Avropa İnformasiya və Hüquq Müdafiə Mərkəzi (AİHMM) bu günlərdə sayca üçüncü hesabatını dərc edib.
Virtualaz.org saytı AİHMM-ə istinadən bildirir ki, mərkəzin bu hesabatı ən böyük beynəlxalq hüquq müdafiə təşkilatlarından biri olan “Amnesty İnternational”ın fəaliyyətinə həsr olunub.
Qeyd edək ki, qeyri-hökumət təşkilatı olan AİHMM-in mənzil-qərargahı Strasburqda (Fransa) yerləşir. Bu təşkilat insan haqları sahəsindəki fəaliyyət və təşəbbüsləri dəstəkləmək məqsədilə yaradılıb. Mərkəz 2013-cü ildə rəsmi qeydiyyata alınıb. Onun əsas vəzifəsi Avropa İttifaqı ölkələrində insan haqları sahəsində mövcud olan çatışmazlıq və qüsurları təhlil etməkdən ibarətdir.
AİHMM artıq iki belə hesabat dərc edib. Bu hesabatlarda “Freedom House” və “Human Rights Watch” təşkilatlarının fəaliyyəti təhlil edilib.
1961-ci ildə Londonda QHT kimi yaradılan “Amnesty İnternational”ın əsas məqsədi insan haqlarının müdafiəsidir. Hazırda təşkilatın bütün dünya üzrə 3 milyon üzvü və tərəfdarı var. “Amnesty İnternational” indiyədək 3000 təhqiqat aparıb, 17 mindən çox hesabat hazırlayıb. “Amnesty İnternational” 1977-ci ildə Nobel Sülh, 1978-ci ildə isə BMT-nin insan haqları sahəsində mükafatlarına layiq görülüb.
Siyasəti donorlar diktə edir
“Amnesty İnternational” nə qədər hörmətə layiq olsa da qeyd olunmalıdır ki, onun da fəaliyyətində bəzi çatışmazlıq və qüsurlar var. Onların ən əsası tərəfsizliyin, qərəzsizliyin səviyyəsi problemi ilə bağlıdır.
“Amnesty İnternational” özü “hər hansı hökumətdən, siyasi ideologiyadan, iqtisadi maraqlardan və ya dindən asılı olmadığını, heç bir hökumətə və ya siyasi sistemə qarşı çıxmadığını və onları dəstəkləmədiyini” bəyan edir. Təşkilat onu da bildirir ki, yalnız üzvlük haqları və öz üzvlərinin könüllü ianələri hesabına maliyyələşir.
Amma AİHMM-nin ekspertləri bunun əslində belə olmadığını sübut edə biliblər. Belə ki, “Amnesty İnternational” təkcə 2008-ci ildə Britaniya Beynəlxalq İnkişaf Departamentindən (BBİD) ümumi məbləği 3 milyon 149 min funt-sterlinq olan 4 illik qrant alıb. “Amnesty İnternational” 2010-cu ildə BBİD-dən daha 842 min funt-sterlinq alıb. Bu təşkilat və onun filialları Avropa Komissiyasından, Niderland, ABŞ, Norveç və digər ölkələrin hökumətlərindən də müxtəlif məbləğlərdə pul alıb.
İndi sual yaranır: özü barədə neytral qurum görüntüsü yaratmağa çalışan “Amnesty İnternational” bu halda öz hesabatlarında tərəfsizliyini, qərəzsizliyini qoruyub saxlaya bilərmi? Axı nağd şəkildə aldığı pullar bu təşkilatı öz donorlarının göstərişlərini yerinə yetirməyə məcbur edir.
Təsadüfi deyil ki, “Amnesty İnternational” öz hesabatlarında əsasən inkişaf etməkdə olan ölkələri tənqid edir. İnkişaf etmiş Qərb ölkələrindəki problemlərə isə üzdən toxunur, onların bir növ üstündən keçir. Bu da onun müxtəlif inkişaf səviyyələrinə malik ölkələrə münasibətdə tərəfkeşlik etdiyini sübuta yetirir. Digər tərəfdən, bu cür yanaşma inkişaf etmiş ölkələri məsuliyyətdən yayındırır və faktların ictimaiyyətdən gizlədilməsinə gətirib çıxarır.
AİHMM ekspertlərinin qənaətincə, “Amnesty İnternational”ın hesabatlarının ümumiyyətlə heç bir aydın metodologiyası yoxdur. “Amnesty İnternational” illik hesabatlarını hazırlayarkən yararlandığı metodologiyanı açıqlamır, dəqiq göstəriciləri xatırlatmır.
Mövzu seçimində də problemlər var. “Amnesty İnternational” öz fəaliyyətində ölüm hökmünün ləğvi, iqtisadi, sosial, mədəni hüquqların, uşaq hüquqlarının qorunması və s. kimi problemlərə ciddi diqqət yetirsə də məsələn, dindarların hüquqları məsələsinə ayrıca baxır. Onu “diskriminasiya” bölümünə aid edir və qaraçıların problemi ilə eyni tutur. Halbuki dindarların hüquqlarının pozulması halları bütün Avropa üzrə artır. Bu kateqoriyadan olan adamların sayının 100 milyondan çox olması (Türkiyə də nəzərə alınmaqla) faktı belə nüfuzlu təşkilat tərəfindən qulaqrdına vurula bilməz.
Qeyri-şəffaf şəffaflıq
“Amnesty İnternational”ın hesabatlarında verilən informasiyalar əhatəli və dolğun olmur. Bəzən də bilinmir ki, təşkilat kimisə tənqid edir, yoxsa dəstəkləyir. “Amnesty İnternational” əsasən adsız hesabat və QHT-lərə istinad edir ki, bu da kimisə pis vəziyyətdə qoymamaq (“satmamaq”) istəyi ilə izah edilir. Amma bu faktor həmin məlumatların səhihliyini şübhə altına salır.
“Amnesty İnternational” bu və ya digər ölkədəki tədqiqatlarda iştirak edən ekspertlərin siyahısı barədə də informasiya vermir. Ona görə də aydın olmur ki, tədqiqatda yerli ekspertlər iştirak edib, yoxsa beynəlxalq ekspertlər. Halbuki “Amnesty İnternational” ictimai hesabatlılıq, konfidensiallıq və şəffaflıq sahəsində ən yüksək standartlara əməl etməyə çalışdığını iddia edir.
Təəssüf ki, “Amnesty İnternational” operativlik də göstərməyərək hesabatlarının dərcini xeyli gecikdirir. Məsələn, 2013-cü ilə aid fakt və hadisələri işıqlandırmalı olan 2014-cü ilin hesabatı hələ də dərc olunmayıb. Bu da “Amnesty İnternational”dan ötrü böyük qüsurdur, çünki zaman keçdikcə faktların aktuallığı da itir.
“Amnesty İnternational”ın ən böyük problemlərindən biri də onun Avropada insan haqlarının pozulması hallarına lazımi qədər diqqət yetirməməsidir. Bu da onunla nəticələnir ki, əksər faktlar təşkilatın hesabatlarında öz əksini tapmır.
AİHMM 2013-cü ilin reallıqlarını əhatə edən hesabata əli çatmadığı üçün 2012-ci ilin hesabatını təhlil etməyə məcbur olub. Burada da xeyli boşluq aşkarlanıb.
Polis Avropası
Məsələn, 2012-ci il, noyabrın 27-də polis Brüsseldə “Süd günü” nümayişlərini dağıtmaq üçün bibər qazı tətbiq edib. Minlərlə fermer süd məhsullarının qiymətinin aşağı olmasına etiraz edərək Belçika paytaxtının küçələrini traktorlarla “işğal” etmiş və Avropa İttifaqının binasını süd şırnağı ilə islatmışdı. Polisin aksiyaya sərt müdaxiləsi söz və ifadə azadlığının pozulmasına dair tipik nümunə olsa da bu fakt 2012-ci il üzrə illik hesabata salınmayıb.
2012-ci il, sentyabrın 16-da islamçıların Belçikanın Antverpen şəhərində təşkil etdiyi mitinqin dağıdılması zamanı 230 nəfərin polis tərəfindən həbs olunması faktı da “Amnesty İnternational”ın hesabatına salınmayıb.
Hesabatda İspaniyada insan haqlarının pozulması məsələsinə də toxunulmayıb. Hakim Xalq Partiyasını tənqid edən bir neçə jurnalist 2012-ci ilin avqustunda RTVE dövlət teleradioyayım şirkətində işdən çıxarıldılar. Həmin ilin noyabrında isə Kataloniyanın səhiyyə sistemindəki korrupsiyanı araşdıran bir ispan jurnalı 10 min avro cərimələndi.
Almaniya ilə bağlı da eyni vəziyyətdir. “Sərhədsiz reportyorlar” təşkilatı mühafizəkar türk qəzeti olan “Zaman”ın Almaniya və Fransadakı ofislərinə 2012-ci ilin fevralında separatçı kürd yaraqlıları tərəfindən eyni vaxtda təşkil edilən hücumları pislədi.
2013-cü il, mayın 16-19-da Frankfurtda “Blockupy Frankfurt” hərəkatının kütləvi nümayişlərinə tam şəkildə qadağa qoyuldu. Bu işgüzar şəhərin mərkəzində hərəkət məhdudlaşdırıldı, metronun bir neçə stansiyası bağlandı. Polis nümayişçiləri qovmaq üçün dəyənəklərə əl atdı. 4 gün ərzində 1400 nümayişçi polis tərəfindən saxlanıldı. Amma bunların heç biri, o cümlədən 2 milyona yaxın polyakın Almaniyada etnik azlıq statusu ala bilməməsi faktı “Amnesty İnternational”ın Almaniya üzrə hesabatında əks olunmadı. Halbuki bu halda polyak uşaqlar alman məktəblərində ana dilində təhsil almaq hüququndan məhrum olurlar ki, bu da insan haqlarının kobud şəkildə pozulmasıdır.
“Amnesty İnternational”ın heç bir halda xatırlatmadığı kobud qanun pozuntusu faktlarından biri də Almaniyada insan haqlarının pozulmasının sübutu olan aşağıdakı hallardır: siyasi cəhətdən “arzuolunmaz” adamların zorla psixiatriya xəstəxanalarına yerləşdirilməsi, qocalar evindəki ağır şəraitə etiraz edən təqaüdçülərin psixiatriya klinikalarına yerləşdirilməsi və s. Bunları necə görməmək olar?
“Amnesty İnternational”ın açmadığı digər faktlar
2012-ci il, noyabrın 30-da İtaliyanın Livorno şəhərində yerli polis səhiyyə sistemindən kütləvi ixtisarlara etiraz edən insanların kiçik bir qrupunun aksiyasını dağıtmaq üçün dəyənəklərini işə saldı. Növbəti gün isə polis 30 noyabr hadisələrinə etiraz edən yüzlərlə insanın dinc aksiyasını amansızlıqla dağıtdı. Bir neçə mitinqçi və təsadüfən yoldan keçən adam xəsarət aldı.
2012-ci il, fevralın 22-də mətbuat azadlığının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar Portuqaliyanın əsas ictimai radiosu olan “Antena 1”in fəaliyyətinə siyasi müdaxilədən narahatlığını ifadə etdi. Radionun şərhçisi Pedro Rosa Mendes efirdə hökuməti tənqid etdiyi üçün “Antena 1”in “Este tempo” (“Bu vaxt”) adlı səhər informasiya proqramı qəfildən təxirə salınmış və bu verilişin 5 şərhçisi ilə müqavilə pozulmuşdu.
2012-ci lin mayında İsveçdə üç jurnalist qeyri-leqal odlu silah satışını araşdırmışdı. Həmin jurnalistlərdən biri şəhərin cinayətkar aləminin nümayəndəsindən tapança almışdı ki, İsveçdə qanunsuz silah əldə etməyin nə qədər asan olduğunu sübuta yetirsin.
İslam peyğəmbərini təhqir edən mübahisəli “Müsəlmanların günahsızlığı” filminə etirazlar fonunda Fransa polisi və jandarmeriyası 2012-ci il, senytabrın 15-də kütləvi axtarışlar aparmışdı. Nəticədə çoxu hicablı qadınlar olan 150 nəfər saxlanmışdı.
Fransanın “Charlie Hebdo” satirik jurnalı 2012-ci il, sentyabrın 19-da Məhəmməd peyğəmbərin karikaturasını dərc edərək jurnalın bütün nüsxələrini satmışdı. Lakin naşirlər təxribatçılıq məqsədilə həmin nömrənin daha 70 min nüsxəsini çap edərək müsəlmanların ibadət etdiyi cümə günü yaymağa çalışmışdılar.
2012-ci il, noyabrın 17-də 1000-dən çox adam Fransa hakimiyyətinin eynicinsli nikahı leqallaşdırmaq istəyinə etiraz olaraq kütləvi nümayiş keçirdi. Belə aksiyalar Fransanın 70-dən çox şəhərində keçirildi. Polis Tuluza və Lionda keçirilən aksiyalar zamanı cinsi azlıqları qovmaq üçün gözyaşardıcı qaz tətbiq etdi.
2012-ci il, sentyabrın 21-də Hollandiyanın Xaren şəhərində xüsusi təyinatlı polis dəstələri gənclərin mitinqinə kobud müdaxilə və onlara qarşı amansızlıq etdi. Nəticədə 34 nəfər həbs edildi, azı 30 nəfər isə xəsarətlə (sınıq və kəsilmiş-deşilmiş yaralar) xəstəxanaya düşdü...
Bunlar Avropada insan hüquq və azadlıqlarının pozulması sahəsində yaşanan hadisələrin yalnız bir hissəsidir. Nəzərə alaq ki, bunlar yalnız 2012-2013-cü illərə aid faktlardır. 2013-2014-cü illərdə baş vermiş belə hüquq pozuntusu hallarının neçəsi “Amnesty İnternational”ın yeni hesabatında açılmamış qalır. Təşkilatın onları nə vaxt açıb göstərəcəyi də bilinmir.
Səhv bağışlanmır!
Belə nüfuzlu təşkilatın səhvləri və yarımçıq hesabatları xüsusilə təhlükəlidir. Çünki “Amnesty İnternational”ın hesabatlarına bütün dünyada tez-tez istinad olunur. BMT, ABŞ Dövlət Departamenti, həmçinin ATƏT və Avropa Şurası sayaq dövlətlərarası təsisatlar, eləcə də KİV “Amnesty İnternational”ın hesabat və məlumatlarına müntəzəm olaraq müraciət və istinad edirlər.
Beləliklə, “Amnesty İnternational” istənilən dövlətin imicinin formalaşmasında ən vacib rollardan birini oynayır. Deməli, yarımçıq hesabatlar həmin dövlətin nüfuzunu əhəmiyyətli dərəcədə zədələyə bilər. Ona görə də belə bir təşkilatın hesabat və tədqiqatları müfəssəl, səhih, dürüst, qərəzsiz və tərəfsiz metodologiyaya əsaslanmalı, beynəlxalq standartlara uyğun və əlçatan olmalıdır. Lakin təəssüf ki, heç də həmişə belə olmur!
Bunu da xüsusi qeyd etmək lazım gəlir ki, AİHMM-in bu və əvvəlki hesabatlarında məqsəd günahı kiminsə üstünə yıxmaq və ya onunla rəqabət aparmaq deyil. Məqsəd beynəlxalq hüquq müdafiə təşkilatlarının fəaliyyətindəki bu boşluqları aradan qaldırmaq üçün faktları, dəlil-sübutları ortaya qoymaqdan ibarətdir. Çünki bu təşkilatlar və onların hesabatları bu və ya digər dövlətin imicini formalaşdırmaq üçün ciddi vasitələrdən biri sayılır. Onlara beynəlxalq təşkilatlar tərəfindən tez-tez istinad olunur deyə üzərlərinə də böyük məsuliyyət düşür.
Lakin özlərini insan haqlarının müdafiəsi sahəsində bir növ “bani” sayan bu aparıcı hüquq müdafiə təşkilatlarının tutduqları mövqe onları heç bir tənqidi qəbul etməyən inhisarçılara oxşadır. Ən təhlükəlisi də budur. Belə ki, özünü təkmilləşdirmə məqsədilə sağlam tənqidləri qəbul etməyəndə özünü durğunluq bataqlığına sala bilərsən. Oradan çıxmaq isə çox çətin olar.
Özünü əsl və son instansiya hesab edən bir təşkilat heç vaxt doğrudan da müstəqil və tərəfsiz ola bilməz. Ən pisi də odur ki, belə hallar bu gün heç də yaxşı vəziyyətdə olmayan sahədə - insan haqlarının müdafiəsi sahəsində baş verir.
Bizə yalnız ona ümid etmək qalır ki, AİHMM-in dərc etdiyi bu hesabatlar hər halda lazımi ünvana çatacaq və tənqid hədəfinə özünə kənardan baxmaq, özünütəkmilləşdirmə yolu ilə irəliləmək imkanları yaradacaq.









