"2 nömrəli avtobusla bağlıdır şikayətimz..." "DİA-AZ" xəbər verir ki, bu ifadələr başı son günlər daha çox pul qazanmağa qarışan AYNA rəhbərliyinə ünvanlanmış müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, xahiş edirəm 2 nömrəli avtobusun vəziyyətinə bir az diqqət yetirin. Bildirilmişdir ki, bu avtobusların sayı artırılacaq və intervallar azaldılacaq. Amma biz sərnişin kimi bunu heç hiss etmirik, xüsusən də axşam saatlarında. Əksinə, hər gün eyni problem yaşanır: uzun müddət gözləyirik, gələn avtobusa sıxlıq səbəbindən minmək olmur və nəticədə evə getmək üçün saatlarla avtobus gözləməli oluruq. "Caspian Plaza"nın arxasında, "Peraşki Meraşki məkanı ilə üzbəüz yerləşən dayanacaqda hər gün uzun müddət avtobus gözləyirik. Avtobuslar çox gec gəlir və gələn avtobus da həddindən artıq dolu olur. Nəticədə sərnişinlər 3-4 avtobus buraxmaq məcburiyyətində qalırlar, çünki avtobusa minmək qeyri mümkündür. Xahiş edirəm, №2 marşrutunun intervalı, avtobusların sayı və pik saatlarda sərnişin sıxlığı araşdırılsın.
Digər tərəfdən, M nömrəli avtobuslar hemin bu dayanacağa gəlib, saxlamadan boş və ya yarıboş şəkildə keçib gedirlər. Bu vəziyyət hər gün eyni şəkildə təkrarlanır və insanlar artıq ciddi şəkildə narazıdırlar. Sərnişinlər işə, evə gecikir, dayanacaqda uzun müddət gözləmək məcburiyyətində qalır, əsəb və stress yaşayırlar. M nömrəli avtobusların bu dayanacaqda niyə sərnişin götürmədən keçib getməsi ilə bağlı nəzarət tədbirləri görülsün. Təsəvvür edin, dayanacaqda xeyli insan gözləyir və ard-arda 8-9 eded boş M nömrəli avtobus gəlib sərnişin götürmədən, heç saxlamadan keçib gedir. İnsanlar artıq əsəbdən nə edəcəyini bilmir. Onsuz da 2-ni bu qədər vaxt gözləyirik, o da gec gəlir, gələndə isə dolu olur. M avtobuslarının da saysız olaraq keçdiyi halda onların niyə sərnişin götürmədiyi də anlaşılmır.
Xahiş edirəm bu məsələyə formal şəkildə yox, real olaraq baxılsın. İnsanlar hər gün bu əsəbi və stresli vəziyyəti yaşamaq məcburiyyətində qalmamalıdır!.."

















