Bundan əvvəlki yazılarımdan birində Otto fon Bismarkın məşhur fikri ilə yüngülvari (çox qısa!) "mübahisə etmişdim. Bismark demişdi: "Siyasət- mümkün olanı əldə etmək sənətidir". Mən isə yazmışdım: "Siyasət - düzgün olanı əldə etmək sənətidir".
Bu fikrin özü də mübahisəlidir; onsuz da, Aqşin Yenisey demişkən, mübahisə doğurmayan fikir ölü fikirdir.
Doğrusu, hər gün bizim bu dünyamızda həddindən çox miqdarda "fəlsəfi" fikir ölü doğulur. Nəticədə Rəhman Bədəlov kimi filosoflar... ölür.
Əslində mövzumuz bu deyil. Ya da bəlkə elə budur. Çünki keçmiş-keçməmiş düşmənimiz - bəlkə də gələcəkdə dinc qonşumuz Ermənistanla Azərbaycan arasında sülh gözləntilərimizin də özünəməxsus fəlsəfəsi var. Bir az məsələnin bu tərəfindən danışaq.
Azərbaycan prezidenti ilə Ermənistan baş naziri Abu-Dabidə - Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında görüşdülər. Nəticələr ayrıca təhlil olunacaq.
Vaxt vardı, belə görüşlər Moskvada, Tehranda keçirilirdi. Sonra xəritə böyüdü: Vaşinqton, Paris, Brüssel, Madrid, Praqa, London, Berlin, Münhen və sair şəhərlər də bura əlavə olundu. İndi isə xeyli şey dəyişib; Ermənistan baş naziri İstanbula gedir, Türkiyə prezidenti onu qəbul edir. Azərbaycanla Ermənistan arasında danışıqlar artıq hansısa yaxınlıqdakı Şimal, yaxud uzaqdakı Qərb ölkələrində deyil, bir Yaxın Şərq ölkəsində keçirilir.
Bu metamarfozun öz fəlsəfəsi var: əvvəla, bu iki ölkə istədiyi zaman öz arasında istədiyi kimi - vasitəçiyə ehtiyac olmadan, birbaşa kontakt qurur, danışıqlara otura bilir, ikincisi, bu danışıqları özləri istədiyi yerdə apara bilir.
Bu, özlüyündə düzgün davranışdır. İlk mümkün-düzgün nəticə artıq var.
Ancaq mahiyyətə baxsaq, hələ əsl düzgün olanı əldə etmək mümkün olmayıb.
Doğrudur, Prezidentin köməkçisi Hikmət Hacıyev xarici mediaya müsahibəsində doğru olaraq demişdi ki, əslində Azərbaycanla Ermənistan arasında sülh var. Hərbi toqquşmalar yoxdur və sair.
Bunun açması nədir?! Bu, o deməkdir ki, sülh artıq de-fakto var, hələ de-yure yoxdur. Yaxud hələlik yoxdur.
Biz sülh müqaviləsi haqqında niyə danışırıq?! Çünki sülh var, amma müqaviləsi yoxdur. Hərçənd müqavilə də var - mətn səviyyəsində bütün bəndlər razılaşdırılıb, amma bu mətnə imza atıb sənədə çevirmək, ona hüquqi qüvvə qazandırmaq qalıb.
Onlar niyə qalıb, məlumdur: Ermənistanla Azərbaycan arasında məhz qonşu ölkənin Konstitusiyası dayanıb. Həmin Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları var. Bu, sülh sənədini imzalamağa imkan vermir, ya da əsaslı çətinləşdirir. Çünki Azərbaycanla Ermənistan arasında indiki sülh dialoquna ehtiyacı Ermənistanın Azərbaycana qarşı otuz illik işğalçı müharibə aparması yaradıb. Məsələn, Gürcüstanla, Rusiya ilə, İranla niyə sülh danışıqları aparmırıq?! Çünki o qonşularla müharibə olmayıb; aramızda əvvəldən sülh olub deyə, sülh müqaviləsinə ehtiyac da yaranmayıb. Türkiyənin, Qazaxıstanın, Türkmənistanın adlarını heç çəkmirəm, çünki arada nəinki sülh, hətta "bioloji-filoloji" qardaşlıq var.
Ermənistanla belə olmayıb; hələ Azərbaycan da, Ermənistan da müstəqil olmadığı zamandan öz aralarında müharibə aparıblar.
Nə vaxtsa savaşanların bir gün barışmağa ehtiyacı olur, elə deyilmi?!
Ancaq burada əsas olan odur ki, həmin danılmaz zərurəti, qaçılmaz məcburiyyəti, təbii imperativi, yəni sülh ehtiyacını hər iki tərəf hiss və qəbul etsin.
Azərbaycanla məsələ məlumdur; Bakı sözdə də, əməldə də sülhə köklənib. Ermənistanı de-fakto sülhə sövq edib, indi isə de-yure sülhə razı salmaq üçün danışıqlar aparır.
Bu sülhün Ermənistan üçün daha vacib olduğunu sübut etməyə ehtiyac yoxdur; 1990-cı və 2000-ci illərdə Ermənistan öz yanlış - aqressiv davranışı ilə özünü bölgənin geostrategiyasından məhrum edib. Ancaq indiki hökumət indi - 2020-ci illərdə ölkəsinin əvvəlki yanlışını təkrarlamaq istəmir. Hər halda bəyanatları daha çox proqressiv yöndədir.
Əgər, doğrudan da, belədirsə, onda Ermənistan özü ilə Azərbaycan arasındakı iki baryeri götürməlidir: Zəngəzur dəhlizini açmalı və Konstitusiyasından Azərbaycana (eləcə də, Türkiyəyə) qarşı ərazi iddialarını çıxarmalıdır.
Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsizliyinin də, Ermənistandakı revanşist cərəyanların da siyasi-hüquqi tutarqası məhz həmin o ərazi iddiasıdır.
Əgər Nikol Paşinyan və onun komandası ölkədəki bu reallığın siyasi fəlsəfəsinə dərindən vara bilirsə, mütləq görə biliblər ki, iqtidara müxalifətdə dayanan Rusiyapərəst qruplar da, kilsə də və sair və ilaxır həmin o Konstitusion kuryozdan - Azərbaycana və Türkiyəyə qarşı düşmənçiliyin hüquqi-siyasi "əsas"larından qidalanır.
Deməli, Ermənistan Konstitusiyasında Azərbaycanın tələb etdiyi məlum dəyişikliklər birinci növbədə Ermənistanın özünə lazımdır. Bu ölkə, doğrudan da, Rusiyadan uzaqlaşıb, müstəqil siyasi kurs götürmək istəyirsə, onu qonşu türk dövlətləri ilə toqquşduran həmin bəndləri Konstitusiyadan çıxarmaqda özü maraqlı olmalıdır. Baş verənlərin və baş verə biləcəklərin siyasi məntiqi, siyasi fəlsəfəsi bunu deyir.
Ermənistanın hazırda qüvvədə olan Konstitusiyası qəbul olunanda Ermənistan faktik olaraq Rusiyanın forpostu idi, eləmi?! Deməli, Azərbaycana və Türkiyəyə qarşı müharibə potensialını Ermənistan Konstitusiyasına kim yükləyib?! Ermənistan üzərinə türk dünyası ilə permanent siyasi və hərbi, ideoloji-psixoloji savaş modunda qalmaq öhdəliyini kim qoyub?! Təbii ki, Rusiya. Bu öhdəlik vasitəsilə Rusiya bir yandan Türkiyənin Azərbaycanla və Türküstanla (Mərkəzi Asiya ilə) daha sıx birliyini əngəlləməyi, o biri tərəfdən, İranı davamlı gərginliyə həbs edib öz yanında saxlamağı hədəfləyib.
"İranın nə dəxli?" deyəcəksiniz. Ermənistanın Azərbaycanla qaynar, Türkiyə ilə soyuq müharibə vəziyyətində olması cəmiyyətinin böyük bir hissəsinin türklərdən oluşduğu İrana istər-istəməz təsir edir; rəsmi Tehranın siyasəti ilə etnik türk vətəndaşlarının hissləri və istəkləri arasında uyğunsuzluq yaranır. Ən azı potensial olaraq.
Əsas mətləbə dönək. Ermənistanın bugünkü iqtidarı, doğrudan da, Rusiyadan təhlükəsiz məsafəyə çəkilməkdə qəti qərarlıdırsa, onda Ermənistanın öz yoluna Moskvanın basdırdığı "Konstitusion mina"nı özü zərərsizləşdirməlidir. Bu, Azərbaycanla davamlı sülhün də qarşısında maneədir.
Ermənistan Avropa İttifaqı ilə inteqrasiya yolunu seçibsə, bu, taktiki manevr deyil, strateji xəttdirsə, o zaman Ermənistan həmin Avropaya haradan çıxmağı düşünür?! Bunun üçün Gürcüstan yetərli deyil; Türkiyə ilə barışmadan Ermənistanın Avropa ilə tamanlamlı inteqrasiyası alınmayacaq. Bunu İrəvanda bilirlər axı. Türkiyə ilə barışıq isə Azərbaycanla həm de-fakto, həm de-yure sülhdən keçir. Ermənistan Türkiyə üzərindən Qərbə çıxmaq istədiyi kimi, Türkiyə də qismən Ermənistandan, əsasən Azərbaycandan keçən yolla şərqə - Mərkəzi Asiyaya, eləcə də, Çinə və postmüharibə Rusiyasına çıxmağı hədəfləyib. "Zəngəzur dəhlizi" buna görə fövqəladə önəm qazanıb. Ermənistanın prinsipial qərar verməli olduğu mühüm nöqtələrdən biri budur.
P.S. Əlbəttə, Azərbaycanla indiki danışıqlar fonunda Ermənistanın özünün də çox həssas daxili gündəliyini nəzərdən qaçırmaq olmaz. Ermənistan Azərbaycanla sülh bağlamalı, dəhlizi açmalıdır ki, dünyaya açılıb, sivil inkişaf yoluna çıxsın. Ancaq bunu etmək üçün Paşinyan öz hakimiyyətini də qorumalı və möhkəmləndirməlidir. Çünki Ermənistanın istər Konstitusiyada məlum dəyişikliyi etməsi, istərsə Zəngəzur dəhlizini Azərbaycanla və Türkiyə ilə anlaşma çərçivəsində açması, bütövlükdə Azərbaycanla sülh bağlaması və Türkiyə ilə yaxınlaşması Rusiyanın bu bölgədəki maraq anlayışına ziddir. Qarşıdan isə Ermənistanda parlament seçkiləri gəlir; Paşinyanı devirmək üçün siyasi-hüquqi imkan nəzəri də olsa, Rusiya üçün var. Moskva həmin seçkilərə qədər Azərbaycanla sülh müqaviləsinə imkan vermək istəməyəcək. Çünki Kremlin düşüncəsinə görə, bu sülh Ermənistanı Rusiya qarşısında daha da gücləndirəcək.
Qısası: Azərbaycanla sülh Ermənistana da, Azərbaycana da ən azı eyni dərəcədə lazımdır. Hətta Ermənistana daha çox gərəkdir. Odur ki, Azərbaycan kimi Ermənistan da düzgün olanı əldə etməyə köklənməlidir.
Bahəddin Həzi, Bizimyol.info