Sankt-Peterburqun məşhur və qalmaqallı iş adamı, sifarişli qətl təşkil etməkdə ittiham olunan İlya Traber Lefortovo təcridxanasından azadlığa buraxılıb. Qərarı müstəntiq qəbul edib.
“AzPolitika” Rusiya mediasına istinadla verdiyi məlumata görə, 75 yaşlı biznesmen avqustun 27-si axşam saatlarında Moskvadan Sankt-Peterburqa yola düşüb.
İstintaq orqanı bu addımı Traberin səhhətinin kəskin pisləşməsi ilə əlaqələndirib. Bununla belə, rəsmi qurumlar azad olunma haqqında hələ ki bəyanat verməyib və onun üzərindəki cinayət ittihamları götürülməyib.
İlya Traber bu ilin iyun ayının 17-də həbs olunmuşdu. O, 2020-ci ildə Vıborq biznesmeni və bələdiyyə deputatı Aleksandr Petrovun sifarişli qətlini təşkil etməkdə təqsirləndirilir. İş üzrə daha iki nəfər həbs edilib. İyul ayında məhkəmə Traberin həbs qətimkan tədbirini qüvvədə saxlamışdı.
İlya Traber 1980-ci illərin sonundan Sankt-Peterburq biznesində ən nüfuzlu və qaranlıq fiqurlardan biri sayılır. Mətbuatda uzun illər onun kriminal aləmdə "Antikvar" ləqəbi ilə tanındığı yazılsa da, Traber bu məlumatları məhkəmə yolu ilə təkzib etdirə bilmişdi.
Rusiya mediası onun 1990-cı illərdən Vladimir Putinlə sıx kontaktda olduğunu, hətta Rusiya Prezidentinin ad günü tədbirlərinə dəvət olunan məhdud şəxslər arasında yer aldığını bildirir. Traber İspaniyada rusiyalıların saxta şirkətlər vasitəsilə çirkli pulların yuyulması ilə bağlı araşdırılan iri miqyaslı cinayət işində şübhəli şəxs kimi keçirdi. Lakin 2018-ci ildə məhkəmə sübut yetərsizliyindən bütün təqsirləndirilənlərə bəraət vermişdi. Hal-hazırda istintaq prosesi davam edir və Traberin səhhətinə görə ev dustaqlığına və ya başqa qətimkan tədbirinə keçiriləcəyi dəqiqləşdirilir.











