Vergi borcunu sildirmək istəyən iş adamı dələduzluqla üzləşib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş adamı Z.Nuraliyevin fiziki şəxs kimi dövlətə 32 000 manat vergi borcu yaranıb. O, borcu sildirmək üçün yollar arayıb.
Həmin vaxt Z.Nuraliyevin təsis etdiyi şirkətdə mühasib işləyən Y.Mehrabov Dövlət Vegri Xidmətində əlaqələrinin olduğunu deyərək iş adamına bu məsələdə yardımçı ola biləcəyini deyib. Bunun müqabilində Z.Nuraliyevdən hissə-hissə olmaqla 15 000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra Y.Mehrabov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayevin sədrliyi ilə baxılıb. Y.Mehrabov məhkəmə zamanı özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.
Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Y.Mehrabovun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.









