“Ramiz Mehdiyevin məhkəmə işi ilə bağlı mənə müraciət olunsa, bu barədə fikirləşərəm".
"DİA-AZ" xəbər verir ki, bunu “Yeni Sabah”a vəkil Nemət Kərimli deyib.
Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri haqqında cinayət işinin açılmasından sonra onun müdafiəsini kimin öz boynuna götürə biləcəyi məsələsi müzakirə olunur. Bununla bağlı hüquq müdafiəçiləri və vəkillər arasında hələlik aydın fikir yoxdur.
Vəkil Nemət Kərimlinin sözlərinə görə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda birmənalı şəkildə göstərilib ki, vəkillə onun müdafiə etdiyi fərdin şəxsiyyəti arasında eyniləşdirmə aparmaq qadağandır:
"Vəkil müvəkkilinin şəxsiyyətini müdafiə etmir, o sadəcə prosedurları həyata keçirir. Ramiz Mehdiyevin məhkəmə işi ilə bağlı mənə müraciət olunsa, bu barədə fikirləşərəm. Dünənə kimi hamıya məlum idi ki, Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı bir nömrəli canişinidir. Ancaq bundan əlavə, o, minlərlə qanunsuz hərəkət edib. Söhbət onun nə etməyindən yox, prossesual hüquqlarının müdafiəsindən gedir.
İttiham çərçivəsində özünü nə qədər təqsirli biləcəksə, vəkil də həmin çərçivə istiqamətində onu müdafiə edəcək. Qonarar məsələsi isə tərəflərin razılaşmasından asılıdır”.
N. Kərimli qeyd edib ki, Ramiz Mehdiyev bu məsələ ilə bağlı yəqin ki ona müraciət etməyəcək:
“Özü işin mahiyyətini bilir, ona görə də fikirləşməyə ehtiyac yoxdur”.
Hüquqşünas Tağı Hüseynov isə “Yeni Sabah”a bildirib ki, belə bir təklif gələrsə, razılaşmayacaq:
“Bir hüquqşünas və insan olaraq, müraciətini qəbul etmərəm. Çünki vətənə xəyanətdə ittiham olunan bir şəxsdir. Bu fikir mənim şəxsi əqidəmlə bağlıdır. Müəyyən inanclarım var. Ona görə də hər hansısa şəxs vətənə xəyanətlə ittiham olunursa və bununla bağlı xeyli sübutlar da var, mən elə insanın işini öhdəmə almaram. Pulundan asılı olmayaraq, məsələyə münasibətim belədir. Bəlkə də fantastik bir rəqəm təklif edilsə, oturub fikirləşərəm, ancaq ümumən belə adamları yaxına buraxmıram”.
Vəkil Osman Kazımov qeyd edib ki, Ramiz Mehdiyev də Azərbaycan Respublikasının vətəndaşıdır və onun bu müraciəti ilə bağlı hüquqi yardım göstərilə bilər:
“Bütün Azərbaycan vətəndaşlarına Vəkillər Kollegiyasının vəkilləri hüquqi yardım göstərir. Bu da şəxsin müraciətindən asılı olan bir məsələdir. Müraciət olunarsa, müzakirə oluna bilər. Heç bir problem yoxdur. Hər bir vəkil ona müraciət edən hər bir şəxsin işində iştirak edə bilər”.
Digər vəkil Aslan İsmayılov isə sözügedən sualı cavablamaqdan boyun qaçırıb.