“Bu günlərdə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqda cinayət işinin qaldırılması və barəsində qəti-imkan tədbirinin seçilməsi ilə bağlı xəbərlər cəmiyyət gündəminin əsas mövzularından birinə çevrildi. Bu da təsadüfi deyil. O, bütün vəzifələrdən uzaqlaşdırılsa da, hakimiyyətin müxtəlif qollarında, mediada, siyasi təşkilatlarda, vətəndaş cəmiyyətlərində müəyyən təsirini saxlayırdı. Yerləşdirdiyi kadrlardan əlavə, bir çox təsisatlar məhz onun xeyir- duası ilə yaradılmışdı. R. Mehdiyev Moskva ilə də sıx əlaqələrə malikdir və bəzi dairələr onu fəal şəkildə dəstəkləməkdədir. Onu Naxçıvan klanının qeyri rəsmi ağsaqqalı hesab edənlər də var. Barəsində qaldırımiş cinayət işinə nəzər yetirsək, ittiham maddələri ağırdır. Ancaq hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama maddəsinin əlamətləri və elementləri onun əhatə dairəsinin genişliyinin məhdud olmadığını göstərir. Yəni R.Mehdiyev tək deyil, onun cinayət şərikləri var. Bunları istintaq araşdırıb üzə çıxaracaq”.
Bu fikirləri Moderator.az-a açıqlamasında “Ramiz Mehdiyevin həbsi müvafiq qurumlar tərəfindən tam təsdiqini tapdıqdan sonra ardınca adı onillərdir Rusiya “QRU”-su ilə bağlılıqda, həmçinin ordudakı məlum Tərtər qətliamı işi ilə bağlı müttəhim və zərərçəkmişlər tərəfindən dəfələrlə məhkəməyə gətirilməsi tələb edilən keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun və onunla işbirlyində olduğu deyilən digər generalların da həbs edilməsi ehtimalı varmı?” sualını cavablandırarkən siyasi şərhçi Əli Orucov səsləndirib.
“Təəssüflər olsun ki, bəzi yüksək rütbəli şəxslərin də adları zaman-zaman mediada və cəmiyyətdə neqativ olaraq hallandırılsa da, qanunsuz əməlləri barədə məlumatlar yayılsa da, onlar hələ də cəzasız qalmaqdadır. Həmin şəxslərdən biri də Müdafiə Nazirliyinin keçmiş birinci müavini və sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovdur. Bəli, “Tərtər işi” ilə bağlı məhkəmədə onun da adı dəfələrlə çəkilsə də, bununla bağlı hər hansı araşdırılma aparılmadı. Onun da Moskvanın adamı olduğu bildirilir. Görünür, belə fiqurları tam zərərsizləşdirmək üçün zaman lazımdır. Və vurğuladığımız kimi, onlar tək deyillər və arxalarında xarici güclər durur. Lakin dövlətin güclənməsi və beynəlxalq nüfuzunun artması daxildəki təhlükələri və təhlükə yaradan, qanunsuz əməllər törətmiş istənilən qüvvə və şəxsləri zərərsizləşdirməyə imkan verir. Düşünürəm ki, yaxın vaxtlara səs küylü digər həbslərin də şahidi olacağıq”, – deyə davamında Əli Orucov diqqətə çatdırıb.