Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Emin Vəlizadənin (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nicat Ağabəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2024-cü ilin iyun ayında, saat 18:30 radələrində Biləsuvar şəhəri, Təyyarə meydanı, Z.Hacıyev küçəsində baş verib.
Belə ki, təqsirləndirilən şəxsin bacısı xalası oğlu, zərərçəkmiş Elçin Qafurovla (soyadı şərtidir) qeyri-rəsmi nikah münasibətində olub. Hadisədən əvvəl zərərçəkmiş bacısından ayrılıb, başqa qadınla ailə qurmağa hazırlaşıb.
Bunu isə Emin ailələrinin şərəf və ləyaqətini alçaldan, onları cəmiyyət qarşısında nüfuzdan salan hərəkət kimi qiymətləndirib. Bu səbəbdən o, Elçindən qisas almaq qərarına gəlib və onu öldürmək niyyəti formalaşdırıb.
Cinayət materiallarında göstərilir ki, hadisə günü zərərçəkmiş şəxs idarə etdiyi "Mercedes" markalı avtomobildə olarkən təqsirləndirilən şəxs onu görüb və əvvəlcədən formalaşdırdığı niyyətini həyata keçirmək üçün evindən özünə məxsus ov tüfəngini götürərək hadisə yerinə gəlib. Həmin vaxt avtomobilin sağ ön qapısı yanında bir nəfər, arxa hissəsində isə digər şəxs dayanırmış. Buna baxmayaraq, Emin ətrafdakı insanların həyatını da təhlükə altına qoyaraq ov tüfəngini avtomobilə tərəf tuşlayıb və iki dəfə atəş açıb.
Atəş nəticəsində Elçin sağ əlindən odlu silah yarası alıb. Ona sağ əlin odlu silah-güllə yaralanması və beşinci daraq sümüyünün açıq sınığı diaqnozu qoyulub. Ekspertiza həmin xəsarətləri sağlamlığa az ağır zərər vuran xəsarət kimi qiymətləndirib.
İstintaqın qənaətinə görə, zərərçəkmiş hadisə zamanı avtomobili sürətlə hərəkət etdirərək ərazidən uzaqlaşdığı üçün təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərdən cinayət niyyətini sona çatdıra bilməyib. Bu səbəbdən onun əməli qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilib.
Məhkəmə iclasında Emin Vəlizadə özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Vəlizadə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.






