Babası ev dustağı olan Hikmət Əliyev hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı Türkiyə, Fransa, İngiltərə və Serbiyada biznes şəbəkəsini sürətlə genişləndirir
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin istintaqa cəlb olunmasından 6 ay ötür. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb. Səbayel Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçib. Ötən ilin 14 oktyabr tarixində verilmiş 4 aylıq qətimkan tədbiri qərarı bu ilin fevralında növbəti dəfə 4 ay müddətinə uzadılıb. Beləliklə, 8 aylıq müddət bu ilin iyununda yekunlaşır.
Bu arada isə Ramiz Mehdiyevin nəvəsi Hikmət Əliyev haqqında yeni məlumatlar yayılıb. Sabiq deputat İlham Əliyevin oğlu olan Hikmət Əliyev zaman-zaman dəyəri milyonlarla ölçülən sərvəti ilə ölkə mediasının gündəminə gəlib, onun lüks həyat tərzi sosial mediada geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, “milyoner nəvə” 2025-ci ildə daha çox Dubay macəraları və bahalı avtomobillərlə gündəmə gəlmişdi. Həmin dövrdə bununla bağlı ölkə mediasında çoxsaylı məqalələr və videomateriallar dərc olunmuşdu.
Dia.az-ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyevin nəvəsi hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı Türkiyə, Fransa, İngiltərə və Serbiyada biznes və daşınmaz əmlak şəbəkəsini sürətlə genişləndirməkdədir. Belə ki, Hikmət Əliyev bu ölkələrdə əsasən villalar və ictimai iaşə obyektləri alıb və onların bir çoxunu qısa müddət sonra icarəyə verib. Bununla yanaşı, son bir il ərzində Hikmət Əliyev öz avtomobil kolleksiyasını əhəmiyyətli dərəcədə genişləndirib, həm say, həm də dəyər baxımından onu daha da zənginləşdirib. Onun Avropa və Şərq ölkələrində əyləncələrə xərclədiyi böyük məbləğlər də diqqət çəkməyə başlayıb. Artıq Hikmət Əliyevin xarici ölkələrdə bəzi media orqanları və blogerlərin diqqət mərkəzinə düşdüyü iddia olunur. Bu isə o deməkdir ki, onun lüks yaşamı və sərhəd tanımayan əyləncə həyatı Azərbaycanın adının gəzib-dolaşdığı ölkələrdə mənfi kontekstdə hallanmasına səbəb ola bilər. Onun xüsusilə Avropada aldığı villalar və ictimai iaşə obyektləri, eləcə də milyonlarla ölçülən avtomobil kolleksiyası beynəlxalq maliyyə monitorinqi orqanlarının da diqqətini cəlb edə bilər.
Bəs Hikmət Əliyevin sağa-sola xərclədiyi bu vəsaitlərin mənbəyi haradandır?
Bu sualın cavabı üçün geniş istintaq tədbirlərinə ehtiyac var. Lakin ortada olan və illərdir mətbuatın gündəmindən düşməyən, Hikmət Əliyevin atası İlhamın birbaşa fiqurantı olduğu zəbt, mənimsəmə və ələ keçirmə iddiaları ilə bağlı çoxsaylı faktlar mövcuddur. Məsələn, şabranlı sahibkar Mansur İbrahimovun yüz hektarlarla torpaq sahələrinin və şirkətlərinin ələ keçirilməsi ilə bağlı birbaşa Hikmət Əliyevin atasının adı keçir. Mansur İbrahimov Ramiz Mehdiyev istintaqa cəlb olunan günün səhəri Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edərək, onun kürəkəni, eks deputat İlham Əliyev vasitəsilə şimal bölgəsində törədilən cinayətlərlə bağlı materiallar təqdim edib. Sahibkar Musavat.com-a açıqlamasında deyib: “Ramiz Mehdiyev Azərbaycana, onun iqtisadiyyatına böyük zərər vurub. Onun təzyiqləri ilə mənim kimi yüzlərlə sahibkar çökdürülüb, biznesləri əllərindən alınıb”.
Mansur İbrahimov bildirib ki, xüsusilə Şabranda baş vermiş və Ramiz Mehdiyevin, eləcə də onun kürəkəni İlham Əliyevin adı ilə bağlı olan cinayət faktları barədə iki qovluq materialı lazımı orqanlara göndərib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan bəhrələnərək kənd təsərrüfatı ilə məşğul olub, yüzlərlə iş yeri yaradıb, lakin sonradan təzyiqlərlə üzləşib. Sahibkar iddia edir ki, İlham Əliyev şəriklik adı ilə onun biznesinə daxil olaraq heç bir vəsait qoymadan şirkətlərini və torpaqlarını ələ keçirib. Mansur İbrahimovun sözlərinə görə, məhkəmələrdə də haqlı olsa da, hakimlər qərarları Ramiz Mehdiyevin kürəkəninin xeyrinə çıxarıblar. O, həmçinin iddia edir ki, 3 milyon manatlıq alqı-satqı müqaviləsi sənədlərdə cəmi 5 min 600 manat kimi göstərilib və həmin vəsait də faktiki olaraq özü tərəfindən ödənilib. Bakı Kommersiya Məhkəməsində keçirilən iclasda İlham Əliyevin ödəniş etmədiyini etiraf etdiyi də qeyd olunur. Sahibkar deyir ki, Ramiz Mehdiyev və onun kürəkəni Şimal zonasında aqrar sahədə həyata keçirilən dövlət siyasətinə zərbə vurub, biznesləri ələ keçirib və sosial narazılıq yaratmağa çalışıblar. Mansur İbrahimov qeyd edir ki, ona məxsus olan və İlham Əliyev tərəfindən zəbt olunmuş torpaqlarda hazırda Hikmət Əliyevin adına “Hikmət Aqro” adlı şirkətin fəaliyyət göstərir.
Hikmət Əliyevin barəsində son məlumatlara münasibət bildirən Mansur İbrahimov deyib ki, Ramiz Mehdiyevin nəvəsi onu vəsaitləri hesabına Avropada kef çəkir: “Onun sağa-sola xərclədiyi pulları atası İlham mənim zəbt olunmuş bağlarımdan əldə edir. Proses bu gün də davam edir, hələ də mənim meyvə bağların İlhamın zəbti altındadır. Ümid edirəm ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış istintaq çərçivəsində Ramiz Mehdiyevin başçılığı altında mənə qarşı törədilən cinayətlər araşdırlacaq, onun kürəkəni İlham, mənim pullarım hesabına xaricdə kef çəkən nəvəsi də istintaqa cəlb olunacaqlar”.
Musavat.com









