
Bu gün Bakı Apelyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Ağamir Ağamirov və Hafiz Vəliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Vaqif Mursaqulov sədrlik edib.
A.Ağamirovun vəkili Telman İbrahimovun virtualaz.org saytına verdiyi məlumata görə, məhkəmə prosesi oktyabrın 13-dək təxirə salınıb. Səbəb təqsirləndirilən şəxslərin başqa vəkillərlə də müqavilə bağlaması və onların da cinayət işinin materialları ilə tanış olmasına imkan yaradılmasını istəməsidir.
Xatırladaq ki, bu ilin avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 234.4.3 (külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 320.1-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunan hər iki şəxs ömürlük azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətində cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hökmə görə, Hafiz Vəliyev 2000-ci ildə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İslam İnqilabının Mühafizəçiləri Korpusunun (SEPAH) əməkdaşı Riyazi Bəhmən Məhəmmədtağı oğlu tərəfindən “Hacı” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilib.
Hafiz Vəliyev ifadəsində deyib ki, o, Riyazi Bəhməndən xüsusi tapşırıqlar alıb: “Riyazi Bəhmən mənə Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək məqsədilə məlumatların toplanmasında ona köməklik göstərməsi ilə bağlı məxfi əməkdaşlıq təklif etdi, mən də razılaşdım. Onun verdiyi tapşırıqları yerinə yetirəcəyimə dair yazılı iltizama imza atdım.
Riyazi Bəhmən ilk dəfə 28 may küçəsində yerləşən “Uşaq aləmi” mağazasının Əli adlı iranlı sahibini, onun mağazasına kimlərin gəlib-getməsini, Əmlak Məsələləri Dövlət Komitəsinin arxasında yerləşən İran qarajına gəlib-gedən avtomobillərin qeydiyyat nömrələrini izləməyi tapşırdı”.
H.Vəliyevin sözlərinə görə, izlənilənlər arasında İranın “Keyhan” qəzetinin nümayəndəsi, “İbn-Sina” klinikasına gəlib-gedən şəxslər, Azərbaycan-İran Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri, politoloq Rövşən Novruzoğlu da olub.
Tapşırıqları yerinə yetirən H.Vəliyev bunun müqabilndə Riyazi Bəhməndən pul alıb. 3 il əməkdaşlıqdan sonra Riyazi Bəhmən ona işi yerinin Rusiya Federasiyasına dəyişildiyini desə də bu əməkdaşlığı SEPAH-ın Həmid Bəhrami adlı digər əməkdaşı ilə davam etdirməyi təklif edib. H.Vəliyev bu təkliflə də razılaşıb. Bu tanışlıq üçün Türkiyəyə getməli olub. H.Vəliyevi İstanbulun Atatürk hava limanında Riyazi Bəhmən özü qarşılayıb, daha sonra onu özünü Həmid Bəhrami kimi təqdim edən İran xüsusi xidmət orqanın əməkdaşı Əhməd Qaffari ilə tanış edib. Bu dəfə ona yəhudi şikrətləri barədə məlumat toplamaq barədə tapşırığı verilib.
H.Vəliyevin Ə.Qəffari ilə növbəti görüşü Bakıda baş tutub. Bu dəfə İsraillə bağlı növbəti tapşırıq - İsrail dövlətinin Azərbaycan ərazisində fəaliyyət göstərən turizm şirkətləri və orada işləyən şəxslər, İsraillə bağlılığı olan idarə, təşkilat və müəssisələri, orada işləyən şəxslərin İsraillə bağlı olmaları, Azərbaycandan İsrailə gedən və oradan tez-tez gələn şəxslər, İsrail dövlətinə məxsus özəl xəstəxanaların, onların yerləşdiyi yerlər, orada işləyən əməkdaşlar barədə məlumatlar toplamaq verilib.
H.Vəliyev qeyd olunan tapşırıqların icrası ilə bağlı kütləvi informasiya vasitələrindən, internetdən və digər mənbələrdən məlumatlar toplayaraq təhlil etməklə fləş karta köçürüb. Ə.Qəffari ilə görüşərkən topladığı məlumatları köçürdüyü fləş kartı ona verib. Bunun müqabilində ona 2300 dollar pul verilib. Ötürdüyü məxfi məlumatlara görə 2011-2012-ci illərdə Ə.Qəffaridən 5800 manat pul alıb. 2012-ci ilin əvvəllərində isə Riyazi Bəhmən onu İrana dəvət edib. İranda olarkən ondan İsrail dövləti və vətəndaşları ilə bağlı məlumatlar toplamağı davam etdirmək tapşırılıb. Növbəti dəfə İrana yollanan H.Vəliyevə bu dəfə Bakı şəhərində keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək İsrail dövlətini təmsil edən şəxslər də daxil olmaqla onunla gələn nümayəndə heyətinin tam anket məlumatlarının, onların Bakı şəhərində hansı otellərdə qalacaqlarının, hansı restoran və kafelərə getməsinin, nümayəndə heyətini müşayiət edən şəxslərin və onların Bakı şəhərindəki hərəkət marşrutlarının müəyyən edilməsi ilə bağlı tapşırıqlar verilib.
H.Vəliyevin ifadəsinə görə, İrandan qayıtdıqdan sonra İsraillə bağlı məlumatlar toplamaqda davam edib. Ə.Qaffari ona İsrail dövlətinin Azərbaycandakı səfirliyinin əməkdaşı, səfirliyin mətbuat departamentinin direktoru, eyni zamanda səfirin siyasi məsələlər üzrə köməkçisi vəzifəsində işləyən Nigar Məmmədova haqqında məlumat toplamağı da tapşırıb.
H.Vəliyev Ə.Qaffarinin tapşırığı əsasında Amerika Birləşmiş Ştatları, Avropa ölkələri, xüsusilə İsrail dövlətinə gedən vətəndaşları müəyyən edib. Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin məlumat bazasını, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mobil rabitə operatorları olan “Azercell”, “Bakcell” və “Azerfon”un abunəçiləri barədə məlumat bazasını taparaq həmin məlumatları Ə.Qaffariyə ötürüb.
Növbəti görüşlərin birində Ə.Qaffari H.Vəliyevə Müdafiə Sənayesi Nazirliyində baş müşavir vəzifəsində işləyən Ağamir Ağamirovdan danışıb. Bundan sonra A.Ağamirov da məxfi əməkdaşlığa cəlb olunub.
H.Vəliyev A.Ağamirovdan Müdafiə Sənayesi Nazirliyinə gəlib-gedən İsrail vətəndaşları barədə məlumatların toplamasını, həmin İsrail vətəndaşlarının pasportlarının surətlərinin və fotoşəkillərinin İran İslam Respublikasının xüsusi xidmət orqanının əməkdaşına vermək üçün əldə etməsini istəyib. A.Ağamirov verilən tapşırığı icra edib.
H.Vəliyevin ifadəsinə görə, A.Ağamirov İsrailin Müdafiə Nazirliyinin əməkdaşları Şmaya Aviyeli, Moşe Kravits və Dima Qolub, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və səfir müavini Ronen Krauszla Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi arasında 23 yanvar, 2013-cü ildə keçirilən görüşlə bağlı məlumatları əldə edərək ona verib. O da həmin məlumatları İran xüsusi xidmət orqanının əməkdaşlarına çatdırıb.
Daha sonra N.Vəliyev ifadəsində göstərib ki, A.Ağamirov Müdafiə Sənayesi Nazirliyi ilə hərbi-texniki əməkdaşlıq şöbəsində mütəmadi görüşlər keçirən İsrail şirkətinin əməkdaşları David Goldin və Gureviç Aleksandr Vladimiroviçin adlarına verilmiş pasportlarının surətlərini əldə edib. A.Ağamirov ABŞ, Almaniya, Argentina və bir sıra digər dövlətlərin xarici ölkələrdəki səfirlik, daimi nümayəndəlik və konsulluqları haqqında məlumatları da toplayaraq İran xüsusi xidmət orqanlarının əməkdaşlarına verib.
H.Vəliyevin istintaqa verdiyi ifadəsindən sonra həbs olunan digər təqsirləndirilən Ağamir Ağamirov həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib.









