Azərbaycan kimi kiçik ölkəyə bu qədər alim, professor, akademiya ordusu nəyə lazımdır? Yeyinti və büdcə itkisindən başqa nə verir?
Bizim əvəzimizə Avropa, Amerika, Yaponiya onsuz da hər şeyi kəşf edir. Bizə indi “kəşfiyyatçı alim” yox, yüngül sənayeni qaldıracaq mütəxəssis lazımdır.
Pambıq tarlada yetişsin, yüngül sənaye onu ipliyə çevirsin, iplikdən parça toxunsun, parçadan da tuman tikilsin. Dəyər zənciri budur, pambıq nümunədir.
Azərbaycan Milli Elmlər Akademiyası isə hər il büdcədən 50-60 milyon yeyir. Bir-iki şöbə, bir kitabxana qalsa bəs edər. O 50 milyona 300 min qoyun düşür. Hər il alıb Allahın ümidinə dağlara buraxsaq, xalqa o qoca alimlərdən, profesorlardan daha çox xeyri dəyər.
Ölkədə muzdla çalışanların sayı 1,7 milyondur. Onların 864,2 mini dövlət sektorunda işləyir. Yəni hər iki nəfərdən biri büdcədən maaş alır.
Büdcəyə yükdən başqa, bu qədər adam Azərbaycan Milli Elmlər Akademiyası, Statistika Komitəsi, rəsədxana və müxtəlif araşdırma mərkəzləri kimi mənasız yerlərdə paslandırılır.
Müəllif: Orxan Atabəy - Mənbə: "DİA-AZ"









