
İkinci Dünya müharibəsindən sonra Avropada yaşanan ən böyük müharibənin – Rusiya-Ukrayna müharibəsinin üç ili tamam oldu. Rusiyanın tammiqyaslı işğalçı müharibəsində, qeyri-rəsmi rəqəmlərə görə, 2 milyon nəfərdən çox itki var. Ukrayna öz ərazisinin 20 faizini itirib, Rusiya isə iqtisadi cəhətdən çökmüş vəziyyətdədir. Aktiv fazadan sürünən fazaya keçən müharibə isə davam edir.
Lakin Ukraynada müharibənin bitirilməsi istiqamətində dünyada diplomatik trafik də müşahidə edilməkdədir. Xüsusilə, ABŞ-da hakimiyyətə gələn Donald Tramp administrasiyası müharibəni dayandırmaq üçün ilkin addımlarını atıb. Belə ki, fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ-Rusiya nümayəndə heyətlərinin danışıqları baş tutub. Bu, son 3 ildə ilk Vaşinqton-Moskva təmaslarıdır. Kiyev isə bu danışıqlar masasında olmayıb.
Ümumiyyətlə, Tramp administrasiyasının Ukrayna siyasəti son günlər dünyanın əsas müzakirə mövzusudur. Amerika liderinin işğalçı Rusiya Prezidenti Vladimir Putinin ünvanına xoş sözlər söyləməsi, Ukrayna Prezidenti Volodimir Zelenskini isə “diktator” adlandırması, Ukraynanın ABŞ-a müharibə müddətində verdiyi maliyyənin geri qaytarılması məsələsini gündəmə gətirməsi, Avropa İttifaqı ilə Kiyevi sülh və ya atəşkəs danışıqlarından kənar tutması kimi bir çox addımları suallar yaradıb. Eyni zamanda, dünya siyasi palitrasında qəribəliklər, proqnozlaşdırılması çətin olan proseslər getməkdədir. Amma bir məsələ aydındır: müharibənin bütün tərəfləri sülh olmasa da, atəşkəsin əldə olunmasını istəyir. Təbii ki, hər tərəfin öz şərtləri var.
Ukrayna müharibəsinin üç ilinin tamamında yaşananlarla bağlı AYNA-nın suallarını cavablandıran Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov deyib ki, keçən üç il ərzində fərqli hadisələrə və mənzərələrə şahidlik etmişik:
- Müharibədə vəziyyət gah Rusiyanın, gah da Ukraynanın xeyirinə dəyişdi. Elə vəziyyət oldu ki, Ukrayna tam ümidsiz oldu, demək olar ki, tam şəkildə işğal olunmaq təhlükəsi ilə üz-üzə qaldı. Eyni zamanda, bəzən biz cəhbə xəttindən qaçan Rusiya ordusunu gördük. Yaxud da cəbhə xəttini yaran, əks-hücumla işğal olunmuş əraziləri azad edən Ukrayna ordusunu gördük. Həmçinin hər iki ölkənin daxili siyasi konsolidasiyasında da gərginliklər müşahidə edildi. Ukraynada Rusiyaya bağlı “beşinci kolon”un fəaliyyəti oldu, Zelenskinin reytinqi aşağı düşdü, sonra yüksəldi. Rusiyada “Vaqner” rəhbəri Yevgeni Priqojinin üsyanı oldu, Moskvaya hərbi yürüşünün şahidi olduq. Yəqin ki, müharibənin qaynar fazasının üç ilinin yekunları ilə bağlı tarixçilər, yaxud da konfliktologiya ilə məşğul olanlar ayrıca şərhlərini verəcəklər, yazacaqlar. Əsas məsələ indi baş verənlər və bundan sonrakı proseslərdir.
- Sizcə, bundan sonra nələr olacaq?
- Müharibənin üçüncü ilində biz müşahidə edirik ki, Ukraynanın müttəfiqləri, yəni kollektiv Qərb dediyimiz gücdə böyük parçalanma baş verir. Ukraynanın əsas dayağı olan, ümid bəslədiyi ABŞ Kiyev üzərindən öz dəstəyini çəkməkdədir. Amerikanın yeni administrasiyası bunu çox sürətlə həyata keçirir, Rusiya ilə birbaşa danışıqlara başlayıb. Vaşinqton Ukraynaya təcavüzkar müharibə səbəbindən Rusiyaya tətbiq olunan diplomatik sanksiyaları aradan qaldırmaqdadır. Rusiyada ABŞ-ın, ABŞ-da isə Rusiyanın diplomatik nümayəndəliyinin tam miqyasda fəaliyyətinin bərpası barədə razılaşma əldə olunub. Digər sanksiyaların aradan qaldırılması istiqamətində də addımlar atılır. ABŞ-la Rusiya arasında olan danışıqlarda Ukrayna mövzusu birincidir, amma əsas şərt deyil. Söhbət hələlik Vaşinqtonla Moskva arasında bütün sahələrdə əməkdaşlığın bərpasından gedir.
İkinci vacib məqam odur ki, Qərb məfhumu artıq parçalanmaqdadır. Biz Qərbi parçalayanın ABŞ olduğunu müşahidə edirik. Üçüncü əsas məsələ odur ki, indi Qərb cinahında qruplaşmalar formalaşmaqdadır. Bu qruplaşmaların fəaliyyəti ilə qarşıdakı günlərdə tanış olacağıq. Ukrayna ilə bağlı təklif olunan beynəlxalq bəyanatlar, qətnamələr, planlar var – həm Avropa İttifaqı tərəfindən, həm də ayrıca ABŞ tərəfindən. İndi görək Avropa İttifaqı birliyi qoruyub-saxlaya bilərəck, yoxsa ABŞ-ın təklifləri keçərli olacaq.
- Tramp administrasiyasının Ukrayna ilə bağlı Vaşinqonun siyasətini kökündən dəyişməsinin izahı nədir?
- Tramp prezident seçkilərində qalib olandan sonra, andiçmə mərasiminədək verdiyi müsahibələrində artıq bu siyasətin dəyişəcəyinin anonsunu etmişdi. Tramp Bayden administrasiyasının Ukrayna münaqişəsi ilə bağlı siyasətinin yanlış olduğu qənaətində idi və bunu açıq şəkildə bildirirdi. Hətta seçki kampaniyası dövründə bir neçə dəfə bu barədə danışmışdı. Tramp Ukrayna münaqişəsinə ABŞ tərəfindən xərclənən maliyyənin azaldılmasının tərəfdarıdır. İkincisi, Tramp administrasiyası daxili və iqtisadi siyasəti üçün lazım olan resursların konsolidasiyasını istəyir. Eyni zamanda, Tramp daha çox mənfəət əldə etmək niyyətindədir. Bu, ABŞ üçün yeni deyil, çünki Amerika hər iki dünya müharibəsində buna oxşar siyasət həyata keçirib. ABŞ-ın indi NATO-dan tələbi odur ki, bütün üzv ölkələr ÜDM-in 2 faizi həcmində öhdəlik məsələsini yerinə yetirsin. Hətta ÜDM-in orduya ayrılan faizini beşə çatdırsınlar. Bir növ, Vaşinqton Brüsselə deyir ki, əlinizi daşın altına qoyun. Yəni Amerika müharibə xərclərini təkbaşına çəkmək istəmir.
Dediyim kimi, Tramp administrasiyası Amerika iqtisadiyyatını qaldırmaq üçün xərcləri optimallaşdırmaq qərarı verib və xarici münaqişələrə pul xərcləmək niyyətində deyil. Eyni zamanda, dünya iqtisadiyyatında geriləməni müharibədə görür və bunun tez bitməsini istəyir. Əslində dərindən baxsaq, görərik ki, Ağ Evin bu yanaşması o qədər də mürəkkəb deyil. Trampın isə Ukraynanın ərazi bütövlüyü, kobud desək, vecinə deyil. İndi Tramp ABŞ-ın Ukraynaya verdiyi dəstəkdə xərclədiyi pulları “diriltmək” istəyir. Təbii ehtiyyatlarla bağlı müqavilə də buna hesablanıb. İndi dondurulmuş Rusiya aktivləri məsələsi gündəmə gətirilib. İnanıram ki, həmin pullar tam olaraq Ukraynanın bərpasına xərclənməyəcək, Vaşinqton xərclənmiş pullarını həmin aktivlər hesabına “dirildəcək”.
- Vaşiqntonun Moskva ilə Kiyevsiz başlatdığı sülh danışıqları nəticə verəcəkmi?
- Bilirsiniz, bu, sülh danışıqları deyil. Ər-Riyadda ABŞ-Rusiya nümayəndə heyətlərinin görüşü iki ölkə arasında problemli məsələlərin müzakirəsi idi və təbii ki, müzakirənin əsas mövzularından birincisi də Ukrayna müharibəsi idi. Söhbət sülhdən yox, atəşkəsdən gedir. Tramp administrasiyasına ədalətli sülh sazişi yox, atəşkəs vacibdir. Sülh sazişi Putin üçün lazımdır. Söhbət işğalı legitimləşdirə biləcək sülh sazişindən gedir. Yəni fərqli mövqelər, maraqlar var. Müharibənin dayandırılmasına bütün tərəflər razıdır, amma hərənin öz mövqeyi mövcuddur.
- Bir danışıqlar platforması da Türkiyədir. Yeri gəlmişkən, Ər-Riyaddakı görüş baş tutan gün Zelenski Türkiyəyə səfər etdi, bəyanatlar səsləndirildi. Ardınca isə Rusiyanın xarici işlər naziri Türkiyədə səfərdə olub. Bu diplomatik trafiki necə qiymətləndirmək olar?
- Ukrayna münaqişəsi ilə bağlı diplomatik danışıqlar indi bir neçə pilləlidir. Qabaqlar Qərb bildirirdi ki, münaqişə tərəfləri - Moskva ilə Kiyev danışsın, lazım olsa, biz də masada oturarıq. İndi isə vəziyyət mürəkkəbləşib. ABŞ-Rusiya danışıqları başlayıb və bu, institutlaşıb, danışıq komandası formalaşıb. Bu, birinci trekdir. İkinci trek Rusiya-Ukrayna, yaxud da, Rusiya-Ukrayna-ABŞ treki olmalıdır. Ukrayna hələ ki, buna getməyib, dəvət etsələr də, getməyəcəyini bəyan edib. Kiyev Avropa İttifaqının masada olmasını istəyir. O zaman üçüncü trek ABŞ-Avropa İttifaqı-Ukrayna danışıqları olmalıdır ki, şərtlər öyrənilsin. Və bu trekləri birləşdirmək lazımdır. Bunu isə harada etmək olar? Ya Səudiyyə Ərəbistanında, ya da Türkiyədə. Nəzərə almaq lazımdır ki, Türkiyənin Rusiya-Ukrayna danışıqlarında təcrübəsi var. Eyni zamanda, Türkiyə iki ölkə arasında razılaşmanın əldə edildiyi məkan olub və Türkiyə fiziki olaraq da razılaşmanın icrasında iştirak edib. Söhbət “Taxıl sazişi”ndən gedir. Həmçinin regionun əsas dövlətlərindən biri Türkiyədir. Yəni Ukrayna və Rusiya nümayəndələri hansısa mərhələdə görüşməlidirlər. Bu görüş də hardasa keçirilməlidir. Ən optimal variant isə Türkiyədir. Məncə, buna bütün tərəflər razı olacaqlar.