Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Bakıda keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İçməli su hövzələrində iqlim dəyişikliklərinin yaratdığı problemlər: Xəzər dənizi nümunəsi” mövzusunda paneldə çıxışı zamanı deyib.
O bildirib ki, dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi, iqlim dəyişkənliyinin artdığı və su ehtiyatlarının azaldığı bir dövrdə Azərbaycanda Xəzərin və ümumilikdə hidrometeoroloji proseslərin elmi tədqiqi xüsusi əhəmiyyət daşıyır.
“Bu məqsədlə 50 ildən çox fəaliyyət göstərmiş və 2019-cu ildən fəaliyyətini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunmasını təklif edirəm. Hesab edirəm ki, belə bir elmi-tədqiqat qurumunun bərpası ölkəmizin ekoloji, su və iqlim təhlükəsizliyi baxımından mühüm addım olardı”, - komitə sədri qeyd edib.
Onun sözlərinə görə, iqlim dəyişmələri dünyanın müxtəlif su hövzələrində ciddi dəyişikliklər yaradır. Temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, çay axınlarının zəifləməsi və buxarlanmanın artması su ehtiyatlarının vəziyyətinə birbaşa təsir göstərir.
S.Qurbanov vurğulayıb ki, Xəzər dənizinin su səviyyəsinin aşağı düşməsi xüsusi narahatlıq doğurur. Suyun geri çəkilməsi sahil xəttinin dəyişməsinə, limanların və nəqliyyat infrastrukturunun fəaliyyətinə, sahilyanı ekosistemlərə və balıqçılıq təsərrüfatına təsir göstərir.
Komitə sədri qeyd edib ki, Azərbaycanda da iqlim dəyişmələrinin təsirlərini göstərən mühüm göstəricilər mövcuddur:
“2007–2025-ci illərdə Azərbaycanda orta çoxillik temperatur çoxillik normaya nisbətən 1,3 dərəcə artıb. Yalnız 2025-ci ildə artım 1,8 dərəcə təşkil edib. Son altı ildə ən yüksək temperatur 2021-ci ildə 44,2 dərəcə, 2025-ci ildə isə 42,9 dərəcə olub”.
S.Qurbanov bildirib ki, Xəzərin su səviyyəsinin gələcək dəyişməsi ilə bağlı elmi proqnozlar da xüsusi diqqət tələb edir. Onun sözlərinə görə, su səviyyəsinin azalması davam edərək dəniz səviyyəsindən mənfi 30 metrə çatarsa, Azərbaycan akvatoriyasında dənizin sahildən uzaqlaşması Nabran–Şabran zonasında 4-5 kilometr, Sanqaçal-Ələt zonasında 10-12 kilometr, Lənkəran-Astara zonasında isə 2-3 kilometr təşkil edə bilər.
“Bu rəqəmlər sadəcə coğrafi göstəricilər kimi qəbul edilməməlidir. Onların arxasında limanların gələcəyi, nəqliyyat marşrutları, sahilyanı yaşayış məntəqələri, ekosistemlər və iqtisadi fəaliyyət dayanır”, - deputat əlavə edib.
S.Qurbanov söyləyib ki, Xəzərdə su səviyyəsinin, temperaturun, duzluluğun, kimyəvi tərkibin, biomüxtəlifliyin və sahil xəttinin dəyişməsinin davamlı monitorinqi gələcək qərarların əsasını təşkil etməlidir.
Deputat süni intellektin də ekoloji idarəetmənin yeni aləti kimi nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
“Bəzi intellekt bizə yalnız mövcud vəziyyəti görmək yox, onun mümkün inkişaf istiqamətlərini əvvəlcədən hesablamaq imkanı verə bilər. Bu isə dövlət siyasətində qabaqlayıcı qərarların qəbulunu gücləndirər”, - o bildirib.

























