli, görüşümüz çox olur, münasibətimiz də var. Əlbəttə, istədiyimiz vaxt danışa da bilərəm, təklif də verə bilərəm. Son zamanlar oraya müəyyən mütəxəssislər cəlb olunur.
Mənə elə gəlir ki, kəndin içində torpaqla əlləşməyən, dırnaqlarının arasına torpaq girməyən insan kənd təsərrüfatını yaxşı anlaya bilməz. Kənd təsərrüfatı elədir ki, gərək sən maldarlığı bilmək üçün o malın tövləsinə girəsən, o peyinə ayağına batsın, sonra ayaqqabını təmizləyəsən, heyvanın peyininin iyini alasan və o iydən iyrənməyəsən. Çünki kənd təsərrüfatı belədir. Ümid edirəm ki, orada müəyyən işlər gedəcək. Amma müəyyən məsələlərdə də kənd təsərrüfatında olan yanaşmalar tam olaraq məni qane etmir. Məsələn, mən bu yaxınlarda ərik bağına getmişdim. Mirnamiq müəllim fermerdir, o, ərik bağı salıb, amma subsidiyasını ala bilmir. Nədir ki, o, tirə üsulu ilə əkməyib. Amma heç şumlanmayan 17 min hektarlıq sahəyə sahəyə subsidiya verilib. İndi onu Auditorlar Palatası ortaya çıxardı. Tirə üsulu budur ki, yerin altında qrunt suları ola bilər. Bir az onu tirələyib hündür eləməlisən, torpaq əkməlisən. Saatlı-İmişli, Aran zonası da çox isti zonadır. Torpağı tez quruyur və onların xərcini artırır ki, hər gün su verməlisən. Amma orada dövlət Mil-Muğan kollektoru çəkib. Orada heç on metr qazsan, su çıxmır. Və orada da qanunda müəyyən müddəalar var ki, əgər orada qrunt suları yoxdursa, tirə üsulu olmaya da bilər. Amma buna baxmayaraq, mən böyük xərc çəkmişəm, maşınımla ora getmişəm, məsələni ictimailəşdirmişəm, danışmışam. İkinci dəfə ora Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevlə gedib, ora baxmışıq. Hər gün də onunla danışıram, bunları nazir müavinlərinin hamısının nəzərinə çatdırmışam, yazılı müraciət eləmişəm, videoları göndərmişəm. Amma hələ də fikirləşirlər. Artıq konkret insan ortaya böyük nəticə qoyub, iş yeri açıb, məhsul bolluğu yaradıb. Adam gözəl iş qurub. Gedib ona sertifikat vermək lazımdır. Onu çağırıb “sağ ol” demək, onun başını tumarlamaq, təşəkkür etmək lazımdır. Ona demək lazımdır ki, sənə daha yaxşı şərait yaradacağıq. Amma adamın subsidiyasını vermirlər. Bu da insanları bir az bezdirir, çəkindirir. Lakin düşünürəm ki, biz onu həll edə biləcəyik. Amma bundan sonrakı məsələlərdə daha optimal yanaşmalar ortaya qoymaq lazımdır.
-Hesab edirəm ki, həm sizin bu təşəbbüsləriniz nəticə verəcək, həm də sahibkarların, fermerlərin narahatlığı ilə bağlı problemlər ortadan qalxacaq. Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə verilən tapşırıqlar hesab edirəm ki, ölkənin, sahibkarların mənafeyi baxımından çox faydalı olacaq. Həm də sizin o mövqelərinizi gücləndirəcək. Sizin gözləntiləriniz necədir?
- Cənab Prezidentin kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirə və sonra qəbul olunan yeni proqram tam olaraq ürəyimdən xəbər verdi, mənə çox ləzzət elədi. Həqiqətən sevindim və ümid edirəm ki, onun həyata keçirilməsinə tez bir zamanda başlanacaq. Bütün arzularım, dediklərim, təkliflərim hamısı orada yer alıb. Amma bu qanunlar qəbul edilir, yeni proqramlar olur, həyata keçirilməsində isə müəyyən problemlər yaranır. Ümid edirəm ki, onun həyata keçirilməsində daha çevik qərarlar olacaq, daha çevik addımlar atılacaq. İndi kənd təsərrüfatı ilə bağlı yəqin ki, bizim komitənin də görüşləri olacaq. Mənim özümün də ayrı-ayrı istəklərim, təkliflərim var. Görüş keçirəcəyəm, onların hamısını nəzərlərinə çatdıracağam. Hər halda, bu gün Azərbaycanda iş yerini kütləvi yaradan və kənddən şəhərə axını dayandıran kənd təsərrüfatının inkişafı və rəqabətli kənd təsərrüfatı ola bilər ki, orada insanlar kənd təsərrüfatı ilə məşğul olsun və pul qazana bilsinlər. Həmçinin daha ədalətli şəkildə verilmiş və az faizli kreditlərə çıxışları olsun, daha yaxşı differensiallaşdırılmış və coğrafiyaya uyğun müəyyən edilmiş subsidiya ala bilsinlər, məhsullarının satışı ilə bağlı marketlərə daha gözəl çıxışları olsun və bəzi məhsulları da dövlət alsın, su təminatı daha da yaxşılaşdırılsın, eyni zamanda artıq daha çox əkin yox, daha çox məhsuldarlıq prinsipinə keçirilsin. Burada vacib bir məqamı da demək istəyirəm. Hal-hazırda kənd təsərrüfatı ilə fermerlər, kəndlilər arasında koordinasiya pozulub. Onlar bir-birini başa düşə bilmirlər. Ən böyük problem budur və mən istəyərdim ki, bunu kiçik bir başlıq kimi verəsiniz: Kənd Təsərrüfatı Nazirliyi ilə fermerlər, kəndlilər bir-birini başa düşə bilmir, onlar arasındakı balans pozulub, onlar bir-birini anlaya bilmirlər. Mən düşünürəm ki, burada ciddi maarifləndirmə tədbirləri keçirilməlidir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi subsidiyanı verir, amma yenə də kəndlilər o subsidiyanı müxtəlif vasitələrlə pul vəsaitinə çevirmək istəyirlər. Subsidiya gübrə, əmtəə şəklində verilir, amma kəndlilər onu bəzən istifadə edir, bəzən istifadə etmir, bəzən də qeyri-qanuni yollarla pula çevirmək istəyirlər. Burada balans tapılmalıdır ki, bu kəndli, fermer bunu niyə belə edir? Deyirəm get, gübrə, sertifikatlaşdırılmış toxum al. Sən bunu almırsan, gedib özbaşına başqa bir toxum alırsan, daha ucuz gübrə almaq istəyirsən, dərmanlamaq istəmirsən, onu pula çevirmək istəyirsən. Çünki kəndçi düşünür ki, mən azotu, selitranı verəndə də məhsuldarlıq eyni olur, verməyəndə də. Və bütün bunların hamısını kəndçi ilə uzlaşdırmaq lazımdır. Kənd Təsərrüfatı Nazirliyi fermerlə, kəndçi ilə oturub uzlaşmalıdır. Yoxsa mən qaydanı belə qurmuşam, sən belə etməlisən, o da eləmir, nəticədə ümumi məhsuldarlığa ziyan gəlir, ümumi işlərə ziyan gəlir. Məsələn, deyir ki, mən demişəm ki, sən belə etməlisən. Bir danış, gör niyə etməlisən? Əmr verirsən ki, belə etməlisən. Mənə elə gəlir ki, bəzi fermerlər var, kənd təsərrüfatında işləyən bəzi insanlardan daha çox təcrübəlidirlər. Onlar bəzi məsələləri daha yaxşı da bilə bilərlər. Niyə onların məsləhətinə qulaq asmayaq ki? Niyə kənd təsərrüfatında oturan insanlar deyir ki, biz qərar qəbul edirik, belə olmalıdır? Ona görə də bu məsələlər fermerlərlə bərabər, kəndçilərlə bərabər, əkinçi ilə, suçu ilə, aidiyyəti şəxslərlə oturub müzakirə edilməli, qərarlar elə qəbul olunmalıdır. Amma oturub kabinetdə qərar verirlər ki, biz deyirik ki, kənd təsərrüfatı belə getməlidir. Mən düşünürəm ki, bu, yanlışdır. Kənd təsərrüfatı ilə bağlı qərarlar da elə kəndlərdə, kəndiçilərlə bir yerdə verilməlidir. O, ərik sahəsində, alma sahəsində verilməlidir, buğda sahəsində, pambıq sahəsində oturub qərar qəbul edilməlidir ki, yox, indi biz bunu belə etməliyik. Amma oturub kabinetdə…
Bəzən elə də olur ki, indi çox bacarıqlı gənclərimiz var. Amma elə gənclər də gətirilir, onlar kənd təsərrüfatının ümumi prinsiplərini bilmirlər. Təhsilləri də o sahə üzrə deyil. Və gedib ümumi şəkildə düşünür ki, məsələn, internetdə, ChatGPT-də bir axtarış edir, düşünür ki, İsraildə bu qaydalar var, Amerikada kənd təsərrüfatı bu cür inkişaf etdirilir. Amma bura Amerika, İsrail, bura Yaponiya deyil. Bizim millətimizin bəzi məsələlərdə mentalitetini də nəzərə almaq lazımdır, suyumuzu da nəzərə almaq lazımdır. Mentalitetimizi də, vətəndaşlarımızın davranışını da, insanlarımızın ümumi məsələlərə baxışını da, insanların hər bir şeyi qanunsuz həll etməyə meyillərini də. Hər bir məsələ nəzərə alınmalıdır. Biz ancaq oradan götürüb köçürək, gəlib burada qoyaq və deyək ki, elə bu cür olmalıdır, görürsən ki, işləmir.
- Razi bəy, siz danışdıqca “Böyük dayaq” filminin baş qəhrəmanı Rüstəm kişinin keçirdiyi iclas yadıma düşdü…
- (Gülür) Bəli. Məhsuldarlığın artırılması ilə bağlı. Amma Rüstəm kişi səhv etmişdi. O düşünürdü ki, ancaq təkbaşına qərar verməlidir, belə olmalıdır, başqa cür ola bilməz. Ona görə də pərdəarxası öz-özü ilə danışanda deyirdi ki, “get xalqla məsləhətləş, xalqın sözünə qulaq as”. Mən düşünürəm ki, kənd təsərrüfatında ciddi irəliləyişlər var, ciddi şəffaflıq da yaradılıb və mən bunu bəyənirəm. Amma bununla bərabər, yeni qəbul olunan qərarların və proqramların kənd təsərrüfatının inkişafında doğrudan da dönüş yaradacağını və insanların kənddən şəhərə axınını dayandıracağını düşünürəm. İnsanlar yenə də rəqabətli iş tapacaq, pul qazana biləcək, məhsulunu satıb normal şəkildə yaşaya biləcək. Bunun üçün differensiallaşdırılmış və fərqli coğrafiyalara uyğun fərqli subsidiyaların verilməsi vacib şərtlərdən biridir.
- Dövlət başçısı həm şəhərə axının qarşısının alınması, hətta geri dönüşün reallaşması baxımından, eyni zamanda idxaldan asılılığın azaldılması, ixracyönümlü məhsullara diqqətin artırılması və qeyri-neft sektorunun inkişafı baxımından konkret tapşırıqlar qoyub. Hesab edirəm ki, bu istiqamətdə sizin də fikirləriniz faydalı olacaq.
- Təşəkkür edirəm. Son nəticədə mən düşünürəm ki, ümumiyyətlə, müəyyən bir nəticə əldə olunacaq. Çünki 4 il yarım ərzində kənd təsərrüfatına haradasa 6 milyard manata yaxın vəsait yatırılmalıdır. Bu, çox böyük vəsaitdir və doğrudan da kənd təsərrüfatında inqilabi dönüş yaratmağa imkan verə biləcək bir rəqəmdir.
- Özünüz hansısa bir təsərrüfat sahibisiniz?
- Yox, mənim bir təsərrüfatım yoxdur. Amma mənim çox marağım var və bəlkə də nə zamansa bu da olar. Öz bağımda əvvəllər müxtəlif ağaclara qulluq etmişəm, meyvə ağaclarını sevirəm. Hətta onlara qulluq etməyi də bilirəm. Bunlarla bağlı məlumatlıyam və xoşuma da gəlir. Amma birinci növbədə onu etmək üçün zaman lazımdır. Həm də mən deputat kimi bizneslə məşğul olmalı deyiləm. Əgər mən gedib bağ salacağamsa, bu, mənim bizneslə məşğul olmağım anlamına gəlir. Deputat isə bizneslə məşğul olmamalıdır, qanunla bu, qadağandır. Amma mən qohum-əqrəbaya, tanışlara, digər insanlara da deyirəm, gedin bir-iki hektar yer alın, biriniz alça bağı, biriniz ərik bağı, biriniz gilas bağı salın. Lakin əvvəlcə mütləq şəkildə aidiyyəti dövlət qurumu ilə, kənd təsərrüfatının inkişaf mərkəzi ilə məsləhətləşin ki, bu torpaqda nə əkmək, nə yetişdirmək olar? Məsələn, İmişlidə gedib albalı əkmək olmaz. Aran zonasında iqlimə görə albalıda problemlər yaranır. Meyvə standart formada olmur. Onu bazarda satmaq çətin olur, ancaq özün istifadə edə bilərsən. Ona görə də hər bir məsələni əvvəlcədən aydınlaşdırmaq lazımdır. Bu məsələləri dövlət orqanları, məsələn, kənd təsərrüfatının inkişaf mərkəzləri çox yaxşı bilirlər. Onlarla məsləhətləşmədən gedib nəsə əkmək düzgün olmaz. İnsanlarımız da bəzən buna uyğunlaşmalıdır, bu həqiqətləri qəbul etməlidir ki, sonradan bu cür problemlərlə üzləşməsinlər.








