Xəbər verdiyimiz kimi, Bakı Slavyan Universitetində (BSU) 2026-2027-ci tədris ilindən etibarən erməni dili tədris ediləcək.
Bəs, bu ixtisasın artırılmasına və digər universitetlərdə də tətbiq edilməsinə ehtiyac var?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda müəyyən məktəblərdə və universitetlərdə erməni dilinin öyrənilməsi və tədrisi məqsədəuyğundur və buna ehtiyac var. Amma bu, kütləvi şəkildə həyata keçirilməməlidir:
"Yəni Azərbaycanda beş-altı universitetdə erməni dilinin tədrisinə və öyrənilməsinə ehtiyac yoxdur. Bəzi yerlərdə, müəyyən universitetlərdə bu dil tədris oluna bilər. Hesab edirəm ki, daha çox müxtəlif dillərin tədris edildiyi universitetlərdə erməni dilinin öyrənilməsinə ehtiyac var. Düzdür, biz Ermənistanla bağlı sülhə doğru addım atsaq da, qarşıda hələ çox işlərimiz var, qarşıda hələ çox addımlar atılmalıdır. Bizə gələcəkdə erməni dilini bilən diplomatlar, mütəxəssislər lazım olacaq. O mənada, bu sahədə olan mütəxəssislərin yetişdirilməsi məqsədəuyğundur və belə bir addımın atılmasına da ehtiyac var. Amma qeyd etdiyim kimi, bu proses kütləvi şəkildə yox, ölçülüb-biçilmiş formada həyata keçirilə bilər. Dediyim kimi, bunun kütləvi olmaması şərtilə belə bir addımın atılması məqsədəuyğundur".


















