Cloudflare qlobal şəbəkəsində yaranan texniki problem Azərbaycanda 9000-dən artıq milli resursun çökməsi ilə nəticələndi. Ölkənin rəsmi informasiya qaynaqlarından tutmuş, digər xəbər agentliklərinə, portallara, TV-lərə giriş saatlarla mümkün olmadı.
Bu arada ölkənin internet resurslarına, elektron informasiya sistemlərinə cavabdeh olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti dərhal açıqlama yaydı və baş verənləri QLOBAL problem kimi qiymətləndirdi.
"Cloudflare" qlobal təhlükəsizlik sistemidir və ən əsası bir ŞİRKƏTDİR. Cloudflare beynəlxalq miqyasda etibarlı, güclü, DDOS hücumlarına qarşı qoruma həyata keçirən, əsasən DNS təminatçısı olan bir ŞİRKƏTDİR. Bir daha təkrar edirəm – ŞİRKƏTDİR.
Elə isə bir ŞİRKƏTDƏ yaranan texniki nasazlıq nədən bir ÖLKƏDƏ 9000-dən artıq resursu, əsasən də informasiya təminatçılarını çökdürdü?
İlk öncə onu deyim ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin tabeçiliyində olan Elektron Təhlükəsizlik Xidmətinin açıqlaması birmənalı olaraq özünümüdafiə idi və məlumatda xüsusilə “yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil” cümləsinin TƏKRAR-TƏKRAR səslənməsi heç də qəribə gəlmir. Qurum diqqəti Cloudflare sisteminin çöküşünə yönəldərək, “bu qədər informasiya resursu niyə Cloudflare təhlükəsizliyindən istifadə edir, ondan bizdə niyə yoxdur” suallarından yayındırırdı.
Eyni zamanda ölkə mətbuatının əksəriyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və onun tabeçiliyində olan qurumların “media reklam” payından kompleks yararlandığı üçün bu sualdan vaz keçməyə məcburdur.
Bildiyimiz kimi, icazəli və MEDİA-nın dəstək verdiyi subyektlər bu “reklam”lardan qidalanır və mümkün susmağa məhkum ediliblər. Amma anlamadıqları bir şey var: bu gün susmaqla dövlətə xeyir vermirlər və gələcəkdə yarana biləcək təhlükələrə daha geniş yollar çəkirlər.
Ötən gün baş verən hadisə sıradan bir çöküş deyildi, gələcəkdə Azərbaycanın informasiya təhlükəsizliyinə təsir etmək istəyən ölkələrin, şəxslərin, qrupların əlinə böyük imkanlar vermək idi və boşluqları görmələri üçün əsl fürsət idi. Reklam xatirinə hətta mətbuatın susqunluğu gələcəkdə dövlətimiz üçün yaranacaq bu sayaq təhlükələri deyil, hansısa məmurun və ya qrupun vaxtında etmədiklərinin üstünü örtməsidir, onu daha da varlandırmaqdır.
Ötən gün baş verən hadisə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hansı durumda olduğunu, informasiya resurslarının hansı təhlükədə olduğunu bir daha çılpaqlığı ilə ortaya qoydu. Bir böyük, güclü dövlətin 9000 informasiya resursu bir ŞİRKƏTİN əlində saatlarla əsir qaldı.
Həmçinin, əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən qidalanan bu sahə üzrə çalışan “ekspertlər” də sıraya düzülərək bu hadisəni QLOBAL problem kimi diqqətdə saxladılar. Nə qədər qəribə olsa da, onların bu müdafiə xarakterli mövqeyini dərc edən də məhz problemdən çökən resurslar idi.
Səbəbini də yuxarıda sadaladım: onlar üçün əsas məsələ “media reklam”larıdır, qazanclarıdır. Həmişəki kimi bu dəfə də məndən ötsün, qardaşıma dəysin düşüncəsi. Bir daha təkrar edirəm: bəli, bu QLOBAL problem idi, amma 9000 resursun çöküşü də eyni zamanda ölkə üçün FACİƏ idi.
Məsələn, ekspertlərdən biri deyir: “Sayt sisteminin hamısı qlobal olaraq Amerikaya bağlıdır. Biz də həmin böyük qlobal sistemin tərkib hissəsiyik. Sistem çöksə, heç nə edə bilmərik. Azərbaycan burada heç bir rol oynamır. Bu bizdən asılı olmayan məsələdir”.
Bu qədər doğru fikirdir? Cloudflare sistemi çökdüsə hamı çökməlidir?
Birmənalı deyirəm: bu adam yalan danışır. Əvvəla bütün saytlar Amerikaya bağlı deyil. Əksinə, bütün ölkələr çalışır ki, hansısa bir ŞİRKƏTİN, korporasiyanın infrastrukturasından asılı olmasın. Ölkələr çalışır ki, alternativ olaraq müstəqil sistemləri olsun. “Amerika çökdüsə, dünya çökdü” mifdir və düşük yanaşmadır.
Cloudflare CDN, DNS, DDoS müdafiəsini təmin edən şirkətdir. Sən özün sistemini o şirkətə həvalə edirsən, təhlükəsizliyinin qorunması üçün müraciət edirsən, pul ödəyirsən – burada heç bir məcburiyyət yoxdur.
Gəldik çatdıq başa...
Niyə biz informasiya resurslarımızı hansısa şirkətin nəzarətinə veririk? Çünki bizdə belə bir sistem yoxdur. Niyə yoxdur və bunu kim qurmalıdır, və ya qurulması üçün kim dəstək verməlidir? – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun tabeliyindəki strukturlar.
Diqqət edin, illər ərzində sözügedən qurum hansısa layihələrə milyonlarla vəsait ayırıb, şəkillər çəkilib, bəh-bəhlə təriflənib. Nazir Rəşad Nəbiyevin şəninə məqalələr yazılıb, nazirliyin fəaliyyəti ağız dolusu təriflənib, amma ötən axşam bəlli oldu ki, bu qurum əsas lazım olanı etməyib, bəlkə də bunun üçün külli miqdarda nə zamansa maliyyə vəsaiti ayrılıb, bunu bilmirik.
Reallıq ortadadır ki, ötən gün ölkəmizdə belə bir sistemin olmadığı və ya zəif olduğu üçün məcburiyyət qarşısında olan informasiya resursları hansısa AMERİKA ŞİRKƏTİNİN nəzarətində işləyir. İndi siz təsəvvür edin ki, bu şirkətdə yüzlərlə insan işləyir və onların arasında Azərbaycanı sevməyən şəxslər və qüvvələr var.
Nə etməli idik? Azərbaycan indiyə kimi öz milli DNS infrastrukturunu yaratmalı idi. Ən azından dövlət və böyük şirkətlər üçün milli DDoS müdafiə sistemi qurulmalı idi.
Dövlət saytlarını qlobal şirkətlərdən asılı etməmək, ən azından 20–30 rəsmi və dövlətin informasiya siyasətini həyata keçirən informasiya resursları bu şəbəkədə, özümüzün nəzarətimiz altında təhlükəsiz və arxayın işləməli idi. Hamısını bağışladıq, dövlətin əsas və rəsmi informasiya resursu AzərTAc çökmüşdü və buna görə Rəşad Nəbiyev hələ də narahat deyil.
Qısa bir xatırlatma da edim, məsələ lap aydın olsun. Dediyim bu sistem Türkiyə, Estoniya, Litva, Ukrayna və hətta Gürcüstan kimi ölkələrdə var. Amma bizdə... İndi Rəşad Nəbiyevin nəzarətindəki aidiyyəti qurumlar, qidalanan şəxslər, media resursları çıxıb deyə bilər ki, “BİZDƏ DƏ VAR”! Var idisə, 9000-dən artıq informasiya resursu niyə çökdü? Dövlətin rəsmi informasiya mənbəyi olan “AZƏRTAC” NİYƏ İŞLƏMİRDİ?
P.S. Bütün bunlara baxmayaraq, “Report” İnformasiya Agentliyi çökmədi. Görünür, onlar “CLOUDFLARE”ə etibar etmirlər.
Müəllif
Ədil Hüseynov - "Bizimesr"









