Ötən həftə RİNN yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi 2025-ci ilin Hesabatını açıqlayıb.
Sektorunun tənzimləyici qurumunun illik hesabatına baxanda açıq şəkildə görünür ki, sənəd tənzimləyici qurumun deyil, hansısa bir uçot-sttaistika yönümlü qurumun əsasən texniki-statistik göstəricilərin təqdimatıdır.
Sürətlər ölçülüb, abunəçilər sayılıb, uçot işləri aparılıb, reyestrlər yenilənib.
Amma sektorun real problemləri yenə də kənarda qalıb.
Cəmiyyəti narahat edən, ictimai əhəmiyyət kəsb edən aşağıdakı mövzularla bağlı İKTA-nın Hesabatında heç nə tapa bilmədim :
- İnternet tariflərində seçim hüququnun olmaması ilə bağlı Hesabatda heç nə yoxdur
- Mobil operatorların qiymət siyasəti barədə mövqe yoxdur
- 5G lisenziyalarının nə vaxt və hansı şərtlərlə veriləcəyi barədə konkretlik yoxdur.
– Bazarda provayderlərin real dominantlıq problemi və rəqabətin faktiki vəziyyəti barədə analiz yoxdur
– Virtual mobil operatorlar məsələsi ümumiyyətlə gündəmə gətirilmir
– Dövlətə məxsus GPON infrastrukturundan özəllərin istifadə qaydaları ilə bağlı heç nə yoxdur.
– Regionlarda internetin əlçatanlığı və qiymət–gəlir balansı barədə heç bir qiymətləndirmə yoxdur (dövlət provayderi regionlarda heç bir güzəşt təqdim etmir)
– Müştərinin internet xidmətini əldə edə bilməməsilə bağlı kompensasiya mexanizmləri barədə hesabat susur və s.
Tənzimləyici qurum yalnız ölçən və qeydə alan orqan olmamalıdır. Onun vəzifəsi bazara real təsir etmək, rəqabəti formalaşdırmaq, istehlakçının maraqlarını qorumaq və qiymət balansını təmin etməkdir.
Əgər bu məsələlər hesabatlarda görünmürsə, bu ya prioritetlərin düzgün qurulmamasıdır, ya da problemlərə toxunmaqdan yayınmaqdır.
Düşünürəm ki, İKTA səylərini ciddi şəkildə gücləndirilməli, səlahiyyətləri artırılmalı və bazarın struktur problemlərinə birbaşa müdaxilə edə biləcək institusional çəki formalaşdırılmalıdır.
Əks halda, texniki-statistik hesabatlar sektorda real dəyişiklik yaratmayan formal sənədlər olaraq qalacaq.
Müəllif: Osman Gündüz - Mənbə: "DİA-AZ"









