
Heç şübhəsiz ki, ölkənin neft gəlirlərinin artması regionların sosial-iqtisadi inkişafına münbit şərait yaradır. Ölkə rəhbərliyinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində bu gün neftdən böyük gəlirlər əldə edilir. Təbii ki, əldə edilən gəlirlər məqsədli və planlı şəkildə xərclənir. Amma təəssüflər olsun ki, bir çox hallarda bəzi məmurlar ayrılan pulları təyinatı üzrə xərcləməyərək ona göstərilmiş etimadı doğrultmur.
Bu gün bir sıra sahələrdə xoşagəlməz hallar yaşanır. Maliyyə sahəsində yol verilən qanunsuz hərəkətlər isə daha çoxdur və heç bir halda bağışlanası deyil. Maliyyə Nazirliyinin yerli maliyyə idarələrində son vaxtlar qanun pozuntularının sayı kəskin şəkildə artıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Maliyyə Nazirliyinin İsmayıllı rayonu üzrə maliyyə idarəsində də mövcud durum ürəkaçan səviyyədə deyil. Məlumatda deyilir ki, idarənin rəisi Radim Müslümovun qanundan kənar əməlləri rayonda fəaliyyət göstərən bütün idarə və müəssisələr, habelə büdcə təşkilatlarının rəhbərlərini boğaza yığıb: "Radim Müslümov artıq neçə müddətdir ki, bu vəzifəni tutur. O rəis vəzifəsinə keçəndən sonra tətbiq etdiyi ilk qayda rayondakı bütün idarə və müəssisələrin onun icazəsi olmadan işə adam qəbul etməməsi olub. Rəis bütün qurumların rəhbərlərinə tapşırıb ki, əgər belə bir addım atarlarsa, onların hər birində yoxlama aparıb, bütün yeyinti faktlarını üzə çıxaracaq". Mənbəmiz vurğulayır ki, rayonda hər bir idarənin özünün "rüsumu" var və hər dəfə bu proses təkrarlanmaqdadır: "Yəni hər il eyniadlı əməliyyatlar belə aparılır. Əməliyyat ilk olaraq hər hansı idarə və təşkilata lazım olan avadanlıqların smeta dəyəri tutularkən başlayır. İdarə, təşkilat, müəssisə rəhbəri alınmalı olan avadanlıqların smeta dəyərini hazırlayıb rayon maliyyə idarəsinə göndərir. Lakin İsmayıllı Rayon Maliyyə İdarəsinin rəisi Radim Müslümov həmin sənəddə müxtəlif formalı "problem"lər tapır və onu təsdiqləmir. Yalnız istədiyini əldə etdikdən sonra sənədi imzalayır. Həmin sənədin imzalanması irəli sürülən "şərt"ə əməl etdikdən sonra baş tutur. Büdcədən rayona ayrılan pullar hesaba çatdığı gün isə Radim müəllimin sevincinin həddi-hüdudu olmur. Çünki dövlət büdcəsindən rayona ayrılan vəsaitin böyük bir hissəsi İsmayıllı Rayon Maliyyə İdarəsinin rəisinin payına düşür". Radim Müslümovun hər iki aydan bir maliyyə idarəsinin əməkdaşlarını rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrə yoxlama üçün göndərdiyini vurğulayan məlumatlı şəxsin dediyinə görə, ən ciddi problem əməkhaqlarının verilməsi zamanı üzə çıxır: "Belə ki, idarə rəisi idarə və təşkilat rəhbərlərilə danışıqlar aparır və əməkhaqlarının idarənin hesabına ödənilməsi müzakirə olunur. Danışıqlar zamanı razılaşmaya əsasən hər əməkhaqqı alan işçinin pulundan "kartların yenilənməsi" adı altında müəyyən miqdarda pul tutulur. Kart sisteminin tətbiq edilməsi zamanı rüşvətin yığışdırıldığı deyilsə də görünür, idarə rəisi bunun da yolunu tapıb. Bundan başqa, çox az sayda işçisi olan idarəyə elə bir məbləğdə pul ayrılır ki, bu pula nəhəng müəssisə işlətmək olar. Sonra isə həmin vəsait müxtəlif adlar altında mənimsənilir". Həmçinin qeyd etmək lazımdır ki, bir müddət əvvəl Radim Müslümovun adı milyonluq yeyintidə hallanıb. Belə ki, yayılan məlumatlarda rayona ayrılmış pulların böyük bir qisminin mənimsənildiyi iddia edilirdi. Bildirilirdi ki, rayonda həyata keçirilən işlərlə bağlı dövlət büdcəsindən ayrılmış pulların bir qismi icra başçısının göstərişi ilə idarə rəisi tərəfindən mənimsənilib. Bu pulların hara xərcləndiyi ilə bağlı sənədlərdə isə rəqəmlər süni olaraq şişirdilib: "Rayonun ikinci şəxsi kimi bütün işlərin başında dayanan Radim Müslümov hansısa qüvvələrin köməyi ilə bu əməliyyatdan xilas ola bildi. İcra başçısı Mirdaməd Sadıqov maliyyə idarəsinin rəisinə bütün səlahiyyətləri verib. Ona görə də rayonun bütün idarə müdirləri məhz Radim Müslümovun göstərişi ilə hərəkət edirlər. Bundan başqa, məmur rayondakı bütün idarələrdə, xüsusən də təhsil müəssisələrində "yeni iş yerləri" açır. Deyilənə görə, o ştat alveri ilə məşğuldur. 2014-cü ilin dövlət büdcəsindən İsmayıllı şəhəri və qəsəbələrində abadlıq işlərinin aparılması üçün külli miqdarda vəsait ayrıldı. Heç kim bilməsə də, ismayıllılar yaxşı bilirlər ki, vəsaitlər rayon və qəsəbələrdən başqa hər yerə xərclənir. Belə olmasaydı, rayonun bəzi mərkəzi və kənd yolları 2-ci dünya müharibəsi dövründəki Ukrayna və Belarusun yollarına, şəhər isə Qarabağ döyüşlərində ermənilərin işğal etdikləri rayonlara bənzəməzdilər". İddialara əsasən, icra başçısı ilə Radim Müslümovun şərikli biznesi var: "Əksər tenderlərin qalibi olan şirkətlər icra başçısının tam nəzarəti altındadır. Başçının öz adamlarının yaratdığı bu cür MMC-lər əslində, rayona ayrılan dövlət vəsaitinin təyinatından kənar xərclənməsi üçün bir vasitədir". Növbəti saylarımızda Hesablama Palatasının İsmayıllı RİH-də apardığı yoxlamaların nəticəsi, Radim Müslümovun təyinatı üzrə sərf etmədiyi vəsaitlər və başçı ilə şərikli biznesi barədə ilginc faktları açıqlayacağıq. Bizi izləyin. Çox istərdik ki, maliyyə naziri Samir Şərifov və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları İsmayıllı rayon maliyyə idarəsində mövcud olan qanun pozuntularını araşdırıb Radim Müslümovu cəzalandırsın.
Qarşı tərəfi də dinləyə bilərik.








