" Dövlət adamlarından, deputatlardan, kimlərdən müsahibə götürürlərsə, deyir: "Mən rəhbərə xidmət etmişəm və ya xidmət edirəm". Bunlardan bir soruşan yoxdur ki, siz xidmətçisiniz? Bir də axı, unutmayın, sizin xalqa xidmət etmək kimi bir məsuliyyətiniz var!.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış yazıçı, keçmiş diplomat Xeyrəddin Qoca qeyd edib.
O daha sonra bildirir: "Bəzən də belə deyirlər: "Biz filankəsin, yaxud da, filan partiyanın çörəyini yeyirik". Mən bu adamlara sual verirəm:
"Sizin partiyanızda "pekarni" var, orada çörək bişirib paylayırlar?".
Yeri gəlmişkən, belələrinə ibrətamiz bir əhvalat danışmaq istəyirəm.
Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyəndə vəzifəli yaltaqlardan biri iclasda dillənir ki, "Heydər Əliyev, biz
sizin çörəyinizi yeyirik"!
İclas bitəndən sonra H. Əliyev həmin şəxsə deyir ki, "sən qal". Onu başa salmağa
çalışır ki, "yadında qalsın, heç kim heç kimin çörəyini yemir, hamı işləyir, çalışır, öz zəhmətinin qazancını yeyir. Çalış, bir də belə fikirlər söyləmə".
Ataların bir məsəli də var: "Çörək dostu olandan dost olmaz!".."









