“Mənə belə gəlir ki, onun telefonlarının açıq olması istintaq qurumlarına lazımdır”. "DİA-AZ" bildirir ki, bu sözləri TV Müsavatın baş redaktoru Sevinc Telmanqızının müəllifi olduğu “Canlı debat” verilişində eks millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, R.Mehdiyevə kim zəng vurur, kimlərlə nəyi necə danışır kimi məqamlar istintaqa maraqlıdır: “Mən güman edirəm ki, onun ən yaxınlarının da telefonları izlənilir. Tamamilə əminəm ki, evi də, evində gedən söhbətlər də müvafiq qurumlara bəllidir. Bir ehtimal odur. O ki qaldı, onun 87 yaşında niyə ev dustağı edilməsinə, bunun bir başqa səbəbi də dövlət təhlükəsizliyi ilə bağlıdır. Onun başqa izahı yoxdur. Bunu ona görə etməyiblər ki, Ramiz Mehdiyevə xüsusi rəğbət, hörmət var. Bunu ona görə ediblər ki, birbaşa istintaqın gedişi, obyektiv şəkildə aparılması, hansısa formada maneçiliyin törədilməməsi, imkanın verilməməsidir”.
F.Ağamalı söhbət zamanı bir ehtimaldan da danışdı. Dedi ki, R.Mehdiyevi öldürə də bilərlər: “Çünkii bu işdə Mehdiyev əsas fiqurdur. Onu 4 aylıq müddətə təcridxanaya göndərərlər, orda da hansısa bir məhbusa və ya hansısa şəxsə tabletka verib deyərlər ki, bu adamı aradan çıxar. İstintaqın sona qədər aparılması önəmlidir. Əsas halqa Ramiz Mehdiyevdir. O, Rusiyanın baş rezidenti olub və bu cür də qalır. Bu cür adamlara adi agent düşüncəsi ilə yanaşsaq da, o, adi agent deyil. O, Azərbaycanda Rusiyanın bir nömrəli rezidenti, əlaqələndiricisi olaraq əlaqəni qurub. Ona görə də bu iki ehtimal həqiqətə daha uyğundur”.