Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin əsas sütunlarından biri olan pul siyasəti 2026-cı ildə də Mərkəzi Bankın əsas mandatı olan qiymət sabitliyinin qorunması istiqamətində formalaşdırılıb. Belə ki, inflyasiyanın hədəf diapazonu daxilində saxlanılması, pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və faiz kanalının ötürücülüyünün gücləndirilməsi Mərkəzi Bankın prioritetləri sırasında yer alıb.
Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, cari geosiyasi vəziyyət və enerji bazarındakı dalğalanmalar manatın sabitliyi üçün müəyyən risklər yaradır. Onun sözlərinə görə, neftin qiymətindəki kəskin dəyişikliklər, qonşu ölkələrdə siyasi gərginliklər və qlobal maliyyə bazarlarında qeyri-sabitlik valyuta bazarına təsir göstərə bilər.
Ekspert qeyd edib ki, orta müddətli perspektivdə manatın dəyəri əsasən ölkənin ixrac gəlirləri, maliyyə ehtiyatları və Mərkəzi Bankın siyasətindən asılı olacaq. Uzunmüddətli ssenarilərdə isə enerji resurslarının qiymətlərində sabitlik, iqtisadi diversifikasiya və xarici investisiyaların cəlb olunması milli valyutanın möhkəmlənməsini təmin edə bilər. Əks halda, müəyyən devalvasiya risklərinin qalacağı istisna edilmir.
Akif Nəsirlinin sözlərinə görə, dollarlaşma meyillərində son dövrdə müəyyən dəyişikliklər müşahidə olunur. Əhalinin və biznesin bəzi seqmentlərində dollarla əməliyyat aparmaq meyli hələ də qalır. Lakin Mərkəzi Bankın həyata keçirdiyi tədbirlər, manatın sabitliyi və iqtisadi göstəricilərdəki müsbət tendensiyalar dollarlaşmanı azaldan amillər kimi çıxış edir. Ekspert əlavə edib ki, vətəndaşlar gündəlik əməliyyatlarda daha çox manatdan istifadə etsələr də, yüksək məbləğli əməliyyatlarda hələ də xarici valyutaya üstünlük verilir.









