“Son günlərdə İran, ABŞ və İsrail arasında müharibənin dərinləşməsi beynəlxalq iqtisadi sistem üçün ciddi riskə çevrilib. Mövcud şərtlər göstərir ki, proses qısa müddətdə səngiməzsə, dünya iqtisadiyyatında enerji qiymətləri və inflyasiya üzrə konkret və ölçülə bilən dəyişikliklər baş verəcək. Bu ssenarinin gerçəkləşməsi isə artıq çox da uzaqda deyil”.
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, ən həssas istiqamət enerji bazarıdır: “İranın coğrafi mövqeyi və xüsusilə Hörmüz boğazı üzərindən keçən gündəlik neft axını qlobal təklifin təxminən beşdə birini təşkil edir.
Hal-hazırda İranın Hörmüz boğazını bağlaması enerji bazarında qiymətlərin qalxmasına çox ciddi təsir edəcək. Əgər müharibə genişlənərsə, qısamüddətli pik hədd 120 dollara qədər yüksəlməsi gözlənilir. Bu isə qlobal inflyasiyanı orta hesabla əlavə 1–1,5 faiz artıracaq, hətta bəzi ölkələrdə əlavə faiz artımı gündəmə gələ bilər”.
“Enerji qiymətləri artdıqca istehsal və logistika xərcləri də yüksələcək. Müharibənin uzanması nəticəsində idxaldan asılı ölkələrdə istehlak qiymətləri 6–12 ay ərzində əlavə 3–5 faiz artması gözlənilir. Sənaye sektorunda, xüsusilə enerji tutumlu sahələrdə istehsal həcmi azalacaq. Əgər müharibə dayanmasa, beynəlxalq iqtisadi artım tempində 0,5–1 faiz aralığında zəifləmə ola bilər. Maliyyə bazarlarında isə qızıl və digər qoruyucu alətlərə tələbatın artması gözləniləndir. Bu tendensiya davam edərsə, inkişaf etməkdə olan ölkələrdə valyuta təzyiqləri və maliyyə sabitliyində risklər ortaya çıxa bilər”-deyən Əli Səlimov bildirib ki, belə münaqişələrin sayı artarsa və uzun müddət davam edərsə, enerji bazarında yeni balansın formalaşması qaçınılmazdır.
“Enerji idxalından asılı olan ölkələr, xüsusilə də Avropa dövlətləri alternativ enerji layihələrinə investisiyaları artıracaqlar. Bu da geoiqtisadi prioritetlərin yenidən müəyyənləşməsinə təsir edəcək. Alternativ enerji mənbələrindən istifadənin genişlənməsi birmənalı olaraq enerji idxalının kəskin şəkildə aşağı salacaqdır”-deyə iqtisadçı qeyd edib.
“Müharibə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərəcək, amma enerji ixracatçısı olduğumuz üçün neft və qaz qiymətlərinin qalxması gəlirlərin artmasına imkan yaradacaq. Bu gəlirlər dövlət büdcəsinin möhkəmlənməsini və iqtisadi artımı dəstəkləyəcək. Qiymətlərin uzun müddət yüksək qalması isə inflyasiya təzyiqləri yarada bilər, lakin düzgün iqtisadi idarəetmə və ehtiyatlı strategiya ilə bu təsirlər minimuma endirilməsi mümkündür”-deyə Əli Səlimov vurğulayıb.
Əli Səlimov hesab edir ki, bütün bunlara baxmayaraq, hal-hazırda ən real ssenari enerji qiymətlərinin yüksək qalması və inflyasiya təzyiqlərinin artması olacaq, lakin müharibə qısa müddətdə bitərsə, bazarlar tədricən sabitləşəcək və qiymətlər yavaş-yavaş normala qayıdacaq.









