
Türkiyənin, eləcə də bütün türk dünyasının tarixində ilk və hələlik yeganə qadın baş nazir olan Tansu Çillər bu günün özündə də diqqət mərkəzindədir. Bir tərəfdən populyarlığı, gözəlliyi, şarmı, digər tərəfdən isə korrupsiya ittihamı ilə karyerasının dağılması bu qadın siyasətçi ətrafında birmənalı olmayan müzakirələr yaradır. Populyarlığının zirvəsində isə Çillər, Türkiyənin bütün qadınlarının sevimlisi idi və 1980-ci illərdə onu "İstanbul qızılgülü" adlandırırdılar.
Əslən acar olan (Gürcüstan müsəlmanı) Tansu Çillər Pənbə 1946-ci il mayın 24-də Biləcik vilayətinin qubernatorunun varlı ailəsində anadan olub. Bosfor universitetini iqtisadiyyat ixtisası üzrə bitirdikdən sonra o, ABŞ-da təhsilini davam etdirib. Burada magistr və doktorluq dərəcəsi alıb. 1963-ci ildə o, Özər Uçuranla ailə qurur. Maraqlıdır ki, islam aləmi üçün qeyri-adi hal olsa da, ailə qurduqdan sonra əri Özər, Tansunun soyadını qəbul edib.
Ən gənc professor və siyasət...
1973-ci ildə, 36 yaşında vətənə qayıdan Tansu, ölkədə ən gənc professor olub. O, Bosfor universitetində dərs deyirdi və eyni zamanda, Türkiyənin iqtisadi problemlərini araşdırırdı. Bu dövrdə professor Çillər Türkiyənin biznes cəmiyyətləri ilə yaxşı münasibətlər qurub və Türkiyə sahibkarlar assosiasiyası və sənayeçilər üçün ölkənin iqtisadi problemləri barədə bir sıra hesabatlar yazıb. Bu hesabatlar onun elmi nəşrlərinin əsas hissəsini təşkil edir. Bu arada Çillərin əri öz biznesini quraraq, "7-Eleven" mağazalar şəbəkəsini açır və Türkiyədə banka rəhbərlik edir. Onun bankı 1980-cı illərin iqtisadi böhranı zamanı müflis olaraq bağlanıb. Lakin bu, Çillər ailəsinin maliyyə işlərinə ziyan vurmadı - bu zamana kimi onlar torpaq və daşınmaz əmlak biznesindən böyük sərvət toplamışdılar.
1980-ci illər Türkiyənin siyasi həyatının ən coşqun illəri idi. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bütün siyasi partiyaların fəaliyyəti dondurulub buraxıldı. Yalnız 1983-ci ildə Türkiyədə siyasi həyat bərpa olundu. Yeni partiyaları isə yalnız adı siyasi qalmaqallarda hallanmamış siyasətçilər yarada bilərdi. O dövrdə yeni nəsil siyasətçilər üçün bütün qapılar açıq idi. Bu siyasətçilərin içərisində ən tanınmışı Turqut Özal idi. Tansu Çillər o zaman siyasətdən kənarda qaldı, lakin o, tezliklə o dövrdə prezident olan Turqut Özalın iqtisadi siyasətinin tənqidçisi kimi tanındı. Türkiyə iş adamlarının dəstəyi ona Süleyman Dəmirəlin yaxın ətrafına iqtisadi məsələlər üzrə məsləhətçi qismində daxil olmağa imkan verdi. 1990-ci ildə Çillər, Dəmirəlin hakim partiyası olan Doğru Yola (DYP) qatıldı.
Hakimiyyətdə uğur və səhvlər...
Artıq bir ildən sonra, 1991-ci ildə Tansu Çillər parlamentə seçilir və baş nazir Süleyman Dəmirəlin koalisiya hökumətində iqtisadiyyat naziri təyin edilir. Nazir postunu tutduğu dövrdə Tansu dövlət müəssisələrinin özəlləşdirilməsi və balanslaşdırılmış büdcə təklifi ilə çıxış etsə də, məhz onun zamanında Türkiyənin dövlət borcu artıb, ölkənin beynəlxalq kredit reytinqi isə aşağı düşüb. Əgər Türkiyənin həyatında müəyyən daxili siyasi hadisələr baş verməsəydi, Tansu Çillərin siyasi karyerasının nə ilə bitəcəyi məlum deyildi.
Belə ki, 1993-ci ilin aprelində Turqut Özal dünyasını dəyişir və boş qalmış prezident postunu 16 may 1993-ci ildə Türkiyənin baş nazir postundan, eləcə də hakim Doğru Yol partiyasının sədrliyindən getməklə, Süleyman Dəmirəl tutur.
O dövrdə Tansu Çillər bu partiyanın lideri roluna birmənalı namizəd deyildi. Lakin çox yaxşı təhsil alması, gəncliyi, xarizması, ingilis və alman dillərini sərbəst bilməsi rəqibləri ilə müqayisədə onun üstünlükləri idi. Və burada Çillərin biznes təşkilatları tərəfindən böyük dəstəyi nəzərə alınmalıdır.
Bundan başqa, onun siyasi yüksəlişi, Qərbdə Türkiyənin mütərəqqi müsəlman ölkəsi kimi imicinin artması hesab olunurdu. Beləliklə, 1993-ci ilin iyun ayında Tansu Çillər Doğru Yol Partiyasının lideri olmaqla, eləcə də Türkiyənin baş naziri kürsüsünü tutan ilk qadın oldu. Hakimiyyətə gəldikdən sonra Çillər Türkiyənin cənub-şərqində kürd narazılığının artan dalğası və dövlət xərclərinin kəskin azaldılması zərurəti ilə üzləşdi.
Çillərin baş nazir postunda fəaliyyəti bir sıra ölkələrlə əlverişli saziş imzalanması ilə yadda qaldı. Belə ki, Avropa İttifaqı ölkələri və Türkiyə arasında ticarət haqqında saziş imzalanıb. Elə Çillər özü də hökumətinin prioritetlərindən birini də Avropa Birliyi ilə yaxınlaşmasını hesab edirdi. Onun dövründə silahlı qüvvələrdə aparılan islahatlar türk ordusunun inkişafını keyfiyyətcə yeni səviyyəyə gətirib çıxarmışdı. Lakin baş nazirin inflyasiya ilə mübarizə strategiyası uğurlu olmadı. 1994-ci ilin ortalarında fond bazarı çökür. Bu da milli valyutanın devalvasiyasına gətirib çıxarır. Kürd üsyançıları ölkənin təhlükəsizliyini zərbə altına qoyurlar. Çillər ABŞ və Avropa Birliyini Kürd İşçi Partiyasını terrorçu təşkilatlar siyahısına salmağa inandıra bilir. O, 1994-ci il fevral ayında Bənazir Bhutto ilə birlikdə Sarayevaya Bosniya müsəlman cəmiyyəti ilə həmrəyliyini bildirmək üçün səfər etmişdi...
1995-cu ilin sentyabrında korrupsiyada ittiham olunan baş nazir istefa verdi. 1995-cu ilin dekabrında islamyönlü "Rifah" partiyası parlament seçkilərində qələbə qazandı və Doğru yol, Ana Vətən partiyaları ilə koalisiya yaratdıb. Çillərə 1996-1997-ci illərdə bu hakimiyyətdə Xarici İşlər naziri postunu tutmaq nəsib olur. Bu, onun son yüksək vəzifəsi idi.
Dövlət çevrilişinə dəstək...
Türkiyə parlamenti hökumətin başında olduğu dövrdə Çillərin korrupsiya ittihamları ilə bağlı ciddi araşdırma aparır. Çillər və daha bir sabiq baş nazir Məsud Yılmaz sonradan səhhətləri ilə və bir sıra prosedur məqamları ilə bağlı istintaqdan azad edilib. 1998-ci ilin sonunda isə onların ittiham işi parlament komissiyası tərəfindən bağlanıb.
Korrupsiya Çillərin ünvanına edilən yeganə ittiham deyildi. Onun nüfuzunun düşməsinə 1995-ci ildə ölkəmizdə - Azərbaycanda baş tutmayan dövlət çevrilişinə cəhdi dəstəkləməsi olub. Tansu Çillərin bu addımı Azərbaycanın ümummilli lideri, həmin dövrdə prezident olan Heydər Əliyevlə yaxın dostluq əlaqələri olan Süleyman Dəmirəl tərəfindən qəbul edilməyib. O dövrdə bu hadisəyə görə Tansu Çillərlə Süleyman Dəmirəl arasında münasibətlər gərginləşib. Eyni zamanda hökumətin məxfi fondundan yüksək məbləğdə pulun naməlum istiqamətdə xərclənməsi də onun adı ilə hallandı. Hətta, Çilləri Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda ittiham edənlər də oldu.
Qəddafinin heyran olduğu qadın
Türkiyənin Liviyada sabiq səfiri Uluç Özülkər "Taraf" Türkiyə qəzetinə müsahibəsində etiraf edib ki, Liviya diktatoru Müəmmər Qəddafi Tansu Çillərə vurğun idi, onu müsəlman qadınının simvolu hesab edirdi. Çillər sarışın, mədəni, yüksək təhsilli idi, ingiliscə danışırdı və Qəddafi müsəlman qadınlarının simvolunu məhz belə hesab edirdi. Tansu Çillər 1994-cü ildə diktator Qəddafinin dəvəti ilə Liviyaya səfər etmişdi. Şayiələr gəzirdi ki, Qəddafi ona çoxlu bahalı hədiyyələr bağışlamışdı. Lakin Tansu Çillər bütün bunların yalan olduğunu mətbuatda bildirmişdi.
2002-ci il noyabr ayında seçkilərdə məğlubiyyətdən sonra o, siyasətdən birdəfəlik getdi. "Qızılgül soldu, xalq ona arxa çevirdi" - deyə, o zamanlar dövrü mətbuatda jurnalistlər kədərlə belə vurğulamışdılar...
Bundan sonra Tansu Bosfordakı villasında məskunlaşaraq, həyatını ailəsinə həsr etməyə qərar verdi. Onun Özər Çillər ilə nikahdan 2 oğlu var. Lakin Türkiyədə ilk və yeganə qadın baş nazirin şəxsiyyəti həm mədhedici, həm də tənqidi rəylərlə müzakirə predmeti olaraq qalır. Və Çilləri, onun ünvanına söylənilən ittihamlara baxmayaraq, Türkiyəyə qarşı vətəndaşlıq mövqeyinə mütərəqqi münasibətə görə çox tərifləyirlər. Yüksək təhsilli, bir neçə dildə danışan, akademik sahədə uğuru olan bu xanım, eyni zamanda dəbə diqqət yetirirdi - şayiələr gəzirdi ki, təkcə yüngül geyim aksessuarına o, ayda 400 dollar xərcləyir.








